AzTU-da “DİGİAGE – Bakı” rəqəmsal oyun düşərgəsinə start verilib
2 min readAzərbaycan Texniki Universitetində (AzTU) “DİGİAGE – Bakı” rəqəmsal oyun düşərgəsinə start verilib.
4 gün davam edəcək düşərgə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və AzTU-nun birgə təşkilatçılığı, “Code Academy” şirkətinin, Veysəloğlu Şirkətlər Qrupunun və “IBIS Baku City Hotel”in dəstəyi ilə həyata keçirilir.
Açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “Code Academy”nin rəhbəri Ülvi Aslanov, Veysəloğlu Şirkətlər Qrupunun İnformasiya texnologiyaları direktoru Ülvi Babaşov çıxış edərək düşərgənin işinə uğurlar arzu ediblər.
Düşərgənin məqsədi peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Həmçinin dünya bazarına çıxmaq imkanları ilə bağlı onların təcrübə əldə etmələrinə və yeni təşəbbüslərə imza atmalarına dəstək olmaq əsas hədəflərdir.
Müraciət edən 267 nəfərdən qəbul mərhələlərini tamamlayan 92 iştirakçı komanda və ya fərdi formada düşərgədə iştirak edəcək.
Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi”, “Bilişim Vadisi Bakı” və “Code Academy” arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən təşkil olunub. Memorandumların məqsədi texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsidir. Eyni zamanda ölkəmizdə innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton, butkamp modeli əsasında birgə layihələrin hazırlanması prioritetlərdir.
8-ci dəfədir təşkil olunan “DIGIAGE” düşərgəsinə bu günə qədər 18 mindən çox müraciət əsasında 4000-dən çox iştirakçı qatılıb. 70-dən çox komandanın 10-dan çoxu şirkətləşib və 7 komandaya 250 000 dollarlıq investisiya edilib. Əsas hədəflər oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstərmək və investisiya əsasında ekosistemi böyütməkdir.
“Ziya”
.