ZƏRƏNGİZ ŞIXLI: “MEHRİBANIN SİRLİ XATİRƏLƏRİ” (Hekayə) – Davamı
9 min read
Əvvəli burada…
https://ziya.info.az/2026/05/09/zerengiz-sixli-mehribanin-sirli-xatireleri-hekay%c9%99/
Zaman keçdikcə, yaş üstünə yaş gəlir, şagirdlər böyüyüb sinifdən-sinfə keçir. Yeddinci sinif şagirdi Mehriban komsomol sırasına qəbula hazırlaşır. O, dərs arası tənəffüsdə oturduğu partadan durub heç yana getmir, yarımçıq qalmış məsələ və ya misalların həllini davam etdirər və ya başqa bir dərsin davamı ilə məşğul olurdu. İdman dərsində cürbəcür oyunlarda qələbə qazanırdı. Turnikdə müxtəlif hərəkətlərlə fırlana-fırlana, məşqlər edir, baxanların rəğbətini qazanırdı. Yüksəklikdən tullanır, yürüşdə birinci yeri tuturdu. Özü də təbiətcə təravətli, cazibədar olduğuna görə, hamının xoşuna gəlirdi. O, kiçik yaşlarında rastlaşdığı hadisələrdən sonra bütün oğlan yoldaşlardan uzaq gəzir, onlardan utanırdı.
Bu dəfə də, Mehriban adəti üzrə, tənəffüsdə oturduğu partadan durmamışdı. Uşaqlar hamı bayıra çıxmışdı. Sinifdə sakitlik idi. O, başı aşağı nə isə yazırdı. Birdən qapı sakitcə açılır, kimsə sinfə girir. Mehriban başını qaldırıb gələnə baxır. Ani dəqiqədə, gözünə baxan gözün cazibəsindən gözünü çəkə bilmir, nitqi tutulur söz soruşa bilmir… Ürəyinin döyüntüsünü sakitləşməyə çalışan oğlan, əlində gətirdiyi dəftər-kitabı ona uzadaraq titrək səslə: – Komsomola keçmək üçün lazım olan ədəbiyyatdır, yaxşı hazırlaş, deyib, tez sinifdən çıxır. Zəng vurulur, uşaqlar, hər kəs öz yerində əyləşir. Mehribanın həyəcandan ürəyi döyünür, fikrini toplaya bilmir, parta yoldaşı Mənzərin dediyi sözləri eşitmir. Dərsləri qurtarır, anası və qonşu şagird yoldaşları ilə evlərinə gəlir. lazım olan işlərini görüb qurtarandan sonra, adəti üzrə, saat 21-də yatağına uzanır. Uzun müddət yuxuya gedib-yata bilmir. Təzəcə yuxuya gedir, qorxulu səs eşidib, dik atılır. Yerində oturub səsə qulaq asır. Qonşu Əhməd kişi ağlaya-ağlaya gəlib Nadir bəyə deyir: Nadir dadaş, mənim lampamı Allah yandırıb, lampanı öpdüm dodaqlarım yandı, çox incidir bilmirəm indi nə edim? Nadir bəy onun sərxoş olduğunu bilirdi. Əhməd kişi gündüzlər işə gedəndə lampanı yandırıb gedirdi ki, qayıdanda qaranlıq olur, lampanı yandıranda çətinlik çəkir. Bu dəfə sərxoş olduğuna görə yaddaşı pozulub.
Nurcahan xanım pambığı günəbaxan yağı ilə isladıb ona verir, o dodağına qoyur, sonra kartof kəsib qoyurlar. Gecə yarısı Nadir bəy onu aparıb evində rahatlayıb-qayıdır. Əhməd kişinin həyat yoldaşı ilə yeganə qızı ticarət işləri ilə məşğul olduqları üçün, evdə yox idilər. Mehribanın yuxusu qaçır, yata bilmir. O, komsomol sırasına daxil olmaq üçün verilən ədəbiyyatları vərəqləməyə başlayır. Doqquzuncu sinif şagirdi Tahirin gözündən başqa, gözünə heç nə görünmür. Özünü düşdüyü dəryanın ortasından sahilin hansı tərəfinə çıxacağını düşünür. Keçirdiyi hisslərin həyəcanında boğulur, səhərin tez gəlməsini gözləyirdi. Köksündə ürəyini döyündürən duyğularla, qəlbində alov saçan məhəbbət eşqi ilə, səhər məktəbə gedəcək sevinc hisləri ilə, yuxuya gedir… Səhər çox erkən oyanır. Qəlbini intizarlı narahatlıq sızıldadır, rahat düşünməyə imkan vermir. O, çalışırdı həyəcanlı varlığında qığılcım saçan alova bənzər sevgi hissini hər kəsdən gizlətsin. Ancaq, gənclik sevgisinin istək ölçüsü sonsuz olduğu üçün, nə ağlını, nədə iradəsini özünə tabe etməyə gücü çatmır. Məhəbbət müqaviməti qarşısında aciz qalmışdı. Nurcahan xanım qızının əhval-ruhiyyəsindən nigaran idi. O, qorxurdu ki, yenə də, köhnə baş verən hadisə təkrarlanır. Odur ki, Nurcahan xanım qızından soruşur: – Qızım səni narahat edən səbəb varmı? Məndən gizlətmə, yenə nə təhlükə baş verib? Mehriban anasının hissiyyatını duymuşdur. Vəziyyətdən çıxmaq üçün yol axtarırdı. O, anasını bərk-bərk qucaqlayıb, öpə-öpə deyir: “Canım anam, heç bir təhlükəli hadisə yoxdur, sənə kim nə deyib? nəyə görə məndən nigaransan? Mən sənin ən xoşbəxt qızınam, arxayın ol!”. Nurcahan xanım bir anlığa xəyala dalıb, gənclik illərini yadına salır. Bu söhbətdən sonra Mehriban rahatlaşır, elə bil keçilməz bir dağı aşır. O, öz sirrini ən yaxın rəfiqəsinə də bildirmək istəmirdi. Ancaq öz yaşıdlarının başına gələn hadisələrlə maraqlanırdı. Bilmək istəyirdi ki, onun taleyinə oxşar olan varmı.
Səkkizinci sinifdə ədəbiyyat müəllimi ulduz jurnalında dərc olunmuş maraqlı bir məqalə haqqında məruzə edir və məsləhət görür ki, bütün uşaqlar o jurnaldakı məqaləni oxusunlar. Özündə olan jurnalı sahibinə qaytarmalı olduğuna görə heç kimə verə bilmərəm deyir. Dərsdən sonra 7-ci sinif şagirdi Mehribanla bir sinifdə oxuyan, ədəbiyyatı sevən Şəhla, müəllimədən ulduz jurnalını götürüb, sabah qaytaracağına söz verir. O, evlərinə çatan kimi həyətlərində qoyulmuş oturacaqda oturub həvəslə maraqlı məqaləni oxumağa başlayır. Oturduğu yerin yaxınlığında buzov bağlanmışdı. Tələsik kimsə Şəhlanı çağırır, o, jurnalı oturduğu yerdə qoyub gedir. Qayıdanda jurnalı buzovun ağzında çeynədiyini görür. Qız çox darıxıb narahat olur. Özünə yer tapıb dincələ bilmir. Nəhayət çıxış yolu tapıb olanları şeirlə ifadə edib yazır. Müəllimə 8-ci sinifdə dərs verdiyi zaman, jurnal əvəzinə, yazdığı şeiri ona verir. Müəllimə Şəhlanın yazdığı şeiri sinifdə uşaqlara oxuyur. Dərs çox maraqlı keçir, müəllimə Şəhlaya nümunəvi dərs əlaçısı sağırd və gələcəyin görkəmli şairəsi kimi, qiymət verir, onu bağışladığını bildirir. Bu haqda olan maraqlı məlumatları səkkizinci sinif şagirdi, şairə kimi ad qazanmış Nərgiz, şeirlə ifadə edib yeddinci sinifdə Mehribanla oxuyan, özünü günahkar hesab edən Şəhlaya gətirib verir. Şəhla, Nərgizin yazdığı şeiri öz sinif şagirdlərinə oxuyur və cavab olaraq yeni şeir yazıb şairə Nərgizə verir. Bu münasibətləri müşahidə edən Mehriban öz fikrini felyeton adlı şeirində ifadə edib, şairə Nərgizə verir. Ertəsi gün Şəhlanın şeirinə cavab yazmamış Nərgiz, Mehribanın şeirinə cavab olaraq, çiçəklər çəkilmiş bəzəkli kağızda yazılmış şeiri gətirir. Cavabda, Mehribanın şeiri çox mənalı və dəyərli olduğu, gələcəyin gözəl şairəsi kimi tanınacağı bildirilir. Şəhla şeirinə cavab almadığı üçün Nərgizdən inciyir. Ancaq gec də olsa Nərgiz, Şəhlanın şeirinə cavab yazıb verir. Beləliklə qızların arasında şeirlərlə yazışmalar başlayır. Onların şeirləri məktəbin divar qəzetində dərc olunurdu. Nərgiz ilə Mehribanın yazışması müntəzəm hala çevrilir. Lakin, Mehribana yazılan şeirlər yavaş-yavaş kim tərəfində yazıldığı şübhə daşıyır. Mehriban, Nərgiz ilə şeir yazışmasın dayandırır, ona yazılan şeirlərin bəzilərini, Mehribanın komsomola keçməyinə köməklik edib, ədəbiyyatlar verən 9-cu sinif şagirdi Tahir imiş.
Yeddinci sinif şagirdləri – səkkizinciyə, səkkizincilər – doqquza, doqquzuncular onuncu sinfə keçirlər. Mehribanın ən yaxın rəfiqəsi olan Firuzənin qardaşı, Tahir ilə bir sinifdə oxuyurdu. Tahir onlara gedəndə pencəyini çıxardıb asdığı vaxt, Firuzə görür ki, Tahirin biləkdən yuxarı, dirsəyinə qədər, sol qolunda Mehriban adı yazılıb. Sirrini bildirmək istəmədiyi rəfiqəsi – Firuzə bu sirri ondan əvvəl bilirmiş. Bu xəbəri eşidəndən sonra, Mehriban çox xəcalət çəkir, özünü narahat hiss edərək, ləyaqətsizlik olduğunu düşünür. Rəfiqəsi vasitəsi ilə xəbər göndərir ki, Tahir onun adini qolundan sildirsin. Xəbəri eşidən kimi, Tahir özünə əzab olsa da adı oxuna bilməyən şəklə saldırır. Bundan sonra o, ömürlük olaraq uzun qollu köynək geyinmək məcburiyyətində qalır. Onun bu işgəncəli əzabını Mehriban ürək ağrısı ilə keçirir. Tahirin xəbəri yox idi, bilmirdi ki, Mehribanın əlacı olsa, öz təmiz qolunu ona verərdi. Onlar ancaq məktəb həyətində ani görüşdə, döyünən həyəcanlı ürək çırpıntısı ilə, sevinc saçan baxışlarla, nitqləri tutulur, Bir kəlmə də olsa danışa bilmirlər. Tahir bir şeirində yazır:
Mehribanım, nazlı dilbərim,
Keçəndə önündən
Məhəbbət duyğusunun
Qəhərindən,
Nitqim tutulur,
Hüzurunda lal oluram.
Görürəm nazını, qəmzəni,
Baxışımla yalvarıram.
Tahir onuncu sinfi bitirib iki ilik əsgərliyə gedir. Mehriban bu müddət ərzində, onuncu sinfi bitirib instituta daxil olur. Oxumaqda davam edir sevənlərin sayı çoxalır. O, heç kimlə maraqlanmır. Elçi gələnlərə razılıq vermir. Bilən yox idi ki, Tahir Mehribanın ürəyinin elə dərinliyində yerləşib ki, onu oradan ancaq ürəklə birlikdə çıxartmaq mümkün olar.
Tahirin atası böyük vətən müharibəsindən qayıtmadı. Onlar bir bacı, bir qardaş, gənc ana himayəsində, ağır, illərdə çətin yaşayırdı. Mehriban bilirdi ki, Tahirin imkanı yoxdur. Həsrətində qaldığı məhəbbətini axtarıb tapsın. Tahir qabaqcadan bilirmiş kimi, bir şeirində belə yazır:
Ayrılıq qorxusu qəlbimi didir,
Dağıdır…
Vücudum qorxulu
Hisslər oyadır.
Müdhiş xəyallar keçir,
Beynimdən,
Kədərli ürəyim qopur,
Yerindən.
Ayrılıq qorxusu olub-
Həmdəmim,
Lərzə gəlir, gərilir duyğu
Hisslərim.
Dərdə düşmüşəm,
Yaman…
Atam yoxdur sirrimi
Açam.
Ruhumu oxşasın, təsəlli
tapam.
Mehribanın gözləri tələbələr arasında Tahirini axtarır. O, ümid edirdi, bəlkə əsgərlikdən sonra Tahir qiyabi şöbəyə instituta qəbul ola bilər, görüşərlər. Bu təsəlli ilə, Mehriban Tahirin yolunu gözləyirdi. Gözəl səsi ilə ahəstə-ahəstə xarı bülbül mahnısını oxuyurdu.
Vətən bağı al-əlvandır,
Yox içində Xarı bülbül
Ömür sürməli dövrandır
Səsin gəlsin sarı Bülbül.
Mehriban institutu vətən bağı təsəvvür edir, tələbələr arasında olmayan Tahirin həsrətini çəkir, onun səsini eşitmək istəyir. Daimi öz-özünə yanıqlı-yanıqlı zümzümə edir. Məhəbbətlərinin cazibə qüvvəsinin əks-sədası, Tar, Kaman, Saz simlərinin eşq avazlı musiqi sədası tək, beynində səslənir, ürəyini titrədirdi…
O, kursdan-kursa keçir, gözləri yolda, qulağı səsdə, atasına həsrət qalmış, imkansız Tahirini gözləyir…
Həyatda qisməti talelər seçir,
Yollar ayrılanda vaxt, vədə keçir.
Məhəbbət ölməyir, cücərib, bitir,
Kök salır qəlblərdə dərinə gedir.
- 10. 2016-cı il.
ZiM.Az
.
