MEHMAN İMANOV (1992)
10 min readİmanov Mehman Nəriman oğlu – 09.10.1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonundakı Şahtaxtı kəndində anadan olmuşdur. İqtisadiyyat və hüquqşünaslıq ixtisasları üzrə ali təhsil almışdır.
Hazırda hüquq mühafizə orqanlarında işləyir.
Poeziyaya xüsusi marağı var. Hələki heç bir dövrü mətbuatda çap olunmayıb.
Beləliklə, siz dəyərli oxucularımızı Mehman bəyin duyğu dünyasının qonağı edir və sizlərə onun bir sıra silsilə şeirlərindən təqdim edirik.
Ramilə Əliyeva,
ZiM.Az
VƏTƏN
30 il yol çəkən gözün,
Daha nurla dolsun, Vətən.
İndi “yanlar” çöküb dizin,
Saçlarını yolsun, Vətən.
Sil gözünün yaşını, gül,
Yaşma etdi düşməni kül,
Biz qoymazdıq Xarı bülbül,
Ayaq altda solsun, Vətən.
Dönməsəydik Cıdır düzə,
Torpaq küsəcəkdi bizə,
Qayıtmışıq evimizə,
Daha sınıb ovsun, Vətən.
Sildik alnımızdan arı,
O gün tez yetişə barı ,
Göyçə göldən yağıları,
İt qovantək qovsun, Vətən
Yolumuz gedir Turana,
Zəngəzura, İrəvana,
Azca qalıb Naxçıvana,
Pənah yolum olsun Vətən!
ATA
Bu gün torpaqlara tapşırdım səni,
Nə yaman tələsdin yatmağa, ata..?
Sən yorğan örtərdin üstümə mənim,
İndi necə torpaq mən atım,ata..?
İnana bilmirəm, bu bir yuxumu..,
Gəl oyat,kabusdan ayılım, ata.
Torpaq verməz axı sənin qoxunu,
Darıxsam mən kimə sarılım, ata?
Niyə tez köçdün ki, fani dünyadan
Yaxşılar tez köçür deyəsən, ata
Dağa sinə gələn kövrək ürəyin,
Bu dəfə dözmədi, de, nəyə, ata?
Otağın qapısı hər açılanda,
Elə bilirəm sən gəlirsən, ata.
Mən necə oturum isti otaqda,
Sən soyuq məzarda donursan, ata.
Kaş, sənin yanına gələ biləydim..,
Neyləsəm sağalmır bu yara, ata
Kaş, sənin yerinə özüm öləydim
Əlimlə qoymazdım məzara, ata.
ANAMA DEMƏYIN,
AYRILMIŞIQ BIZ
Anam son zamanlar çox kövrək olur,
Saçları ağarır bənizi solur,
Adi bir sözdən də gözləri dolur,
Anama deməyin, ayrılmışıq biz .
Tanrının yerdəki mələyi dözməz,
Puç olar arzusu, diləyi dözməz ,
Eşitsə anamın ürəyi dözməz,
Anama deməyin, ayrılmışıq biz.
Yar məni könlündən silsin, eybi yox
Əğyara könlünü versin, eybi yox
Dost düşmən qoy bilir bilsin, eybi yox
Anama deməyin, ayrılmışıq biz.
Bilsə küsə bilər, danlaya bilər,
Gecələr xəlvətcə ağlaya bilər,
Göz-gözə gəlmirəm, anlaya bilər
Anama deməyin, ayrılmışıq biz.
Anam o qızı çox istəyir məndən,
Anam kədərini gizləyir məndən,
Anam toy xəbəri gözləyir məndən,
Anama deməyin, ayrılmışıq biz.
QAYIT GƏL
Gözümün sonuncu yaşı da axdı,
Söyləyə bilmədim, getmə, qayıt gəl.
Gördüm ki, səadət bizdən uzaqdı,
Söyləyə bilmədim, getmə, qayıt gəl.
Bu qədər sevərkən bu hicran nəydi,
Əhdi-ilqarımız məyər beləydi..?
Əlinə əğyarın əlləri dəydi,
Söyləyə bilmədim, getmə, qayıt gəl.
Döz desən, ürəyim dözərdi, gülüm,
Getdin sən, guya nə düzəldi, gülüm?!
Gedişin o qədər gözəldi, gülüm,
Söyləyə bilmədim, getmə, qayıt gəl .
Pərvanə olub da oduna yandım,
Səni bu eşqimin həmdəmi sandım,
Barmağında üzük gördüm,dayandım
Söyləyə bilmədim, getmə, qayıt gəl.
QORU
Gözəl qız, çalış ki,əyrilər içrə ,
Yolunu itirmə, düzünü qoru.
Özgənin ocağı üşüdər səni,
Odunu söndürmə, közünü qoru.
Cırtdansan işıqlar səni çaşdırar,
Divlər yemək üçün söz güləşdirər,
Ləllər-cəvahirlər göz qamaşdırar,
Kor eylər gözünü, gözünü qoru.
Çoxluqdan uzaq dur, təkliyə alış,
Yaşama dəyər ver,həyatla barış,
Əvvəlcədən düşün ,sonradan danış,
Sözə söz qoşarlar, sözünü qoru.
Zər qədrini zərgər bilər dəmində,
Bir gövhər tapılmaz sənin tənində,
Yaqutsan, qalarsan dülgər əlində,
Heyifsən, gözəlim,özünü qoru.
SABAH YARIMIN TOYUDUR
Şamtək sönmək istəyirəm ,
Daşa dönmək istəyirəm,
Bu gün ölmək istəyirəm,
Sabah yarımın toyudu…
Necə gözəl olub əlbət,
Kaş son dəfə görüm xəlvət,
Bəlkə etdi məni dəvət,
Sabah yarımın toyudu…
Xatirələr yenə dindi,
Ölüm bu dərddən şirindi,
Necə rahat yatım indi,
Sabah yarımın toyudu…
Ürəyimi alıb qəhər,
Çayım buzdu, aşım zəhər,
Kaş oyanmayam bu səhər,
Sabah yarımın toyudu…
Kaş gerçək dönə nağıla,
Kaş Tanrı məni çağıra,
Kaş bu gün dünya dağıla,
Sabah yarımın toyudu…
Gözlər dolur aram aram
Bu gün mənə yuxu haram
Günəş doğma yalvarıram
Sabah yarımın toyudur…
QOCALMA, ANA, QOCALMA…
Bəyaz telinə yaraşmaz,
Qocalma, ana, qocalma.
Əsa əlinə yaraşmaz,
Qocalma, ana, qocalma.
Göllər sonasız çəkilməz,
Tellər hənasız çəkilməz,
Dünya anasız çəkilməz,
Qocalma, ana, qocalma.
Səcdə etsəm hansı dinə,
Mənim tanrım sənsən yenə,
Qocalıq yaraşmaz sənə,
Qocalma, ana, qocalma.
Qurban olum dilinə mən,
O ağaran telinə mən,
Kaş qocalam yerinə mən…
Qocalma, ana, qocalma.
Dünyada kim var qocalsın,
Dağ başında qar qocalsın,
Ala gözlü yar qocalsın,
Qocalma, ana, qocalma.
DÜNYA
Nə əyrin bəllidir, nə düzün bəlli,
Bəyazın qarışıb qaraya, dünya.
Min yol həccə getsən, olmaz təsəlli,
Baxmırsan nə haya, haraya, dünya.
Möhtac eyləmisən namərdə mərdi,
Veribsən dərmanı tapılmaz dərdi,
Hər günün hicrandı, qəmdi, kədərdi,
Bənzərsən dərd dolu saraya, dünya.
Mələklərin nəyə qarışıb başı..,
Görmürlər… məzlumun axır göz yaşı?
Tanrı yağdıracaq göylərdən daşı,
Baş alıb biz qaçaq haraya, dünya?
Quzular qurdlara əmanət olub,
Yaşamaq özü də cinayət olub,
Əyrilik, oğruluq fərasət olub,
Nadanlıq düşübdü araya, dünya.
Könüllər vəfasız vəfasın çəkir,
Bəşər bir almanın cəfasın çəkir,
Zalımlar şövq ilə səfasın çəkir,
Məzlumu bəs kimlər araya, dünya?
Cənnətdən qoynuna biz pənah etdik,
Bilmədik nə savab, nə günah etdik,
Sonunda yorulduq,tükəndik,bitdik,
Bizləri salmısan qalaya, dünya!
“Şərab bulağından, bal bulağından”
Qovulduq Həvvanın bir günahından,
O, alma dərərək “ədən” bağından,
Nəfsimizi saldı bəlaya, dünya…
SƏNƏ ŞEİR YAZIRAM…
Sən eşqin badəsini,
İçməyə tələsirsən.
Yığıb cehizlərinı,
Köçməyə tələsirsən.
Mən hələ də, gözəlim,
Sənə şeir yazıram.
Məşuqlar şəhərindən,
Vidalar ölkəsindən,
Əl-ələ tutduğumuz
Ağacında kölgəsindən,
Sənə şeir yazıram.
Əğyar busəndən dadıb,
Gülüşündən kam alır.
Mənsə rəsminə baxıb,
Baxıb xəyala dalır…
Sənə şeir yazıram.
Kucəmizdən keçən gün,
Sənə şeir yazıram
Sən gəlinlik seçən gün,
Sənə şeir yazıram.
Sən …sevdiyin insana,
Eşqinizdən yazırsan.
Mən bunu qana-qana,
Sənə şeir yazıram.
Əğyar üzündən öpüb
Əllərindən tutanda,
Telini oxşayanda,
Dizlərində yatanda,
Hər şeyi dana-dana,
Ürəyim yana-yana,
Sənə şeir yazıram…
BUMU?
Kimisi tox, kimisi ac,
Dünya, ədalətin bumu?
Süni güllər könüldə tac,
Bağban, təravətin bumu?
Həyat yorur asta-asta,
Ürək küskün, gözlər yasda,
Həkim öldürməkdə usta,
Loğman, təbabətin bumu?
Oğru cənnət qapısında,
Hələ ömrün yarısında,
Molla qazanc arzusunda,
Hacı, ibadətin bumu?
Öyrəndikcə həyat dərsi,
Düz çıxır hər şeyin tərsi,
Dəyişib haqqın qibləsi,
Qiyam, əlamətin bumu?
Qarğa qartal səmasında,
Tikanlar gül simasında,
Əyri doğru libasında,
Haqq, yeni adətin bumu?
Sağalmamış köhnə yaran,
Demədimmi sevda haram?!
Söz vermişdin vurulmaram,
Ürək, sədaqətin bumu?
Odun söndü, közün qaldı,
Sevincində gözüm qaldı,
Özün getdin, hüzün qaldı,
Dilbər, əmanətin bumu?
Çalınır vağzalı səsi,
Bu hicran çətin keçəsi,
Bu gün yarın toy gecəsi,
Mehman, fərasətin bumu?
NƏ OLDU BİZƏ…
Eşqin baharında saralıb solduq,
Nə oldu, gözəlim, nə oldu bizə?
Biz nə tez ayrılıb, sənlə mən olduq,
Nə oldu, gözəlim, nə oldu “bizə”?
Əhdi peymanımız məyər beləydi,
Bu qədər sevərkən ayrılıq nəydi,
Cadumu etdilər, nəzərmi dəydi,
Nə oldu, gözəlim, nə oldu bizə?
Duanı sonacan bitirmədikmi,
Allaha salavat gətirmədikmi,
Yerə çörək düşdü, götürmədikmi,
Nə oldu, gözəlim, nə oldu bizə?
Vüsala yetişmək daha çox gecdi,
Bu sevgi ayrılıq yolunu seçdi,
Yolumuzdan qara pişikmi keçdi,
Nə oldu, gözəlim, nə oldu bizə?
Saçının ucunu hörmüsən bəlkə,
Dəsmalı özgəyə vermisən bəlkə,
Yasaq almanı sən dərmisən bəlkə,
Nə oldu, gözəlim, nə oldu bizə?
Bəlkə, bağışlanmaz günah etmişik,
Bəlkə, qarışqanı biz incitmişik,
Yalandan Qurana andmı içmişdik,
Nə oldu, gözəlim, nə oldu bizə?
Cümədə görüşə çıxmamışıq ki,
Gecələr aynaya baxmamışıq ki,
Qaranquş yuvası yıxmamışıq ki,
Nə oldu, gözəlim, nə oldu bizə?..
DARIXACAQSAN
Sən elə bilirsən ayrılıq sondu,
Hər məni görəndə, darıxacaqsan.
Naxçıvan o qədər böyük deyil ki,
Üz-üzə gələndə darıxacaqsan.
Bizim mahnımızı hər eşidəndə,
Rəsmimə baxanda darıxacaqsan.
Hər ulduz axanda gözün dolacaq,
Hər yağış yağanda darıxacaqsan…
Göz-gözə, əl-ələ dolaşdığımız,
Mənsiz küçələrdə darıxacaqsan.
Bəlkə unudarsan al şəfəqləri,
Tənha gecələrdə darıxacaqsan.
Səninçün dərdiyim tər çiçəklərin,
Güllərin ətriyçün darıxacaqsan.
Şəninə şeirlər yazılmayacaq,
Şeirimin sətriyçün darıxacaqsan.
Saxta gülüşlərin sıxacaq səni,
Xoşbəxtlik oynunda darıxacaqsan…
Özgə bir ocaqda sən məndən ötrü,
Əğyarın qoynunda darıxacaqsan.
NİYƏ DUYMUR DÜNYA HAQQIN SƏSİNİ?
Bu nə soyuq, bu nə qardı, Xocalı,
Üşüdünmü,bu nə haldı, Xocalı,
Bəşər kordu, kardı, laldı, Xocalı,
Görmürlərmi… əsrin faciəsini?
Heyif…duymur dünya haqqın səsini…
Günahı nə bələkdəki canların,
Bizə haqdır tökmək kafir qanların,
Körpələrin başın kəsən “yanların”,
Kəsmək gərək itdən gələn nəslini,
Niyə duymur dünya haqqın səsini?
Kağız üstdə ədalədən bezmişəm,
Atəşkəsə itaətdən bezmişəm,
Məzlum türkdü, bu söhbətdən bezmişəm…
Anlamıram “ədalət” kəlməsini,
Heyif…duymur dünya haqqın səsini…
Bu vəhşətə necə dözsün axı can,
Haqqın yolu cana-candır, qana-qan.
On dörd əsr yas saxlayan müsəlman –
Eşitmədin… Xocalı naləsini?!
Niyə duymur dünya haqqın səsini?
Dünya, səndən mədət uman deyiləm,
Mən ki türkəm çətin zülmə əyiləm,
Haqq ədalət keşikcisi deyilən-
BMT-mi, erməni kilsəsimi?
Heyif …duymur dünya haqqın səsini…
ZiM.Az
.