BƏXTİYAR NEMƏTLİ (1963)

11 min read

Bəxtiyar Mikayıl oğlu Nemətli – 25 may 1963-cü ildə Nax­çı­van MSSR, Nax­çıvan (İndiki Babək) rayonunun Ya­rımca kən­dində fəhlə ailəsində ana­dan olub. 1970-ci ildə Yarımca kənd or­ta məktəbi­nin birinci sinifinə gedib, 1980-ci ildə hə­min məktəbi bitirib. 1980-ci ildə Nax­çı­van Politexnik Tex­ni­­kumuna daxil olub, bir il oxuduqdan sonra, 1981-ci ildə hərbi xid­mətə çağırılıb, 1981-1983-cü illərdə Moskva vilayətinin Şyolkovo şəhərində hərbi xidmətdə olduqdan sonra təhsilimi davam etdirib. 1985-ci ildə Texnikumu bitirdikdən sonra 1985-1988-cı illərdə Nax­çıvan şəhərində yerləşən Elek­tro­texnika zavodunda, 1988-1992-ci il­lər­də Naxçıvan dəmir yol stan­si­yasında işləyib. 1990-cı ildə birinci Qa­rabağ müharibəsi baş­la­yanda 3 ay kö­nüllü olaraq cəbhəyə gedib, sonra isə Babək rayon hərbi komis­sarlığı tərəfindən səfərbərliyə ça­ğı­rı­lıb, müharibə vete­ra­nıdır.

1992-1996-cı illərdə Babək rayon tarix-diyarşünaslıq muze­yin­də çalışıb. 2000-ci ildə Rusiya Federasiyasının paytaxtı Mos­kva şə­hə­ri­nə köçüb və hazırda da orada yaşayır və işləyir.

İlk şeirlərini 1998-ci ildə yazıb, 25 illik fasilədən sonra ye­ni­dən yaz­mağa başlayıb. Şeirləri müxtəlif mətbuat orqanlarında, o cüm­lədən, “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərində, “ZiM.Az” və “Zir­ve.info” saytlarında, “Zirvə”, “Şah dağı”, “Söz xəzinəsi”, “Canım Azərbaycanım”, “Qara Arxac”, “Bahar ətirli duyğular” və s. ədəbi məc­muələrdə dərc olunub.

“Gözlər qəlbin aynasıdır” adlı bir kitabın müəllifi­dir

Biz də Bəxtiyar Nemətliyə yeni-yeni yaradıcılıq uğurları ar­zu­layır, dəyərli oxucularımızı şairin duyğu dünyasından süzü­lüb gələn mis­ralarla tanış olmağa dəvət edir və aşağıda onun bir neçə şeirini diq­qə­ti­nizə çatdırırıq.

RAMİLƏ ƏLİYEVA,
“Yurd.İnfo.Az”-ın şöbə müdiri,
“Zirvə” və “Zəfər” mükafatları laureatı

ZiM.Az

 

DƏRD GƏTİRDİ AYRILIQ

Gülüşümü duymayınca buludlar,
Nərə çəkib səhərəcən ağlayıb.
Biləndə ki vəfasızsan sel-sular,
Sənə gedən yollarımı bağlayıb.

Sən elə od qoyub çıxıb getmisən
Odunu söndürmür yağan yağışlar.
Bir eşqin alovun qoydun sinəmdə,
Çətin bu ürəyim səni bağışlar.

Vüsala üz tutdum həsrət qoymadı,
Baxtımı hicranın taladı, çapdı.
Ömrüm boş küləklə əsdi, kükrədi,
Gəldi qismətimi ayrılıq tapdı.

Sorsan mənə bu sevgidən nə qaldı,
Dost tanışdan soraqlaşıb bilərsən.
Dərd üstünə dərd gətirdi ayrılıq,
Bu dərd məni öldürəndə gələrsən.

                                     12.05.2024

 

BİLMƏDİN Kİ SƏN

Aldanıb gül üzə, şirin sözlərə
Saxta sevgilərdən qaçasan gərək.
Yalançı aşıqi çəkib çarmıxa,
Sevirəm sözündən asasan gərək.

Bilmədin nə qədər ağrı-acını,
Bu qırıq qəlbimdə necə daşıdım.
Sənin həsrətinlə düşüb çöllərə ,
Səhrada dərviş tək tənha yaşadım.

Ən çətin günümdə, xəstə yatanda,
Dadıma yetmədi nə qardaş, bacı.
Tək səni istədim Tanrıdan ancaq,
Ruhumun ruhuna var ehtiyacı.

Qəlbim parçalanıb, sızlayan zaman,
Sən dərman olmadın yarama mənim.
Qırılmış bir ürək qoyub getmisən,
Bir daha soruşma, arama məni.

Heç zaman duymadın, bilmədin ki sən,
Mən nələr yaşadım, mən nələr çəkdim.
İtirdim həyatın şirinliyini,
Özümə acıdan bir yuva tikdim.

                                  13.06.2024

 

SƏBƏBSİZ AYRILIQ

Səbəbsiz ayrılığın səhəri çətin olur,
Oyanıb sevdiyini görməyəndə yanında.
İntizarı qəlbini çəkir sorğu-suala,
Bir də baxıb görürsən, qalmayıb can canında.

Özündən soruşursan ayrılığın səbəbin,
Onsuz gecələr sənə uzun və sonsuz gəlir.
Can qurtara bilmirsən suallar yağışından,
Həsrəti neştər olub qəlbini hər an dəlir.

Çarəsizlik içində qovrulursan, yanırsan
Dəyişilir büsbütün insanın təbiəti.
Bilirsən ki uzaqda o çoxdan xoşbəxt olub,
Sənə qarşı qalmayıb nə arzu, nə niyyəti.

Bir ümid işığına bələnib gözləsən də,
Min yerdən köksündəki ürəyin pul-pul olur.
Çiling-çiling şüşəyə bənzəyir xatirəsi,
Çiçək arzularında, elə qəlbində solur.

                                             31.05.2024

 

ASILDIM RUHUNUN QANADLARINDAN

Mən sənə sevgimdən bir yuva qurdum,
Bütün şeirlərim yazıldı sənə.
Bu qədər sevərkən eh nə bilim ki,
Köksündə bir məzar qazıldı mənə.

Ürək ayrılığın səhəri kimi,
Hüzünlü, kədərli bomboş qalıbdır.
Sağalmaz yaralar, ağrı acılar,
Köç edib qəlbimə yuva salıbdır.

Sözlər düyün-düyün qəhərə döndü,
Həsrətin köksümdə haray qopardı.
Asıldım ruhunun qanadlarından,
Məni də özüylə çəkib apardı.

Xoşbəxtlik heç zaman daimi olmur,
Qəfil gəlib gedən qonaq kimidi.
Gəlişi sevincli, gedişi qəmli,
Daim xoşbəxt olan deyin, kim idi?!

                                 17.05.2024

 

MƏLƏYİM

Məni bihuş edən cənnət qoxulu
Qəlbimi oxşayan ləçək kimisən.
Axşamlar soluxub, gündüzlər açan
Haldan-hala düşən çiçək kimisən.

Gülüşün qəmzəli, baxışın məsum,
Bir mələk xisləti var gözlərində.
Sevirəm deməyin şirindən-şirin
İlişib qalmışam bal sözlərində.

Bu qədər işvəni, bu qədər nazı
Tanrı bir adama verməməliydi.
Sənə yaradanın qələm çəkəndə
Can alan bir mələk etməməliydi.

Sən mənim mələyim, mən sənin qulun
Ya öldür, ya yaşat özün bilərsən.
Etdiyim günahlar saysız, hesabsız
Bəlkə bir savaba büküb silərsən.

                                     29.05.2024

 

HƏSRƏTİN KÖZ OLDU

Qəmzəli gözünün əsiri oldum
Dedim ki yalqızam gəl ovut məni.
Uzat əllərini, tut əllərimdən
Demədim tərk edib tez unut məni.

Dedim ki sən şəm ol, pərvanən olum
Gəlim işığına, başına dönüm.
Məni öz odunda yandırıb sonra,
Demədim gözündə yaşına dönüm.

Ehh, məni duymadın, saya salmadın
Mən dedim, sən susub sonra da getdin.
Həsrətin köz oldu, yaxdı qəlbimi
Bu sevən könlümü xərabə etdin.
          15.06.2024

 

AYRILIĞIN İLK GÜNÜ

Həsrətin libasın geyib əyninə
Gözlərim izinə düşüb yol aldı.
Bütün nəşələrim səninlə getdi,
Bu eşqin kədəri tək mənə qaldı.

Döndü səhərlərim zülmət gecəyə
Gecələr xəyalın qonağım oldu.
Uzatdım əlimi toxunam sənə
Əllərim boş qaldı, gözlərim doldu.

Divarlar hay çəkib gəldi üstümə
Sən adlı evimin çırağı söndü.
Qəlbimə elə bir od qoyub getdin
Ürəyim alışdı, məşələ döndü.

Qoxuna heç zaman doymadım ki mən,
Ətrini küləkdən, yeldən alsam da.
Ömrümdə bu qədər tənha olmadım
Atadan, anadan yetim qalsam da.

                                     02.06.2024

 


QAYIT QARA GÖZLŪM

Bu həsrət nə vaxtsa bitəcək bəlkə
Bir azca səbr edib gözləyəm gərək.
Səni bəd nəzərdən qorumaq üçün
Sevən ürəyimdə gizləyəm gərək.

Sənsiz həyat boşdu, yaşamaq hədər,
Gözüm yolda qalıb, qəlbimdə kədər,
Qayıt, qara gözlüm, qayıt birtəhər,
Səni gözləyəcəm ölənə qədər,

Gəl qurtar yarını eşq əzabından,
Qoyma bu hicranın əlində məni.
Al götür özünlə getdiyin yerə,
Öldürmə gözümün selində məni.

Sənsiz həyat boşdu, yaşamaq hədər,
Gözüm yolda qalıb, qəlbimdə kədər,
Qayıt qurban olum, qayıt birtəhər,
Səni gözləyəcəm ölənə qədər.

                                         22.06.2024

DOĞMA OLANIM

Könlünü almağa çalışan zaman,
Deyəsən dərd oldum başına sənin.
Qəlbindən süzülüb kirpiklərində,
Dönmüşəm gözünün yaşına sənin.

O kövrək qəlbini qırmamaq üçün
Ürək ağrısına dözüb susuram.
Etdiyin nalələr yetir Tanrıya
Hər sabah duranda mən qan qusuram.

Ruhunu ruhuma doğma bilirdim
Əlim əllərinə həsrət qalsa da.
Çox xoşbəxt edirdi varlığın məni,
Gözüm gözlərindən uzaq olsa da.

Bütün yaraların sağalsın deyə,
Sənə yorulmadan dua edərəm.
Bir dəfə get desən, rahatlığınçün,
Mən səssiz-səmirsiz çıxıb gedərəm.

                                           14.06.2024

 

VARMI ƏDALƏT

Sənə can deyənlər sıxar canını
Könlün bu ağrıdan alar xəsarət.
Dostum dediklərin evini yıxar
Heç kimdə yox imiş zərrə dəyanət.

Nə dosta, nə yara, nə də qohuma
Öz ürək sirrini etmə əmanət
Sağalmır yarası dost zərbəsinin
Yaman ağır olur riya, xəyanət.

Niyə bu günlərə qaldıq biz görən
Qardaş qardaşına badalağ gəlir.
Qızlar ana sözü dinləmir artıq
Oğul atasının sözünə gülür.

Nə yaşamaq olur nə də ki, ölmək
Bu bədbəxt milləti yıxıb cəhalət.
Qarnı tox olanın gözləri doymur
Hanı bu dünyada, hanı ədalət?!

                                       07.07.2024

 

ELƏ BELƏ YAŞADIM

Uzaq düşdü xoşbəxtliyim əzəldən
Bu dünyada bəxt üzümə gülmədi.
Qismətimə bu səadət bəs niyə
Bir yol tapıb mənə tərəf gəlmədi?!

İllər ötdü, yaş üstünə gəldi yaş
Həyat mənə verdiyindən çox aldı.
Həsrət yeli başım üstə əsəndən
Saçlarımın hər gün dəni çoxaldı.

Bir dağ idim, parçalanıb daş oldum
Bu dünyanın ələyindən ələndim.
Ömür keçdi, heç bilmədim nə zaman
Çağa kimi kəfəninə bələndim.

            10.07.2024

 

BURAX GEDİM

Əlim çatmır saçlarını hörməyə
Verməmisən mənə belə ixtiyar.
Bu sevdanı atam gərək başımdan
Məndən sənə nə dost olar, nə də yar.

Dərviş olub xəyalında azmışam
Sənə gələn yollarıma yağıb qar.
Gəl özünü mənə belə öyrətmə
Məndən sənə nə dost olar, nə də yar.

Şair oldum bu sevdaya düşəndən
Sevgim böyük, sinəm isə ona dar.
İnsaf eylə, burax gedim ay gözəl
Məndən sənə nə dost olar, nə də yar.

Unut məni, fərz elə bir xəyaldım
Demə bir də gəl görüşək Bəxtiyar.
Bax beləcə yadlar kimi ayrılaq
Məndən sənə nə dost olar, nə də yar.

                                              28.06.2024

 

ƏZİZİM

Mən gecələr yatmayıb düşünmüşəm hey səni
Sən adlı bir mələyi xəyalda yaratmışam.
Sən demə mən səni yox, o xəyalı sevmişəm
Ürəyimdə gizlədib, özümçün yaşatmışam.

Dalaşanda, küsəndə ağrısa da ürəyim,
Dözərəm hicranına, ürəyimdən atmaram.
Unutma sən heç zaman bil, vəfasız deyiləm,
Ağlama qara gözlüm, ölsəm səni satmaram.

Səsini duymayanda bircə saat, bircə gün,
Bilmirəm ki necəsən, bilmirəm ki hardasan.
Səni sevən ürəyi sıxma belə əzizim,
Eh, ürəyim cəhənnəm, axı özün ordasan.

                                                       24.06.2024

 

QAYTAR ÜMİDİMİ

Yenə də gəlmişəm görüş yerinə
Gözlərim yol çəkir, qulağım səsdə.
Ürəyim çırpınır yaralı quş tək
Mənə haram olub quru nəfəs də.

Nə zaman eşq deyə bir yola çıxsam
Bəxtimə hicranın küləyi əsər.
Getdiyim yollara yağar yağışlar
Başımın üstünü buludlar kəsər.

Həsrətdən ağaran qara saçıma
Çökər ayrılığın boranı, qarı.
Sevmək ürək istər, o da səndə yox
Sən Allah, yolumda dayanma barı.

Bir gün guruldasa qəlbində şimşək,
Düşün ki, o mənim haray səsimdir.
Səndən umacağım bir şey yox daha
Elə tənhalığım mənim bəsimdir.

                                   27.06.2024

 

ŞEİRİMİN ŞAH ƏSƏRİSƏN

Ağlıma gəlməzdi hardasa bir gün
Mənim də üzümə tale gülərmiş.
Sevgidən ümidim üzülən zaman
Könlümə bir gözəl mələk girərmiş.

Ömrümə bir az gec gəlsən də gülüm
Sən əhdə, ilqara hər an düz oldun.
Nə vaxtdır pərişan olan qəlbimi
Sevib əzizləyən, gülən üz oldun.

Gəl, mənim ruhumu oxşayan sevgim,
Gəl, həsrət aparsın güllər üzünə.
Sevib sevilməyi bilməyən kəslər
Düşsün məhəbbətlə sənin izinə.

Bu necə bir eşqdir, necə bir hissdir,
Gah könül sultanım, gah əsirisən.
Ruhumu oxşayan cənnət mələyim,
Sən mənim şeirimin şah əsərisən.

                                       10.07.2024

 

ZiM.Az

 

.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *