Xocalı soyqırımı yaddaşımıza möhürlənən, göynəyən yaramız

6 min read

1992-ci il Xocalı soyqırımı – yaddaşımıza möhürlənən, ağrısı hər toxunuşda göynəyən yaramız. İllər keçsə də mənfur düşmənin namərd xəncəri ilə yaralanan qəlbinin ağri-acısını yüklənib daşıyan xalqımızın qəm yaddaşı. Azərbaycanlı, türk kəlməsinə kin-küdurəti illərlə sönməyən daş duyğulu, düşmənlərimiz illər öncə törətdikləri vəhşiliklərin daha amansızını 26 fevral Xocalı soyqırımı ilə davam etdirdilər. Çoxsaylı ağır texnika ilə Xocalı şəhəri büsbütün dağıdılmış, evlər yandırılmış və dinc əhali amansızlıq və insanlığdan kənar qəddarlıqla qətlə yetirilmişdir.  Bu faciəni əl birliyi ilə həyata keçirən erməni və rus rəhbərliyinin əsas məqsədi Azərbaycanı tutduğu mövqedən- müstəqilliyini bərpa edərək qoruma yolundan çəkindirmək idi. Lakin onlar bunu unutmuşdu ki, Azərbaycan xalqı artıq bu yola öz qədəmlərini 1990-cı il yanvarın 20-də şəhidlər verərək qoymuşdur.

“XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir.”

Satdı düşmənlərə, satdı yadlara,

Bürüdü qəlbimi çox fəryadlara.

Atdı alovlara, atdı odlara,

Yandıra bilmədi, bu dünya məni. (Rafiq Nazimoğlu)

“Rus ordusu Xocalını işğal edib Qarabağın açarı kimi onu ermənilərə peşkəş verdi. Əslində Moskva Xocalını zəhərli bir xəncər kimi azərbaycanın kürəyinə saplamaqla ondan intiqam almış oldu. Lakin Xocalının qanlı süqutu Azərbaycanı geriyə döndərə bilmədi.”

Dünya tarixində yuxarıda qeyd olunan faciələrdən heç də fərqlənməyən bu amansız soyqırımda başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılaraq qətlə yetirilən uşaq, qadın, kişilərin cansız, hərəkətsiz cəsədlərindən belə əl çəkməyən yırtıcı qaniçənlər əsl simalarını göstərmişdilər. Xocalı soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, bunlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl insan olmuşdur. Səkkiz ailə tamamilə məhv edilmişdir.

”Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları müəyyən edilmişdir. Bu təcavüz zamanı Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilərək, onların bir qismi öldürülmüş və şikəst edilmişdir.”

Xocalı soyqırımının dünyada tanınması üçün Ülu Öndər H.Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” tarixi fərmanını imzalamışdır. Bu fərmana əsasən Xocalı hadisələrinin geniş miqyasda tanıdılması, cinayəti törədənlərin məsuliyyətə cəlb olunması tələbləri irəli sürülürdü. Heydər Əliyev fondu tərəfindən davam etdirilən Xocalıya ədalət, Xocalı soyqırımının tanıdılması bir sıra inkişaf etmiş ölkələrdə keçirilən tədbirlərdə: London, Paris, Berlin, Nyu-York, Strasburq, Moskva və s. şəhərlərdə həyata heçirilmişdir. Ədalət arayışına çıxıb, Xocalı fəryadını, dərdini dünyaya çatdırmaq üçün illərini bu dəhşətli hadisənin tanıdılmasına həsr edən Azərbaycanın səsi təəssüf olsun ki, qulaqlarını bərk-bərk qapayan bəzi dirnaqarası ədalət tərəfdarı ölkələr tərəfindən eşidilmədi. Bu soyqırımı dünyaya izah etmək üçün türk xalqları və bir sira Azərbaycanı özünə dost, müttəfiq bilən ölkələr birlikdə bütün qüvvəsini ortaya qoyaraq Xocalı həqiqətini dünyada tanıtmağa səy göstərdi.

30 illik işğaldan sonra zəfərin qazanılması Azərbaycanın vətənpərvər ruhda yetişmiş oğulları sayəsində baş tutdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, yenilməz ordumuzun səyi nəticəsində tarixi ədalətin bərpasına xidmət edən 44 günlük Vətən müharibəsi çoxəsrlik  dövlətçilik tariximizin zirvə hadisələrindən birinə çevrilib, erməni vandallarının sifətinə sərt bir yumruq kimi çırpıldı. 2023-cü il sentyabrın 19-20- də müzəffər ordumuzun antiterror əməliyyatı sayəsində 2020-ci ildə azad olunmuş, lakin hələ də separatçı quvvələr tərəfindən tərk edilməyən Qarabağ torpaqları mənfur düsməndən tamamilə azad olundu.

Sonunda haqq-ədalət öz yerini vaxtın uzanmasına baxmayaraq tapdı, sanki torpaqdan boylanan şeh düşmüş çıçəklər-güllər bu torpağa qanı qarışan hər ölən körpənin, qadının, ahılın kövrək minnətdarlıq pıçıltılarını Vətənimizi xilas edən əsgərlərimizə çatdırır, təşəkkür təzimi edirdi.

… Xocalının qisasın

Alanda güləcəyəm.

Mən öləndən sonra da

Xocalıda yenidən

Dünyaya gələcəyəm. (Fikrət Qoca)

İşğaldan azad olunmuş başqa şəhər və kəndlərimizlə yanaşı Xocalıda da bərpa və quruculuq işləri aparılır, bir sıra vacib layihələr həyata keçirilir. Doğma ata-baba ocaqlarımızda görülən bu işlər çox az müddətdə Xocalıya qayıdış karvanının yol alacağından müjdə verir.

…Pis adamlar pisliyində çabalayıb boğulmasa,

Mənə düşmən olanların yurd-yuvası dağılmasa,

Nazlı bahar ürəyimə sevgilim tək sıxılmasa,

Mən ölmərəm!

Yox, ölmərəm!

…Nə qədər ki, Turan adlı bir dünyanın ər oğluyam,

Nə qədər ki, şəri kəsən bozqurd əlli-ayaqlıyam,

Mən ölmərəm!

Yox, ölmərəm! (Rafiq Nazimoğlu)

 

Zeynəb MƏMMƏDZADƏ

AzTU-nun “Humanitar fənlər” kafedrasının müəllimi

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir