Professor XEYRULLA MƏMMƏDOV – 90
13 min read
MAARİF VƏ ELM FƏDAİSİ
Sovetlər dönəmində ədəbiyyat tarixini olduğu kimi tədqiq etmək hədddindən artıq istedad tələb edirdi. Lakin tək istedadla bitmirdi, bundan ötrü güclü vətənpərvərlik və heyrətamiz cəsarət lazım idi. Bir sıra tədqiqatçılar ateizm ideologiyasının tələbləri altında Azərbaycan ədəbiyyatının gerçək tarixini daşdan-daşa vurur, klassik sənətkarlarımızın əsərlərindən dini motivləri tamamilə çıxararaq onları materialist adlandırır, İslam dininə üsyan edən “qəhrəmanlar” kimi qələmə verirdilər. Bəziləri isə istedadsızlıqları ucbatından klassiklərimizin rəmzlərlə naxışlanmış əsərlərini məsxərəyə qoyaraq “epiqonçuluq” adlandırır, həmin əsərlərə sxolostik (çürümüş) ədəbiyyat libası geyindirirdilər. Lakin az da olsa bir sıra ədəbiyyatşünaslarımız müəyyən bədii piryomlarla, sözaltı mətnlərlə də olsa klassik sənətkarlarımızın külliyyatının məhz irfani-dini əsaslarla meydana gəldiyini vurğulayırdılar.
Professor Xeyrulla Məmmədov da belələrindən idi. O, öz tədqiqatlarında heç vaxt Azərbaycan dini-milli-mənəvi dəyərləri unutmur, klassiklərimizin dəsti-xəttini və həyatını olduğu kimi xalqa çatdırmaqdan ötrü ateizm ideologiyasının aparıcılarının anlaya bilməyəcəyi, fəqət əsil ziyalıların rahat başa düşəcəyi şəkildə göz önünə gətirirdi. Məsələn Xeyrulla Məmmədov hələ Sovetlər dönəmində öz zamanında Azərbaycanda “Şairlər sultanı” kimi tanınmış dahi şairimiz Seyid Əzim Şirvaninin Həcc ziyarətində olaraq “müqəddəs Kəbə”ni ziyarət etməsini qələmə almışdı və bundan əlavə də Seyid Əzimin ilahyyat elmlərinə mükəmməl şəkildə yiyələndiyini, elə bu səbəbdən də Şamaxıda əsil İslam ehkamlarına deyil, münafiqlərin uydurduğu saxta hökmlərə uyan ruhanilər tərəfindən təqib olunduğunu, bütün bu təzyiqlərə baxmayaraq Cəlal Ünsizadənin Şamaxıda açdığı “Məclis” adlı yeni usullu məktəbdə həm ilahiyyat, həm də dünyəvi elmləri tədris etdiyini yazır.
Xeyrulla Məmmədovun məziyyətləri bununla bitmir, o, Azərbaycan ədəbiyyatının XIX əsrdəki tarixi sahəsində əvəzsiz xidmətlər göstərmiş, XIX əsr Azərbaycan ədəbiyyatını müasir tədris və təhlil proramlarının metodikasının müəyyənləşməsində böyük rol oynamışdır.
Xeyrulla Məmmədovun ədəbi irsini təhlil edərkən bu irsin həm ədəbi-tənqidi fikir tarixinin öyrənilməsi baxımından, həm də gerçək ədəbiyyatşünaslığın tələbi ilə bağlı tədiqatçılara bir örnək, bir qaynaq olduğu açıq-aşkar meydana çıxır. Çünki həqiqətən də Xeyrulla Məmmədovun Azərbaycan ədəbiyyatına bəxş etdiyi tövhələr olduqca dəyərli və vacibdir. Xeyrulla müəllimin ən gözəl fəzilətlərindən biri də bu idi ki, o, öz elmini xərclədi, xərclədikcə elmi tək Azərbaycan deyil, ümumtürk ədəbiyyatını əhatə etdi, lakin bunun müqabilində nə bir mükafat, nə rütbə, nə də para gözləmədi. Bu səbəbdən də əsl elm fədaisi də elə Xeyrulla müəllim özü idi.
Həyat həmişəki kimi öz gərdişi ilə gedir. Onu yaşadıqca gah qəmli, gah da şirin notlarla köklənir Allah payı olan ömrümüzə. Uca Allah insanı xəlq edəndən üzü bu yana hər gün milyonlarla insan doğulur, milyonlarla insan da yarandığı torpağa qarışır. Xeyrulla müəllim də bu dünyaya başqaları kimi gəldi, ancaq başqaları kimi yaşamadı. Mətin əqidəsini erkən əsən payıs küləyi kimi gah sağa, gah sola əsdirmədi, bir məqsədli, bir əqidəli ömür yaşadı. Dərdlərini, yaşadığı ağrı-acıları başqasına yük emədi, öz qəlbinə çəkdi, özü yaşadı həmin ağrıları, kimsəyə dərd vermədi. Onu həyatda heç nə əyə bilmədi, çünki əqidəsi, yüksək savadı, ilahi istedadı ona mane olanlara bu imkanı vermədi. Dərin zəka, iti şuur, yüksək təxəyyül, heyrətamiz ziya, seçdiyi sənətə vurğunluq, bir də ömrünü şam edib tələbələrinə verdiyi təlim-tərbiyə, atalıq qayğısı bu insanı, bu şəxsiyyəti, bu alimi ucadan uca etdi, yalnız və yalnız zirvələrə apardı, zirvələrə ucaltdı onu. Təkrar da olsa, onun tələbəsi, yetişdirməsi kimi deməliyəm ki, söhbət əvəzsiz elm xadimi, dəyərli şəxsiyyət, tfilologiya elmləri doktoru, professor Xeyrulla Məmmədovdan gedir.
Xeyrulla Məmmədov əsl ziyalı, ziyalılıq simvolu idi. Bütün ziyalı və ali insani keyfiyyətləri, dəyərləri özündə cəmləşdirən alimin yuxarıda qeyd edildiyi kimi elmimizə bəxş etdiyi uğurlar sonsuz idi. Onun sonsuzluğa bənzər ömrü kimi… ADPU-nun filologiya fakültəsində oxuyan zaman onun oxuduğu məruzələrin, anliz etdiyi əsərlərin təsiri altından hələ də çıxmamışam. Elə hey həmin məruzələrə təzədən bir gənc tələbə kimi qulaq asmaq, ədəbiyyatımızın gözəllikləri ilə başbaş qalmaq istəyirəm. Klassiklərimizin yaradıcılığını ən sadə, ən yadda qalan şəkildə məruzə edir, onların dəsti-xəttini sevə-sevə nəql edir, eyni zamanda sevə-sevə də bizə sevdirirdi. Bilmədiyimiz çox sirrləri açırdı Xeyrulla müəllim. Ona heyranlıqla qulaq asır, öyrəndikcə öyrənir və bu yüksək mənəvi keyfiyyətlərə malik olan pedaqoqu çox sevirdik. Mən bir sənət kimi ədəbiyyatı seçmişdim, lakin ədəbiyyatın zənginliyini, gözəlliyini, mənəviyyat elmi olduğunu Xeyrulla müəllim sevdirdi mənə, məndə ədəbiyyta sonsuz sevgi əmələ gətirdi. Bu səbəbdən də seçdiyim, vurğunu olduğum alimin elmi rəhbərliyi ilə namizədlik dissertasiyamı müdafiə etdim. Müdafiədən əvvəl və sonra məni ilk təbrik edən ustadım Xeyrulla müəllim oldu. Xeyrulla Məmmədovun yetirməsi olmağın məsuliyyəti olduqca böyükdür. Elə ona görə də çalışıram ki, ədəbiyyatımıza müəllimimin adına layiq tövhələr bəxş edim. Bu yolda az-çox nəyə nail olmuşamsa, onu müəllimimlə bölüşürəm.
Xeyrulla müəllim “XX əsr Azərbaycan Ədəbiyyatı”ndan mənə dərs deyib. Mühazirələr oxuyub, seminar aparıb. Natilik məharəti, ensiklopedik biliyi, heyrətamiz dərrakəsi, ədəbi təfəkkürü ilə bizi heyran qoyub, həm yuxarıda deyildiyi kimi fənnini bizə sevdirib, həm iyirmi illik dövrün ədiblərini, eyni zamanda özünü.
Zabitəli və zəhmli idi, lakin bu zəhmin içində intəhasız bir qayğıkeşlik və nəvaziş var idi. Deyirlər, fitri istedada malik insanlar həmişə uşaq kimi olur. Kin, hiyləgərlik, yalan, kələkbazlıq onlardan uzaq olur. Xeyrulla müəllim də uşaq kimi idi, heç vaxt yalan danışmaz, kin bilməzdi, bir sözlə olduğu kimi görünərdi. Faktoqraf almışdı, faktsız nə yazı yazırdı, nə mühazirə oxuyurdu, nə də ədəbi söhbətlər eləyərdi.
Çox tələbkar müəllim idi. Xüsusilə də Mirzə Cəlil və Sabirlə bağlı. Mirzə Cəlilin kiçik bir feleytonunu oxumayan, Sabirin satiirik şeirini bilməyən tələbə ondan heç vaxt yüksək qiymət ala bilməzdi.
Əyilməzdi, qürurluydu, vüqarlıydı, haqq carçısıydı. Ideal hesab etdiyi böyük ədəbi şəxsiyyətlər vardı; Mirzə Cəlil, Ömər Faiq Nemanzadə, İsmayıl bəy Qaspralı, Mirzə Feyzulla, Əziz Mirəhmədov…Ali məktəbi bitirdim. Iki il idi Şamaxının kəndində müəllimdim. Kənddən şəhərə – evə dəyməyə getmişdim. Dedilər Xeyrulla müəllim səni çağırır. Ürəyimdə fikirləşdim ki, yaxşı mənada, bu mənə bu qədər “zülm” elədi, oxutdurdu, indi nə istəyir görəsən ? Getdim. Rəhmətlik dedi ki, Dövlət imtahanında diplom işin də, cavabın da xoşuma gəldi. Sənədlərini ver aspiranturaya. Dedim :- Baş üstə. Qəbul oldum, elmi rəhbərim də qeyd etdiyim kimi professor Xeyrulla Məmmədov oldu. Çox işlətdi məni. On bir ay sərasər Axundov kitabxanasında gecə-gündüz əski əlifbalı mətbuatı araşdırdım, materiallar topladım. Indiki Sankt-Peterburqda elmi ezamiyyətdə oldum. Hər həftə ya institutda, ya evindəki kabinetində görüşürdük. Elmi söhbətlər edir, mənə ədəbiyyatlar verir, yazılarımı qırmızı qələmlə “al-qana” boyayırdı. Əvvəllər inciyirdim, sonralar ona şükranlar edirdim. Aspiranturanın son dövründə artıq yazılarıma əl gəzdirmirdi, sevinirdim ki, nöqsanlarım yoxdur. Beləcə, ustadım məni yetişdirdi. Qələmimi elmi səpgidə formalaşdırdı. Allah şahiddir ki, hər səhər valideynlərim üçün salavat çevirəndə, fatihə verəndə ustadım da onlarla bir sıradadır. Biz həm də yaş fərqinə baxmayaraq, tez-tez çayxanaya gedir, evlərində görüşür, doğmalaşırdıq bu təmənnasız, bu təmiz insanla. Rəhmətlik anam getmişdi onlara tədqiqatımla, səviyyəmlə ustadımdan soraq alsın. Tərifləmişdi məni və əlini masanın üstündəki Qurani-Kərimə basıb demişdi ki, Vüqarı Tofiqdən ayırmıram. Kitablarını da mənə bağışlayanda yazırdı: “tələbəm, dostum Vüqara”… İndi o kitabları əziz xatirə , təbərrik kimi saxlayıram şəxsi kitabxanamda. Doktorluq müdafiəmdə də əlavə rəydə iştirak elədi, müsbət rəy verdi. Özü də monoqrafiyamın rus variantını oxumuşdu. Təhlillərini də yüksək səviyyədə bildiyi rus dilində edirdi. Müdafiəmdə də çıxış elədi, yenə müzakirədəki iradını söylədi. Mən isə bildirdim ki, razılaşmasam da ustadım olduğuna görə qəbul edirəm. Zal alqışladı. Çox qəfil oldu ölümü. Dəfnindən qırxınacan çox ağladım, ustadımı itirmişdim. Indi də televiziyada verəndə gözümün yaşı dayanmır. Ürəyi dözmədi, oğul itkisi, onun anasının ölümü, haqsızlıqlar… Ömrü boyu ona olan qəfil, haqsız hücumlar. Zəngin, ensiklopedik biliyi başına bəla idi. Daşı düşmüşdü savadsızların başına, dili də dayanmırdı məndən beşbetər. Evdə mənə deyirdilər ustadına oxşa-yırsan, dilin dayanmır. Heç vaxt haqqı nahaqqa dəyişmirdi. Bacara bilmirdilər onunla həşəratlar, yerlipərəst şərəfsizlər. O bir qolu ilə onların qabağında Koroğluydu, Rüstəm- Zal idi rəhmətlik. Coşsa, nərə çəkirdi, hamı siçan deşiyi axtarırdı… Sağolsun, dostum Elman Quliyev. Elmanla biz uzun illərdir dostuq, qardaşıq. Gözəl alim, gözəl də insandır. Ən sevdiyim, qardaş bildiyim bir ziyalı, alim, ürəyimin bir parçası sandığım arkadaşımdı Elman. Elman Xeyrulla müəllimin xatirəsini əziz tutur. Ölümündən sonra “XIX əsr Azərbaycan ədəbiyyatı” monoqrafiyasını nəşrə hazırlatdırıb çap elətdirdi. Pedaqoji Universitetində kitabın tədqimatını, onun xatirə gecəsini keçirtdi. Gözü yaşlı danışdım kürsüdə, özüm də ağladım. O gün Elman bir şad xəbər də dedi mənə. Daha doğrusu iki şad xəbər. Elmanın uzun illər zəhmətindən sonra Lerikin icra başçısı Xeyrulla Məmmədovun adına Lerikdə mərkəzi küçələrdən birinin verilməsi barədə sərəncam imzalayıb, bir də may ayında mərhumun 75 illiyini qeyd edəcəklər Ata Yurdunda. Məni də dəvət elədi. Çox sevindim hər iki xəbərə. Professor Teymur Əhmədova, “Kredo”-nun redaktoru Əlirza Xələfliyə məlumat verdim, digər qəzetlərə də informasiya göndərib bu şad xəbəri elmi-ədəbi ictimaiyyətlə bölüşdüm. Ruhu şad olsun… Xeyrulla Məmmədov həm də gözəl bir tədqiqatçı kimi elmimizə daxil olmuşdu. Onun “Əkinçi”dən “Molla Nəsrəddinə qədər” adlı kiktabını oxuyanda görürsən ki, alim XIX əsrin sonu XX əsrin əvvəllərində maarifçi realist ədəbi hərəkatı necə gözəl tədqiq edib. Eləcə də “S.M.Qənizadənin yaradıcılığı”nı da… Azərbaycan ədəbiyyatının mürəkkəb bir mərhələsinin –XIX əsrin sonu XX əsrin əvvəllərində (1880-1905) maarifçi realist ədəbi hərəkatın tədqiqinə həsr olunmuş monoqrafiyada diqqəti cəlb edən cəhətlərdən biri alimin şablonçuluqdan uzaq, ənənədən fərqli olaraq mövzuya, təhlilə müstəqil, orijinal yanaşma meyarıdırsa, digər faktların və müddəaların güclü ümumiləşdirilməsidir. Milli maarifçilik və onun bədii ədəbiyyata təsiri, maarifçi realizmin spesifikası, Axundovdan sonra Azərbaycan ədəbiyyatının yüksəliş yolu və s. məsələlər haqqında geniş məlumat verən professor Xeyrulla Məmmədovun irəli sürdüyü, el-mi təsdiqini isbat edən elmi nəticələr, özünün orijinallığı, elmi tutumu, müasir metodoloji səviyyəsi ilə diqqəti cəlb edir. Əsər beş hissədən:müqəddimədən, 3 fəsildən və nəticədən ibarətdir. Müqəddimədə tədqiqatçı mövzu ilə bağlı problemin, tədqiq obyektinin – iyirmi beş illik dövrü əhatə edən mərhələnin əlvan boyalarla geniş mənzərəsini verir. Tədqiqatçı XIX əsrin 80-cı illərində Azərbaycan ədəbiyyatının inkişafı üçün qeyri-münasib şəraitin yaranmasının səbəbini 70-ci illərdə “Əkinçi”nin bağlanması, Axundovun vəfatı, Zərdabinin Bakıdan uzaqlaşması, Seyid Əzimin “siyasi etibarsızlıq”da təqsirləndirilib müəllimlikdən çıxarılması, digər ədəbi simaların obyektiv və subyektiv səbəblər üzündən kənarda qalmasında görməklə düzgün qənaətə gəlir. Alim “Ziya” (1879) qəzetinin sözdə bir, əməldə başqa hərəkətini, Ünsizadənin redaktorluq “fəaliyyəti”nin təsvirini verir. “Ziya”nın zərərli ünsürlər, panislamist ideyalar təbliğ etməsini, mədəniyyətimizin inkişafı yolunda heç bir faydalı iş görmədiyini, realist ədəbiyyatın tərəqqisinə ağır zərbə vurduğunu xüsusi qeyd edir. (Onu da qeyd edək ki, “panislamist” əslində İslam dininin cahanşümal bir din, bəşəriyyətin inkişaf, proqramı olmasının tamamilə əleyhunə olan tamamilə uydurulmuş bir cəfəngiyyatdır). Kitabda Azərbaycan maarifçiliyinin kökləri araşdırılır, yaranması mərhələləri haqqında tutarlı sübutlara fikirlər söylənilir. X.Məmmədov Sovet dövrü Azərbaycan ədəbiyyatşünaslığında maarifçi realizm haqqında söz demiş alimlərlə yeri gələndə mübahisəyə girir və maarifçiliyin XIX əsrdə Azərbaycanda məfkurə istiqaməti olduğunu qeyd etməklə Azərbaycan maarifçiliyini üç dövrə bölür. Birincisi, XIX əsrin 50-70-ci illəri, ikincisi,XIX əsrin sonu, yəni 80-cı illərdən başlayıb, 1905-ci ilə qədər, üçüncüsü isə birinci rus inqilabından Oktyabr çevrilişinə qədərki dövrü əhatə edir. Xeyrulla Məmmədov… İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək,ancaq bu ad heç zaman hafizələrdən silinməyəcək. Çünki elmimizə əbədi yazılan Xeyrulla Məmmədov adı əbədi və sonsuzdur. Əbədilikdən mayasını götürüb sonsuz səmalara doğru üz tutan belə bir alimin şərəfli ömür yolu, əsərləri hələ neçə-neçə nəsli düşündürəcək və neçə-neçə nəsil bundan bəhrələnəcəkdir. Sonra da düşünəcəkdir;- bax budur alim ömrü, budur ziyalı ömrü, budur şəxsiyyət ömrü, bir də budur mənəvi atalıq qayğısı zirvəsi, Xeyrulla Məmmədov zəkası, ziyası, dühası. Bu il Xeyrulla Məmmədovun 90 yaşı tamam olur. Ustadıma Uca Allahdan rəhmət və behişt diləyirəm! Allah ustadıma qəni-qəni rəhmət eləsin! Amin! Amin ya Rəbbəl aləmin!
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun şöbə müdiri,
filologiya elmləri doktoru, professor.
ZiM.Az.