MÜŞFİQ BORÇALI,
“ZİYA” qəzetinin və
“Ziya.İnfo.Az” saytının
Baş redaktoru,
AYB-nin və AJB-nin üzvü,
filologiya üzrə fəlsəfə doktoru,
“Qızıl Qələm” mükafatı laureatı
Salam, əziz və dəyərli dostlar!
Nəzərinizə çatdırırıq ki,
“Ziya.İnfo.Az” saytı –
“ZİYA” İnformasiya Mərkəzi
– “ZİYA” qəzetinin redaksiyası nəzdində fəaliyyət göstərir.
“Ziya” qəzeti – 1950-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin (AzTU)) orqanı kimi “Politexnik” adı ilə nəşrə başlamışdır. Qəzetə uzun müddət Rizvan Qafanlı redaktorluq etmişdir.
24.09.1991-ci ildə instituta universitet statusu verilmiş və Azərbaycan Texniki Universiteti (AzTU) adlandırılmışdır.
Elə həmin vaxt qəzetin adı da dəyişdirilmiş və “Ziya” adlandırılmışdır.
(Qəzetin hazırki baş redaktoru – bu sətirlərin müəllifi – Müşfiq Borçalı (Müşfiq Mədəd oğlu Çobanov) da elə həmin vaxtdan “Ziya” qəzetinin redaksiyasında əmək fəaliyyətinə başlamışdır. Əvvəlcə müxbir, sonra məsul katib vəzifələrində çalışmışdır. Daha sonra isə AzTU-nun Mətbuat şöbəsinin müdiri və “Ziya” qəzetinin Baş redaktoru təyin olunmuşdur.)
30 ildən çoxdur ki, “Ziya” qəzeti elə bu adla da Azərbaycan Texniki Universitetin elmi və ictimai həyatını, tədris-təlim-tərbiyə işinin müxtəlif sahələrini işıqlandırmaq, tədrisin keyfiyyətini, gənclər arasında tərbiyə işinin səviyyəsini yüksəltmək, onlarda dövlətçilik, vətənpərvərlik, dostluq, yoldaşlıq hisslərini aşılamaq, mühüm elmi problemləri şərh etmək və istiqamətləndirmək, nəzərə çarpan qüsurların aradan qaldırılmasında universitet rəhbərliyinə yaxından kömək göstərmək, universitetin rəngarəng həyatını, təlim-tərbiyə sahəsindəki uğurlarını, kafedralarda və laboratoriyalarda aparılan elmi-tədqiqat işlərini, istehsalat müəüssiəsəri ilə elmi və təcrübi əlaqələri, mədəni-kütləvi tədbirləri, tələbə məişətini dolğun işıqlandırmaq və s. məsələləri öz qarşısında duran ən mühüm vəzifələr hesab edir.
“Alimlərimiz”, “Alimlərimizin uğurları”, “Təcrübəli pedaqoqlarımız”, “Məzunlarımız”, “Nümunəvi tələbələrimiz”, “Tələbələrimizin nailiyyətləri”, “Tələbə sözü” və s. müxtəlif rubrikalar və janrlarda professor-müəllim və tələbələrin gündəlik həyatı işıqlandırılır, universitetimizin nümunəvi, əlaçı, startapçı, idmançı, bir sözlə, universitet həyatında fərqlənən tələbələr (o cümlədən, Universitet və ayrı-ayrı şirkətlər tərəfindən təsis olunmuş adlı təqaüdə layiq görülən tələbələr) və yeni innovasiyalar haqqında məqalər dərc olunur.
Alimlərimiz, eləcə də, tələbələrimizin özləri də müntəzəm olaraq qəzetin səhifələrində çıxış edirlər. Onların arzu, təklif və tənqidi qeydləri də qəzetdə öz əksini tapır.
Qəzetin bir sıra rubrikalarında universitet rektorluğunun fəaliyyəti, tədris prosesi, dərslik və dərs vəsaitlərinin vəziyyəti, laboratoriyaların, komputer mərkəzinin, elmi kitabxananın, universitet nəşriyyatının, yataqxanaların şəraiti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzündən AzTU-nun tələbə yataqxanasında məskunlaşan məcburi köçkünlərin problemləri ilə bağlı məsələlərdən məlumat verilir.
Təcrübəli müəllimlərin iş üsulu, gənc alimlərin elmi fəaliyyəti, fakültə və kafedralarda görülən elmi-tədqiqat işləri, Təhsilin Avropa standartlarına uğunlaşdırılması, Boloniya prosesinə qoşulma ilə bağlı yazılar vaxtaşırı olaraq qəzetin səhifələrində dərc olunur.
AzTU-nun xarici ölkələrdəki texniki ali məktəblərlə əlaqələri, müəllim və tələbə mübadilələri, AzTU-da qonaq olan alimlərin universitet kollektivi ilə görüşü, rektorun iştirak etdyi tədbirlər haqqında qısaca da olsa imkan daxilində oxuculara məlumat verilir.
Bir sözlə, qəzetdə günün aktual məsələləri, universitetdə gedən yenidənqurma, təmir-tikinti və abadlıq işləri barədə maraqlı məqalələr, şərhlər, reportajlar, xəbərlər çap olunur.
Eləcə də, müəllimlərin və tələbələrin, həmçinin AzTU-nun yaradıcı məzunlarının bədii yaradıcılıq nümunələri, şeir və hekayələri dərc edilir. Həmin əsərlərin ayrıca kitab-məcmuə kimi nəşrini də nəzərdə tutmuşuq. Bu yaxınlarda kitabın I cildini nəşr edəcəyik. Onu da qeyd edək ki, məhz bizim tərtibatımızla bu səpkili bir neçə kitab-məcmuə (“Zəfər”, “Xarıbülbül”, “Qarbağ Azərbaycandır!” və s.) artıq çap olunuraq oxucuların ixtiyarına verilmişdir.
Eləcə də, hazırda AzTU-nun və “Ziya” qəzetinin 75 illik Yubileyi ilə bağlı ayrıca bir kitabın üzərində işləyirik.
Qəzetimizi AzTU ilə yanaşı, respublikamızın müxtəlif bölgələrində abituriyentlər arasında da yayımını təşkil edirik və bununla da abituriyentlərə universitetimiz haqqında ətraflı məlumat vermiş oluruq. Qəzetimizdə dərc olunan yazılar, eyni zamanda, ZiM.Az, Zirve.İnfo və s. internet saytlarında, eləcə də Facebook-da – “Ziya” qəzeti” adlı ayrıca səhifəmizdə müntəzəm olaraq yayılır.
“ZİYA.İNFO.AZ” saytını da qəzetimizin onlayn variantı olaraq siz oxucularımızın ixtiyarına verirməkdən böyük məmnunluq duyuruq!
Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI,
“ZİYA” qəzetinin və
“Ziya.İnfo.Az” saytının
Baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru
.