May 9, 2026

ZƏRƏNGİZ ŞIXLI: “MEHRİBANIN SİRLİ XATİRƏLƏRİ” (Hekayə)

15 min read

Mehribanın yadında qalan ilk sirli xatirəsi, özü beş yaşında olanda, anası ilə qonaq getdikləri kənddə baş vermişdi. Orada qonşu uşaqları həyətə çıxıb oynayanda, Mehribanın anası Nurcahan xanım qızını uşaqlarla oynamağa göndərir. Mehriban heç kimi tanımadığı üçün könülsüz, utancaq vəziyyətdə həyətə çıxır. Kukla kimi bəzənmiş bu balaca qonağı qarşılayan oğlanlı-qızlı bütün qonşu uşaqları ona yaxınlaşıb öpüşüb-görüşürlər. Sonra, hərə öz qaçma-tutma oyununu davam etdirir, başları qarışır. Mehriban tanımadığı uşaqlara uyğunlaşa bilmir, evə qayıtmaq istəyir. Bu zaman gözlənilmədən uşaqların hamısından yaşca böyük olan bir oğlan ona yaxınlaşıb qulağına pıçıldayır: – Səni böyüyəndə mən alacam, indi qaç, mən səni tutum! Mehriban nə edəcəyini bilmir. O, elə düşünür ki, bütün uşaqlar bu söhbəti eşitdilər. Sarsılmış bir vəziyyətdə evə qayıdır. Anası onun həyəcanlı görünüşünə təəccüb edərək, qızım, nə tez qayıtdın? –  sualına cavab eşitməyən Nurcahan xanım qızına yaxınlaşıb: – Nəyə görə dinmirsən bala?  Xətrinə dəyib, incidən olub? – deyə soruşur.  Mehriban sakitcə cavab verir: qaçmatutma oyunundan xoşum gəlmir, kimkimi istəyir onu qaçmamış tutur, deyib, özü ilə gətirdiyi gəlinciklə məşğul olur. Bu əhvalatdan sonra balaca Mehriban, qonaq qaldıqları on gün ərzində bir dəfə də olsun, uşaqlarla oynamağa həyətə çıxmır. O, anasından tez-tez soruşur, evlərinə nə vaxt qayıdacaqlar. Qızlar onu oynamağa çağıranda, kimi isə görəcəyindən qorxurmuş kimi, qapıdan bayıra çıxmır.
İstirahət günləri başa çatır. Onlar şəhərə evlərinə qayıdırlar.  Anası Nurcahan xanım nadir dərzi, həm də dəbdə olan əllə tikilən tikmələri məharətlə bacaran nümunəvi sənətkar idi. Mehriban anasının gördüyü bütün işləri öyrənməyə çalışır. Anasının məşğul olmadığı işlə, ən çox tor iynəsi ilə toxunan, toxumaları öyrənmək istəyir. Nurcahan xanımın isə, qızının bu istəyindən xəbəri yox idi.

Mehriban, qonşuları gənc qız, Zərifə xanımdan tor toxumağı necə başlamaq lazımdırsa, ona öyrətməyini xahiş edir. Zərifə xanımın gülməyi tutur, ancaq bildirmir, vaxtım olanda başlayıb verərəm deyir. Zərifə həqiqətən elə bilirdi ki, Mehriban balaca uşaq olduğuna görə, iynəni əlində düz tuta bilməz. Onu öyrətməyə də çox vaxt tələb olunur. Özü isə tez qayıdıb getməlidir. O, çıxılmaz vəziyyətdə olduğu üçün vaxtı uzadırdı. Mehriban Zərifənin bu münasibətindən inciyir.

Zərifə xanım erkən yaşlarında anasını itirmişdi, nənə-babasının himayəsində yaşayırdı. Babası Rəhim kişi təmiz qəlbli, mülayim xasiyyətli insan idi. O, hamını özü kimi hesab edib, inanırdı. Yay fəslində şəhərdən kənardakı bağlarında qalıb dincəlir və özləri üçün bostanlarında cürbəcür məhsullar becərirdilər. Rəhim kişi axır zamanlarda müxtəlif xasiyyətli dostları ilə, şübhəli, xoşa gəlməyən oyunlara qoşulmuşdu. Zərifənin yazıq nənəsi Sona xanım, nəvəsinin gələcək taleyini düşünüb, onu qohum-əqrəbalar evində saxlayırdı. Bu məlumatdan heç bir qonşunun xəbəri yox idi. İşləri düşəndə nənə, nəvəsi ilə, evlərinə gəlirdilər. Zərifə işlərini qurtarandan sonra, xalası gilə qayıdırdı.
Yayın isti günlərində qonşulardan, gənc qızlar və gəlinlər hərə öz əl işlərini nümayiş etdirmək üçün Nurcahan xanımın həyətindəki nəhəng tut ağacının altında, onun başına toplaşır, zarafatlaşır, deyib-gülüşürdülər. Mehriban, Bahar xanımın söhbət edə-edə köynək ətəyinə lazım olan tor toxuduğunu görür və ondan xahiş edir ki, tor toxumağı necə başlamaq lazımdır ona öyrətsin. Bahar xanım gülümsəyərək deyir: “İynəni də, sapı da gətir başlayım”. Sevincinin hüdudu olmayan Mehriban qanadlanmış quş kimi qaça-qaça gedib deyilənləri gətirib Bahar xanıma verir. Xanım sapı barmağına dolayıb tor iynəsinin ucu ilə ardıcıl ilmələri toxumağa başlayır, Mehriban işin necə asan olduğunu görüb sevinir.  Onun əlindən alaraq: – “Mənə ancaq başlamaq çətin idi, bildim, nümunəyə baxıb toxuya bilərəm, çox sağ olun, nə asan iş imiş!” – deyir. Elə oradaca, toxumağa başlayır. Nümunəyə baxıb çətin toxumaların qaydasını soruşub, öyrənir. Müşahidə edən xanımlar, Mehribanın məharətinə heyran olurlar.

O, istəyinə nail olub, gülə-gülə, əllə vidalaşıb evlərinə qaçır. Heç kim görməsin deyə, özünün balaca yataq otağına girib, toxumağı davam edir.

Axşam olur, ailə üzvləri ata, ana və bala nahar süfrəsi ətrafında əyləşirlər. Mehriban sevinclə daxili hisslərini gizlətmədən, toxumağa başlayır. Ata və ana heyrətlə qızlarının məharətinə baxır, fəxr duyğusu ilə fərəhlənir.  Hər ikisi, qızını bağrına basıb öpür, əzizləyir. Mehriban dayanmadan həvəslə, gün ərzində bir qarış uzunluğunda tor toxumuşdu. Səhəri gün Zərifə evlərinə gələndə, həyətdə Mehribanı görüb təəccüb edir. Mehriban onunla danışmaq, hətta onun tərəfinə baxmaq fikrində deyildi. O, balaca qonşusuna yaxınlaşıb soruşur “Məni görmürdün”? Mehriban qəlbdən incidiyini büruzə verərək dinmir.  Mənzərəni müşahidə edən Nurcahan xanım onlara yaxınlaşır, əlindəki bir qarış uzunluğunda toxunulmuş gözəl çeşidli toru Zərifə xanıma göstərir. O, təəccüblə: – Kim toxuyub ay, xala? – deyə soruşur. Nurcahan xanım deyir: “Səbirsizliklə sənin yolunu gözləyən balaca qonşun-Mehriban. Qeyri-adi məharətə mənsub olan balaca Mehriban, məktəb yaşına qədər, bütün əl ilə görülən tikmə və toxuma işlərini bacarıb, məharətlə öyrənmişdi.

Onun Toplan adında çox sevdiyi, uzun ağ tükləri olan, bir iti vardı. İtin yalnız insan kimi danışmağa dili yox idi. Hər deyilən sözü başa düşür və ona uyğun hərəkət edirdi. Uşaq yoldaşı kimi, Mehribanla əl-ələ tutuşub, dal ayaqlarının üstündə istənilən qədər yol gedir, yorulanda əlini buraxıb dal ayağının üstündə otururdu. Elə bil yoruldum deyirdi. Mehriban Toplanı çox sevir, nazını çəkir, hər bir qayğısına qalırdı.

Mehriban altı yaşında məktəbə gedir. Yaddaşındakı ikinci sirli xatirəsi oradan başlayır. Sinifdə Vahid adlı qəşəng oğlanla bir partada otururdu.

Mehriban öz adını doğrultmuşdu. O, xasiyyətcə mehriban, hamını gülər üzlə, nəzakətli münasibətlə qarşılayırdı.

Sinifdə oğlanları öz qardaşı, qızları bacı hesab edirdi. Anası Nurcahan xanımın verdiyi tərbiyəyə əsaslanırdı.
Vahid birinci sinfə səkkiz yaşında gəlmişdi. O, sərbəst, təbii hissləri oyaq gənc kimi, ağır təbiətli, təmkinli, az danışan, hərəkətlərində ciddi, dərs əlaçısı idi. Dərs ilinin axırında, 4-cü rübdə, Vahid Mehribandan bir dəqiqə də olsa uzaqlaşmır, sakit-sakit baxır, sanki, ağlamaqdan özünü zorla saxlayırdı. Mehribanın ona yazığı gəlib soruşur: “Nə olub? Özünü elə yazıq aparırsan ki, adamın ürəyi ağrıyır”. Bu sözləri eşitmək istəyən Vahid, əlləri ilə axan göz yaşlarını silməyə başlayır. Mehriban lap qorxur, elə bilir ki, bədbəxt hadisə baş verib, qayğı çəkən yaşlı insanlar kimi gözləri dolur. Vahid tez deyir: – “Ağlama! Sən ağlama, mən sənsiz darıxaram, yaşaya bilmərəm, biz başqa şəhərə köçürük, atamın iş yerini dəyişiblər. Mən…mən, səni sevirəm!” Mehriban bir ailə sandığı, sinifdə, qardaş hesab etdiyi ən yaxın yoldaşından ayrılmaq hissi ilə çox kədərlənir, nə də, heç bir söz tapıb deyə bilmir.  Bir il yarım bundan əvvəl qulağına pıçıldayan oğlan yadına düşür.

Görəsən, o kim idi? Indi haradadır? Bir anlığa xəyala dalıb susur. Bilmir ki, bu xatirələr sirli xəyallara dönüb, ömür illərini yada salacaq.

Mehriban adəti üzrə hər dəfə məktəbdən evə qayıdanda məktəb çantasını eyvandakı çarpayının üstünə qoyub, həyətə düşürdü. Onun yolunu səbirsizliklə gözləyən Toplan az qalırdı  zəncirini qırsın. Sədaqətli sahibi tez ona yaxınlaşır, başını sinəsinə sıxır, sığallayıb əzizləyirdi. Sonra körpüdən keçib, göz oxşayan mənzərəli, əlvan növlü meyvələri olan bağlarına gedir, bütün sahəni seyr edirdi. Bağa girəndə sol tərəfdə böyük tut ağacının altında yerləşən bal arılarının vızıldaya-vızıldaya yuvalarına girib-çıxdığına həvəslə baxa-baxa, açılan qönçə mürəbbə qızıl gülünün ləçəklərini toplayırdı. Bu dəfə məktəbdən evlərinə qayıdıb, çantasını qoyub, həyətə düşəndə, görür ki, Toplan yatıb. Atası həyətdə mətbəxin qapısı tərəfdə, oturacağın yanında üzü o yana dayanıb, öz işi ilə başı bərk qarışıb. O, sakitcə atasına yaxınlaşır, oturacağa qalxır, atasının qulağını yavaşcadan dişləmək istəyir. Üzünə dəyən hənirtidən ata bərk diksinir, əsəbindən qızını vurmaq istəyir. Mehriban gülə-gülə qaçıb uzaqlaşaraq, deyir: – Ata, mən elə bildim ki, qulağını dişləyəndə sən də keçi balası çəpiş kimi “məə…”  edəcəksən.  Bu haqda nağılı ata yadına salır, qızı balaca olanda özü danışmışdır. Atanın da gülməyi tutur, ata-balanın gülüşünə eşidənlər də qoşulur. Növbəti gün, adəti üzrə, Mehriban yenə məktəbdən evə gələndə çantasını eyvana qoyub, həyətə düşür, Toplan ilə görüşdükdən sonra, bağlarına getmək istəyir. O, körpüyə çatanda qurbağanın qorxulu çığırtılı səsini eşidir. Körpünün yaxınlığında, arxın bağ sahilində bir su ilanının ağzında qurbağanın dal ətrafı, qalan hissəsi, başı bayırda qaldığını görür. O, tez bir daş götürüb ilanın başına vurur. Qurbağa atlanıb sahilə düşür, İlan suya batıb görünməz olur.

Onların evləri şəhərin mərkəzində, gözəl mənzərəli sahədə yerləşirdi. Evləri yaşıl ağaclarla əhatə olunmuş, sanki meşəlikdi. Mehribanın atası tacir Nadir bəy təbiət sevər, zəhmətkeş olduğuna görə həyətlərində güllü-çiçəkli bağça və əlvan meyvəli bağlarının təşəbbüskar bağbanı sayılırdı. O, şəhərdə Nadir adında məşhur tacir kimi tanınırdı. El-obasında yaşayan əhalinin ehtiyacını sifarişlərlə ödəyirdi. Çox zarafatcıl, insanpərvər, mərhəmətli, alicənab insan olan Nadir bəy xalqını sevdiyi kimi, xalqı da onu sevirdi. O, qızının körpəliyində hər gecə bir-birindən maraqlı, tərbiyəvi nağıllar danışır, onu yuxuya verəndən sonra özü yuxulayırdı. Mehriban ata-anası ilə nəfəs alır, onlarla fəxr edirdi. Uşaq olduğuna baxmayaraq çox qayğıkeş və dərrakəli idi. Onun ata-anası yeganə övlad sahibləri, qızlarını əzizləyir, gələcək nəsil üçün nümunəvi gənc, yetişdirməyi vacib bilərək, deyirlər: – əzizim əziz, tərbiyəsi özündən də əziz!

Mehribanın anası Nurcahan xanım orta təhsilli gənc evdar qadın olaraq  həm də nümunəvi dərzi idi. O, zəngin zəkalı, dərin düşünən, uzaq görən, yaxşını-pisdən dürüst seçən, müdrik xanım olmaqla, hər fikrini atalar sözü ilə bitirən, nadir bir tərbiyəçi-ana kimi tanınırdı.

Qonşuluqda yaşayan gənc yeniyetmə qızlar və gəlinlər boş vaxtlarında Nurcahan xanımın ətrafında toplaşaraq ondan məsləhətlər alır, danışıb-gülüb vaxtlarını xoş keçirirdilər. Nurcahan xanım öz başına gələn bir sirli, maraqlı əhvalatı danışıb hamıda qəribə bir təəccüb oyatmışdı. O vaxtları lazım olan suyu uzaqdan daşıyıb gətirirdilər. Nurcahan xanım onu, heç kim, görməsin deyə, sübh qaranlığında vedrələri doldurub su gətirirdi.  Bir gün o, dolu vedrələrlə darvazadan həyətə girən yerdə ayağının altında qırmızı otuzluq pul topası olduğunu görür, əhəmiyyət verməyib, evə gəlib əhvalatı danışır. Nadir bəy maraqlanıb, həyətə düşür, baxıb pulları görüb, götürür. Uzun müddət gözləyir, 3000 rubl. pul itirən sahibdən xəbər çıxmır. Nurcahan xanımın tərbiyəsi ona pulu götürməyə yol vermədi, bəlkə onu sınayırlar, tamahkardır ya, yox.

Qonşular qış fəslində evdə, yay fəslində həyətdə toplaşıb böyük tut ağacının altında düzəldilmiş oturacaqlar üstündə otururdular. Nurcahan xanım Mehribana böyüklərin danışığına qulaq asmağa icazə vermirdi. O, kənar adamlardan qızını uzaq saxlayırdı. Qonşu qadınlardan biri gələn kimi o saat, get dərslərinlə məşğul ol, və ya get toyuqlara dən tök və ya meyvə və ya tərəvəz yığ gətir, deyərək Mehribanı böyüklərin söhbətlərinə qulaq asmağa qoymurdu. Düşünürdü ki, böyüklərin zarafatlarını uşaqlar eşitməsə yaxşıdır, tərbiyələri pozulmasın. Nurcahan xanım Mehribanı hər uşaqla da oynamağa qoymurdu.

Məktəbdə olan hadisələr haqqında məlumatları dəqiqliyi ilə, hansı uşaq necə hərəkət etdi? Hansı müəllim nə dedi? Olanların hamısını, olduğu kimi, evə gələndə danışmağı ana qızından tələb edirdi. O, bu yolla qızına ədəb qaydalarına düzgün əməl etməyi və tərbiyəsiz uşaqları tanımaq istəyirdi. Mehriban çox həssas və diqqətli olduğuna görə bütün uşaqların və müəllimlərin hərəkət və danışıqlarını olduğu kimi, anasına xəbər verir, bəzən özü etdiyi hərəkətin necəliyini yoxlamaq üçün, başqası tərəfindən edilib deyirdi. Ana deyəndə: – Maşallah olsun ağıllı uşaqdır! Mehriban gülüb deyirdi: – O, mənə aiddir. Hər dəfə özü etdiyi hərəkətləri evdə danışanda tərifə layiq görülürdü. Sinifdə dərs zamanı bütün canlanma Mehribanın sual cavabından sonra başlanırdı. O, bütün fənləri sevə-sevə oxuyur, zəif oxuyan uşaqların hamısına kömək edir, əlaçı yoldaşları ilə yarışırdı. İllər gedir, Mehriban böyüyüb sinifdən sinfə keçir. Onun bir vəzifəsi də var idi. Atası Nadir bəy bazarlıq edir, Mehriban gedib alınanları evə gətirirdi. Bir gün Mehriban evdən bayıra çıxmaq istəmir. Səhər tezdən məktəbə də bir neçə qonşu qızları ilə getmişdi. Anası onun gedib atasının aldığı bazarlıq məhsullarını gətirməyə göndərir, o isə heç bir söz demir, nə də getmir.  Ata, Mehribanın gəlməyini çox gözləyir, nigaran qalır, aldığını məcbur olub özü gətirib, gəlir… Ata pəncərədən görəndə ki, qızı öz işləri ilə məşğuldur, pəncərəni açıb dolu zənbili evin ortasına döşəməyə çırpıb, tələsik işinə, müştərilərin yanına qayıdır. Nadir bəy işdən evə gələndə görür ki, Nurcahan xanım təşviş içində bilmir nə etsin. Ata qızından soruşur: – Sənə nə olub, qızım? Mehriban yenə də susur, heç bir söz demir. Növbəti bir gün günorta vaxtı idi. Nurcahan xanım görür ki, bir topa arılar uçub gedir, tez onların qarşısına su səpələyir, arılar qonşu bağında bir ağacın üstünə qonurlar.  Ana, Mehribana deyir ki, tez gedib atası Nadir bəyi çağırsın. Qız qulaq asır, ancaq bir söz demədən sakitcə baxır. Nurcahan xanım çox əsəbi halda küçəyə çıxır. O, rastlaşdığı qonşu gəlinə qızından şikayət etməyə başlayan kimi, qonşu xəbərdarlıq edir: – Xala ehtiyatlı olun, “biri” qızınızı götürüb qaçmağa hazırdır, bu gün olmasa da, sabah bunu edəcək… Nurcahan xanım az qala huşunu itirsin. Gəlin kömək edib onu evinə gətirir və tez gedir ki, Nadir bəyə arılar barədə məlumat versin. Mehriban anası ilə qucaqlaşıb ağlayırlar. Ana, balasını duz kimi yalayıb, deyir: – Ulu Tanrım, şükürlər olsun Sənə, nə yaxşı ki, balam məcbur olub, evdən bayıra çıxmadı. O gündən sonra Mehribanı qonşu məktəb yoldaşları ilə birlikdə Nurcahan xanım özü məktəbə aparır və qarşılayırdı.

Mehriban xüsusi xasiyyətə malik bir gənc kimi böyüyürdü.  Az vaxt ərzində ünsiyyətdə olduğu yoldaşlarının sözü ilə-əməli müxtəlif olanları, bir-birindən yaxşı seçir, kimin kim olduğunu düz tanıya bilirdi.

(Davamı var)

Hekayənin davamını buradan oxuya bilərsiniz…

https://ziya.info.az/2026/05/09/zerengiz-sixli-mehribanin-sirli-xatireleri-hekay%c9%99-davami/

 

ZiM.Az

 

.