AzTU-nun yeni prorektoru Nərmin Rzayeva kollektivə təqdim olunub

4 min read

TƏBRİK EDİRİK!..

Elm və təhsil naziri
Emin Əmrullayevin
əmrinə əsasən,
Nərmin Rzayeva
Azərbaycan Texniki Universitetinin (AzTU)
sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə
təyin olunub.

AzTU-nun rektoru Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib.
Bildirib ki, Nərmin Rzayeva müxtəlif ali məktəblərdə bir sıra vəzifələrdə çalışıb.
Onun həm tədris, həm də ictimaiyyətlə əlaqələr sahəsində kifayət qədər təcrübəsi var.
Bundan əlavə, Nərmin Rzayeva Niderlandın Leiden Universitetində elmmetriya ixtisası üzrə təhsil alıb.
O həmçinin texnika üzrə fəlsəfə doktorudur.
Bu baxımdan Nərmin Rzayevanın AzTU-da sözügedən vəzifəyə təyin olunması təqdirəlayiqdir.

Öz növbəsində Nərmin Rzayeva ona göstərilən etimada görə təşəkkürünü bildirib.
Qeyd edib ki, son illər yüksək templə irəliləyən AzTU-da ona göstərilən etimadı doğruldacaq və universitetin inkişafı istiqamətində səylərini əsirgəməyəcək.

***

Nərmin Eldar qızı Rzayeva – 1990-cı il iyunun 24-də Bakıda anadan olub.
1997-2008-ci illərdə Bakıda Texniki-Humanitar Liseydə təhsil alıb.

2008-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tətbiqi riyaziyyat ixtisasına qəbul olunub.
2012-ci ildə həmin fakültəni fərqlənmə ilə bitirib.

2012-2014-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində magistratura səviyyəsində Mexanika və informasiya texnologiyaları fakültəsinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını fərqlənmə ilə bitirib.

Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda laborant kimi başlayıb.
Daha sonra həmin institutda baş laborant, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb.

2013-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları və sistemləri kafedrasında böyük laborant, müəllim və baş müəllim vəzifələrində çalışıb. 2018-ci ildə kompüter elmləri ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2019-cu ildə dosent elmi adını alıb və həmin ildən İnformasiya texnologiyaları və sistemləri kafedrasının dosenti vəzifəsində çalışır.

2017-2022-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi-tədqiqat, daha sonra isə Strateji planlaşdırma şöbələrinin müdiri vəzifəsində çalışıb.

2019-2021-ci illərdə “PPA Architects” adlı Avstriya şirkətinin regional meneceri vəzifəsində çalışıb, bir sıra böyük miqyaslı layihələrin layihə meneceri olub.

2020-ci ildən Niderlandın Leiden Universitetinin nəzdində Elm və Texnologiya Araşdırmaları Mərkəzində (CWTS) “Elmin ölçülməsi” (Scientometrics) ixtisası üzrə ikinci PhD dissertasiyası üzərində çalışır. Elmi işinin çərçivəsində elmi kommunikasiya sistemində trendlər, elmi nəşrin yeni formaları və bu sahədə dünya təcrübələrinin ölkəmizə uyğunlaşdırılması istiqamətində araşdırmalar aparır.

70-dən çox elmi əsərin, o cümlədən 20-ə yaxın yüksək impakt faktorlu jurnalda məqalənin, Almaniyada dərc olunmuş iki monoqrafiyanın və dörd Avrasiya patentinin müəllifidir.

Elmi məqalələri Niderland, Almaniya, Birləşmiş Krallıq, Yunanıstan, Polşa, Türkiyə, Ukrayna və digər ölkələrin müvafiq sahə üzrə aparıcı jurnallarında nəşr olunub.

“Elmi fəaliyyətdə fərqləndiyinə görə” Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanına layiq görülüb.

Bir sıra nüfuzlu beynəlxalq konfransların təşkilat komitələrinə rəhbərlik edib.

İngilis, rus və türk dillərinə sərbəst danışır. Müxtəlif beynəlxalq layihələrin, konsorsiumların və mübadilə proqramlarının fəal iştirakçısı olaraq Niderland, Avstriya, Almaniya, Birləşmiş Krallıq, Polşa və digər ölkələrə ezam olunub, beynəlxalq təcrübələri öyrənib.

2019-cu ildən YAP-ın üzvüdür.

Təhsil nazirinin əmri ilə 2022-ci ilin dekabr ayında AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

Biz də Nərmin Rzayevanı AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *