Ziyalı məsuliyyəti və elmə sədaqət yolu
4 min read
Elm təsadüfi seçim deyil. Elm ardıcıl zəhmət, mövqeyə sədaqət və mənəvi məsuliyyət tələb edir. Bu keyfiyyətləri öz fəaliyyətində birləşdirən alimlər cəmiyyətdə xüsusi hörmət qazanır. Azərbaycan elmi və ali təhsil məkanında belə alimlərdən biri də filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Adil oğlu Mirzəyevdir.
O, Azərbaycan elminin və ali təhsilinin inkişafında uzunillik, ardıcıl və məhsuldar fəaliyyəti ilə seçilən ziyalı alimlərdəndir. Onun elmi-pedaqoji fəaliyyəti, təşkilatçılıq bacarığı və zəngin yaradıcılığı müasir Azərbaycan dilçiliyində və humanitar təhsildə mühüm yer tutur.
Həbib Mirzəyev 14 dekabr 1961-ci ildə Yardımlı rayonunda dünyaya gəlib. Orta təhsilini Yardımlı şəhər M.F.Axundov adına 1 saylı orta məktəbdə alıb. Humanitar düşüncə, dilə və sözə maraq onun həyat yolunu erkən müəyyənləşdirib, bu maraq sonradan filologiya elminə bağlı və məqsədyönlü bir fəaliyyət xəttinə çevrilib.
1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olan Həbib Mirzəyev ali təhsilini Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə başa vurub. Müəllimlik fəaliyyətinə doğma Yardımlı rayonunda başlayıb. Məktəbdə çalışdığı illərdə o, təkcə fənn tədrisi ilə kifayətlənməyib, gənc nəslin dünyagörüşünün formalaşmasına çalışan ziyalı mövqeyi ilə seçilib.
Hərbi xidmətdən sonra müxtəlif sahələrdə pedaqoji və təşkilati fəaliyyət göstərən Həbib Mirzəyev 1991-ci ildən etibarən həyatını ali məktəb mühitinə bağlayıb. Azərbaycan Texniki Universitetində Azərbaycan dili və pedaqogika kafedrasında başlayan bu yol onu elmi-pedaqoji pillələrin bütün mərhələlərindən keçirib. Laborantlıqdan dosentliyə, kafedra müdirliyinə qədər uzanan bu yol ardıcıl zəhmətin, prinsipial mövqenin və elmi məsuliyyətin nəticəsi kimi formalaşıb.
Onun rəhbərliyi dövründə kafedra yalnız tədris məkanı deyil, eyni zamanda elmi fikir, müzakirə və araşdırma mühiti kimi tanınıb. 2021-ci ildə Humanitar fənlər kafedrasının yaradılması və bu kafedraya rəhbərliyin Həbib Mirzəyevə həvalə olunması ona göstərilən etimadın bariz ifadəsi olub. 2022-ci ildə isə bu etimad müsabiqə yolu ilə bir daha təsdiqlənib.
Alimin elmi fəaliyyəti Azərbaycan dilçiliyinin mühüm istiqamətlərini əhatə edir. “Azərbaycan dilində kargüzarlıq terminləri” mövzusunda apardığı tədqiqatlar terminologiya sahəsində sistemli və elmi əsaslı yanaşma ortaya qoyur. “Hüseyn Arif poeziyasının dil və janr məsələləri” mövzusu üzrə araşdırmaları isə bədii dilin poetik və janr xüsusiyyətlərinin dərin elmi təhlili ilə seçilir.
Həbib Mirzəyev məhsuldar alim kimi tanınır. Onun qələmindən çıxan yüzlərlə elmi və elmi-metodik əsər ali məktəblərdə və elmi mühitdə geniş istifadə olunur. Dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, lüğət və metodik vəsaitlər gənc tədqiqatçılar üçün etibarlı elmi mənbə rolunu oynayır. Məqalələrinin beynəlxalq elmi platformalarda dərc olunması onun elmi fikrinin sərhədləri aşdığını göstərir.
Alim yalnız yazı masası arxasında deyil, elmi ictimai mühitdə də fəaldır. Dissertasiya şuralarında opponent kimi çıxışları, elmi şuralardakı fəaliyyəti, etik dəyərlərin qorunmasına verdiyi töhfələr onun ziyalı mövqeyini daha aydın şəkildə nümayiş etdirir. Universitet mühitində həmkarları arasında qazandığı hörmət də məhz bu prinsipial mövqedən qaynaqlanır.
Həmçinin Həbib bəy 2024-cü ildə keçirilən parlament seçkilərində 16 saylı Yasamal ikinci dairəsindən deputatlığa namizəd olub. Seçicilərlə görüşləri, apardığı təbliğat işi, ictimaiyyət qarşısında çıxışları və ümumilikdə seçki kampaniyası onun təkcə elm adamı deyil, eyni zamanda ictimai-siyasi prosesləri dərindən anlayan, məsuliyyətli və yetkin siyasi mövqeyə malik şəxs olduğunu nümayiş etdirdi.
Həbib Adil oğlu Mirzəyev üçün elm və müəllimlik sadəcə peşə deyil, mənəvi missiyadır. Onun fəaliyyəti Azərbaycan dilinin elmi əsaslarla tədrisinə, humanitar düşüncənin möhkəmlənməsinə və yeni nəsil ziyalıların yetişməsinə xidmət edir. Belə alimlərin fəaliyyəti cəmiyyət üçün səssiz, lakin dayanıqlı dəyər yaradır.
Əsədulla SADIQOV,
Yardımlı
ZiM.Az
.
