Bilal Alarlı: “FOLKLORUN “ZƏFƏR” JANRLARI”

10 min read

Bilal Alarlı (HÜSEYNOV),

ADPU Cəlilabad Filialının müəllimi,

Naxçıvan Dövlət Universitetinin elmlər

doktorluğu üzrə dissertantı,

filologiya üzrə fəlsəfə doktoru,

“Qızıl Qələm” Media Mükafatı laureatı

 

Tarixin bütün mərhələlərində Azərbaycan folklor örnəkləri janr özəllikləri ilə diqqət çəkmişdir. Bu ənənə İkinci Dünya Müharibəsi dövründə, müstəqillik uğrunda mübarizə illərində, Qarabağ savaşları mərhələsində davam etdirilmişdir. Birinci Qarabağ savaşında və atəşkəs dövründə daha çox bayatı, ağı, lətifə janrlarına müraciət olunurdu. Belə folklor örnəkləri AMEA Folklor İnstitutunun nəşr etdiyi çoxcildli “Qarabağ – folklor da bir tarixdir” toplusunda yer alsa da, xalq arasında hələ yazıya alınmamış minlərlə nümunələr yaşayır və yayılırdı. Vətən müharibəsi başlayanda folklor janrları da döyüşə “atıldı”, bir-birindən maraqlı nümunələr yarandı. Mətbuat səhifələrində, sosial şəbəkələrdə yayımlanan, müxtəlif tədbirlərdə söylənilən və ifa edilən folklor örnəkləri janr baxımından da dinləyicilərini heyrətləndirir. Kifayət qədər yazıya alınmamış, nəşr edilməmiş və öyrənilməmiş folklor nümunələri mövcuddur ki, onlara diqqət çəkməyin vaxtıdır.

Vətən müharibəsində “döyüşən” janrlardan biri döşəmədir. Döşəmə klassik poeziyanın məsnəvi janrı üslubundadır, folklorun isə düzgü janrının bir növüdür, daha doğrusu, janrdaxili dəyişimidir. Bunu nümunələrdən də görmək mümkündür:

Qarabağa quş tək uçduq,
Dağlarında qanad açdıq.
El-obaya hay salındı,
Erməniyə toy çalındı.

Pərən-pərən olub getdi,
Saçlarını yolub getdi.
Qiyamət günü yalandı,
Cəmdək cəmdəyə qalandı.

Erməni durub neylədi?
Dil-dodağını çeynədi!
Papağını qoyub qaçdı,
Günlərini sayıb qaçdı.

Qaçdı başını qorusun,
Yar-yoldaşını qorusun.

Digər bir döşəmədə erməni söz gülləsinə tuş gəlir:

Adın nədi, ay erməni?
Başına yaxım kərməni!
Kimdi sənə gün ağlayan?
Kimdi sənə bel bağlayan?

Qədirin-qiymətin hanı?
Şöhrətin, hörmətin hanı?
Həşəratsan, bit kimisən,
Gəbərirsən it kimi sən!

Gözlərini yumub getdin,
Qısqırığa cumub getdin.
Ay qotur, haluva ağla,
Dinc otur, haluva ağla.

Qəbrini qazdı türk oğlu,
Ömrünə yazdı türk oğlu!

El arasında məşhur olan “janrlardan” biri biratımdır. Biratım bayatının janrdaxili dəyişimidir, daha çox hədəfə ünvanlanmış sərrast ifadələr üzərində qurulur:

Dağ-dərəni aşarsan,
Yerişini çaşarsan.
Sənə bir od qoyaram,
Qaynayarsan, daşarsan.

Kol dibində yatmısan,
Min günaha batmısan.
Bura ölməyə gəldin,
Məqsədinə çatmısan.

Üzündən həya getdi,
Yuyuldu boya getdi.
Erməniyə dil verən
Gün gəldi, haya getdi.

Ölüm olsun qoy sənə,
Tutulubdu toy sənə.
Nə həyasız millətsən,
Sözüm yoxdu day sənə!

Lirik növün janrlarından biri şəhidnamədir. Şəhidnamələr Qarabağ savaşında şəhid olmuş hərbçilər haqqında nəğmələrdən ibarətdir. Şəhidnamənin məzmunu digər nəğmələrdən fərqlənir. Şəhidnamələr meyxana xarakterli olur, şəhidin kimliyini və şücaətini tərənnüm edir. Məhəmməd Fədanın ifasından yazıya aldığım şəhidnamədə Qarabağ uğrunda döyüşlərdə fəallıq göstərmiş qazilər də xatırlanır:

İgidlər veribdi can vətən üçün,
Axıdıb hər addımda qan vətən üçün.
Bir canımız var, o da qurban olsun,
Biz hazırıq hər zaman vətən üçün.

Şəhid Şəhriyar Baxışov seçildi,
Döyüşdə ad qoydu igidliyiylə.
Yaşamasa da həyatda cismən indi,
Yaşayır ürəklərdə şəhidliyiylə.

Əkbər Hüseynli – evin tək oğlu,
Suqovuşan uğrunda əsas vuruşdu.
Şücaətlə yazdı adın tarixə,
Cavan yaşda şəhadətinə qovuşdu.

Vasif Əsədullayev də döyüşdü,
Öz ana yurdu, ana torpağında.
Vətənin igid oğludu, qazimizdi,
O da yaralanmışdı Murov dağında.

Cəbrayıl uğrunda gedən döyüşdə,
Əhsən elə qan uddurur düşmənə.
Allah ömür versin, indi qazidi,
Hamı desin əhsən, Əliyev Əhsənə.

Cəmil Abışov Vətən müharibəsində,
Ürəyinə dağlar qoyub ermənilərin.
Əsas “HAROP”, “PUA” idarə eləyib,
Anasını ağlar qoyub ermənilərin.

Hüseyn Hüseynlinin dilindən söylənən şəhidnamədə Murovda qəhrəmanlıq göstərib şəhid olmuş Əkbər Hüseynlidən söhbət açılır:

Görən  nə deyirdi o baxışların ?
Görəsən, sən kimə  əl eləmişdin?
Demə bu şəkillər vida üçünmüş,
Mən elə bilirdim “salam” demişdin.

Kiçik təbəssümün, yorğun baxışın,
Şəklinin özünə hopubmuş demə.
Biz bunu nə üçün görə bilmədik,
Ruhun bədənindən qopubmuş demə…

Daha şəkillərə dönmüsən, Əkbər,
Qəlbi ovutmağa  şəkil bəs etmir .
Gecələr gündüzə qarışıb artıq,
Dan yeri sökülmür, gün sona yetmir!

Ağlayan yağışlar, əsən küləklər,
İntizar sözüymüş, həsrət səsiymiş.
Biz səni doyunca yaşamadıq heç ,
Şəkillər ayrılıq ifadəsiymiş…

Nitq etiketləri folklor janrıdır. Buraya salamlaşma, vidalaşma, alqış-dua, qarğış-bəddua, arzulama, diləmə, təşəkkür, üzrxahlıq, minnətdarlıq, təbrik kimi ifadə zənginliyi olan nümunələr daxildir. Başsağlığı da nitq etiketidir. Başsağlığının bir neçə nümunəsinə diqqət yetirək:

Allah rəhmət eləsin!
Allah səbir versin!
Ruhu şad olsun!
Kədərinə şərik oluram!
Məkanı cənnət olsun!
Səbir diləyirəm!
Axır qəminiz olsun!

Hədələri və hədyanları da nitq etiketlərindən doğan janrlar saymaq olar:

Dağlaram ha, dağlaram,
Əl-qolunu bağlaram.
Rədd olub getməsən,
Qapımda it saxlaram.

Donuz əti yeyibsən,
Özünə çox dəyibsən.
Türkə daş atdığın gün
Kəfənini geyibsən.

Dəli-dəli gəzərəm,
Üz-gözümü bəzərəm.
Torpağıma kəm baxsan,
Boğazını üzərəm.

Küfrlər qarğışın bir növüdür, nəzm və nəsr şəklində olur:

Allah evini yıxsın yıxdığın evlər kimi!
Didərgin düşəsən, Tanrı da yiyə durmaya!
Qapın bağlansın bağladığın qapılar kimi!
Tanımadığın Tanrı tanımasın səni!

Lağlağılar lətifənin janrdaxili dəyişimidir. Lağlağıda hədəf seçilən obraz gülünc vəziyyətdə təqdim olunur. Lağlağıda onu söyləyən öz dili ilə gülüş obyektinə çevrilir. “Yığma-yığıntı” lağlağısı ərlə arvadın mübahisəsi üzərində qurulub:

“Hay Haykanuşdan soruşdu:
-Bu nədi, küçükləyib doldurubsan künc-bucağı? Bunları necə saxlayacağıq?
Haykanuş dedi:
-Yığma-yığıntıdı, qanı qanından deyil, narahat olma, hansı ölkəyə getsələr, baş çıxaracaqlar”.

Ağdam rayonunun Güllücə kənd sakini Salman Süleymanov (1916-1995) tərəfindən söylənmiş bozlamaları qızı Xanım Vəliyeva yaddaşında qoruyub saxlayıb və hazırda Bakı şəhərində yaşayır. Xanım Vəliyevadan yazıya alınmış bozlamalarda ağrı-acılı günlərin poetik rəsmi çəkilsə də, qələbəyə inam ifadə olunur:

Əzizim, ağlamaram,
Sinəmi dağlamaram.
Məni dərdə salana
Daha bel bağlamaram.

Əzizim, ağlamaram,
Sinəmi dağlamaram.
Yalandan dostam deyən
Düşmənə bel bağlamaram.

Əzizinəm, dağ uca,
Qaya uca, dağ uca.
Qeyrətli oğulların
Başlarını tutaq uca.

Əzizim, telə qalmaz,
Daranar yelə qalmaz.
Çəkər bir gün cəzasın
Qatillər belə qalmaz.

Əzizim, qurban sənə,
Mən özüm qurban sənə.
Şəhid oldun el yolunda
Bu gözüm qurban sənə.

Əzizinəm, saraylar,
Dərdimə simsar aylar.
Ana tanklar altında
Qalan oğlun haraylar.

Əzizim oyanıbdır,
Bağda gül oyanıbdır.
Yağıyla döyüşməyə
El hazır dayanıbdır.

Əzizinəm, bel bağlar,
Dost dostuna bel bağlar.
Nakam ölən qardaşın
Bacısı sinə dağlar.

Mən qurbanam, ay ağa,
Sən gəldiyin ayağa.
Qatili yıxmaq üçün
Xalqım qalxsın ayağa.

Mən aşiqəm, dərd qova,
Yaxşı günlər dərd qova.
Dünyanın lənətləri
Oxunsun Qorbaçova.

Əzizinəm dərdim var,
Dağlar qədər dərdim var.
Xalqımızın yaddaşından
Çıxmaz iyirmi Yanvar.

Əzizim, kimə deyim?
Dərdimi kimə deyim?
Düşmən alıb dövrəmi,
Bilməm necə eləyim.

Əzizinəm, bal ana,
Bal becərən bal ana.
Qoy balam qurban olsun
Şəhid olan balana.

Aşiq gəzər olubdur,
Dərddən bezər olubdur.
Şəhidlərimin qanı
Dönüb Xəzər olubdur.

Əzizim, yaş əymərəm,
Budağı yaş əymərəm.
Dünyada cavan ölləm,
Namərdə baş əymərəm.

Füzuli rayonunun Alıxanlı kəndindən köçkün düşmüş İsmayılova Dəstəgül Abdulla qızının söylədiyi sızıltılar da maraqlıdır. Dəstəgül İsmayılova bir müddət Cəlilabad rayonunun Ocaqlı kəndində müvəqqəti məskunlaşmışdı:

Mən aşıq, qəmə sarı,
Köynək ağ, qəmə sarı.
İstəyirəm gün görəm,
Çəkirlər qəmə sarı.

Qardaş-bacı yaxşıdı,
Başda tacı yaxşıdı.
Elin sözün deməyə
Üç-dörd hacı yaxşıdı.

Əziziyəm, yar adı,
Bağrım başı yaradı.
Torpaq həsrəti qəlbdə
Açıq yara yaradı.

Mən aşığam, obadan,
Gün aydındı, oba dan.
Candan ol, eldən olma,
Üz döndərmə obadan.

Mən aşiqəm dağlara,
Qar yağıbdı dağlara.
Sinəmi sipər etdim
Çalın-çarpaz dağlara.

Mən aşiq, üzüm qara,
Bağlarda üzüm qara.
Dağlar, səndən enəni
El yanında üzüm qara.

Qarabağa yol salın,
Boynuna da qol salın.
Ağac əkib bar dərin,
Budağından xol salın.

Qarabağa gedərəm,
Bağrımı qan edərəm.
Vətənə olan borcu
Qanım ilə ödərəm.

Mədhlər tərənnüm janrıdır, daha çox əsgərlər və komandirlər haqqında söylənilir. Mədhlərin ən yaxşı nümunələri Ali Baş Komandana aiddir:

Vur ki, düşməni qandır,
Başındakı nə qandır?!
Bu Zəfərin yiyəsi
Ali Baş Komandandır.

Mədhlərdə dəmir yumruq Zəfərin simvolu sayılır:

Kol-kosa can verərsən,
Əkdiyini dərərsən.
Burnunu soxduğun yerdə
Dəmir yumruq görərsən.

Mədhlərin bir qismi əsgərlərimizi, ordumuzu tərənnüm edir:

Nə gözəl yurdumuz var,
Xilaskar Qurdumuz var.
Türk əsgəri basılmaz,
Müzəffər ordumuz var.

Əsgərlərimizi qələbəyə ruhlandıran folklor nümunələrinin toplanılması və nəşri vacibdir. Folklor tarixin yazılmayan səhifələrinə işıq salır. Tarixi hadisələr yeni folklor janrlarının yaranmasına şərait yaradır. Daha doğrusu, ayrı-ayrı folklor janrlarının yaranması, meydana çıxması müxtəlif tarixi məqamlarla bağlıdır. Nümunə gətirdiyimiz döşəmə, biratım, mədh, şəhidnamə, başsağlığı, hədə, hədyan, küfr, lağlağı, bozlama, sızıltı kimi folklor örnəkləri Vətən müharibəsi dövrünün məhsuludur. Bu folklor nümunələri müstəqil janr sayılmasa da, ayrı-ayrı folklor örnəklərinin janrdaxili dəyişmələri kimi tədqiq olunmağa layiqdir.

“Ziya”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *