Sentyabr 7, 2026

SÜRƏYYA YUNİSQIZI (İSMAYILOVA): “ANA DİLİM”

Hər sözün mənası, sonsuz hikməti,
Baldan şirin həzin ana laylası.
Ruhuna hopdurar şux təravəti,
Bu dildə oxunan beşik havası.
Möcüzələr qüdrəti, ana dilim.

Bu dildə öyrədib müəllim hər kəsi,
«Ana», «Vətən» sözlərini yazmağı.
Dil açanda ilk söz «Ana» kəlməsi,
Bu dildə öyrənmişəm oxumağı.
Əbədi fəxarətim, ana dilim.

Bu dildə oxuyub Xan Şikəstəni,
Yazıb Natəvan öz şeirlərini,
Füzuli, Nizami qəzəllərini,
Üzeyir bəstəsidir «Cəngi», «Misri».
Sehiri, əfsanəsi, ana dilim.

Vurğunun bir dünya Vətən sevgisi,
Arzular cələngi Məmməd Arazın.
Şeir dünyasında hicran nəğməsi
Vətən, yurd həsrətidi Şəhriyarın.
Əzəməti, qüdrəti, ana dilim.

Xarıbülbülün ətri Cıdır düzündə,
Yerin, göyün min rəngi ləçəyində.
Hünər timsalı Şuşa zəfərində,
Min büsat qurulan Vətən elində.
Sevinc, fərəh sədası, ana dilim.

Bu günlərin sabaha ümidləri,
İgidlərin rəşadət, hünər əzmi.
İllərə söykənən tarix izləri,
Üçrəngli bayrağı qələbə rəmzi.
Qərinələr yaşamış, ana dilim.

Sərkərdələr yetişdirən torpağı,
Şairlər yurdu dahilər Vətəni.
Musiqi beşiyi, muğam ocağı,
Dədəm Qorqud gəzən Zərdüşt məskəni.
Sevinc, qəm təranəsi, ana dilim.

Həyatın nəbzidir şeir, nəğmələr,
İlhamdan mayalanar hər kəlməsi.
Tüğyan edən saf duyğular, pak hisslər,
Hikmətli kəlamları söz çeşməsi.
Hər düyünün açarı, ana dilim.

Anaların zərif, şirin laylası
Dahi şairlərin söz xəzinəsi.
Sazın haray səsi, tarın naləsi,
Hər sevgi nəğməsi, sevinc çeşməsi.
Sehiri, möcüzəsi, ana dilim.

Hər alın yazısı tale oyunu
Bir-bir günü sayılan ömrümüzdür.
Ağıl da göstərir həyat yolunu,
Hər dərdin çarəsi zaman özüdür.
Tükənməz xəzinəsi, ana dilim.

ZiM.Az

.

Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
.