Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin Ağsu və Qəbələyə ekskursiyası təşkil olunub
2 min readAzərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının təşkilatçılığı ilə Maşınqayırma və robototexnika fakültəsində qida mühəndisliyi ixtisası üzrə təhsil alan II kurs tələbələrinin (bakalavr) Ağsu rayonunda “AzGranata” Məhdud Məsuliyyətli Cəmiyyətinə ekskursiyası təşkil olunub.
Tələbələr burada məhsulun qəbulu və emalı sexləri ilə tanış olub, şirələrin alınması və qablaşdırılması proseslərini izləyiblər. Tədqiqat laboratoriyasında qida məhsullarının tədqiqi üsulları və avadanlıqları haqqında tələbələrə geniş məlumat verilib. Ekskursiyanın sonunda dequstasiya zalında məhsulların dad meyarlarının müəyyən olunması xüsusiyyətləri də tələbələrin diqqətinə çatdırılıb.
Qida mühəndisliyi ixtisası üzrə təhsil alan I kurs tələbələri (bakalavr) isə Qəbələ şəhərində Gilan Qida Şəhərciyi ilə tanış olub. Burada tələbələr kartof emalı, limonad, şirə istehsalı zavodlarında istehsal proseslərini izləyib, hər bir məhsul üçün texnoloji xüsusiyyətlərlə tanış olublar. Bundan başqa tələbələr məhsulun qəbulu, qablaşdırılması və anbar işlərinin təşkili məsələləri ilə maraqlanıblar. Şəhərciklə tanışlıqdan sonra tələbələr Qəbələ rayonunda yerləşən “Savalan Winery” müəssisəsinə də ekskursiya ediblər. Burada üzüm tarlaları, müxtəlif növ şərab məhsullarının istehsalı prosesi, həmçinin tədqiqat laboratorayiası ilə tanışlıq həyata keçirilib.
Qeyd edək ki, Ağsu rayonu və Qəbələ şəhərinə təşkil olunan ekskursiyalarda Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının müdiri İsa Xəlilov da iştirak edib.
“Ziya”