AzTU tələbəsi VII Respublika Robot Olimpiadasında 2-ci yerə layiq görülüb
1 min readAzərbaycan Texniki Universitetinin (AzTU) Alman mühəndislik fakültəsinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi Anabacı Əmiraslanova 20-22 sentyabr tarixlərində Gənclər və İdman Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika arenasında VII Dünya Robot Olimpiadasının Azərbaycan mərhələsində iştirak edib.
Olimpiadanın keçirilməsində əsas məqsəd gənclərin robot texnologiyaları sahəsində bacarıqlarını inkişaf etdirmək, komanda işini təşviq etmək və innovativ düşüncəni dəstəkləməkdir. Belə olimpiadalar gənclərin motivasiyasını artırmaqla yanaşı, texnoloji biliklərini daha da inkişaf etdirmələri üçün böyük imkanlar yaradır.
Ümumilikdə Olimpiadada kateqoriyalar üzrə respublikanın 20 rayon və şəhərindən 316 komanda qeydiyyatdan keçib. Qeydiyyatdan keçən komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər keçirilib və final mərhələsində 163 komanda iştirak etmək hüququ qazanıb.
Anabacı Əmiraslanova Olimpiadada “Future İnnovators-Senior” kateqoriyasında Qlobal iqlim dəyişikliyi ilə mübarizə aparan “CO2toD” qurğusu ilə 2-ci yerə layiq görülüb.
Olimpiada qalibləri ölkəmizi Türkiyədə təmsil edəcəklər.