İNSANLIĞA SIĞMAYAN XOCALI FACİƏSİ…

14 min read

Qarabağ – həm kədərimiz, nisgilimiz, həm də tükənməz sevgimiz, sönməz eşqimiz-məhəbbətimiz… 30 ildir ki, həsrəti ilə od tutub yandığımız, yuxularımızda  gördüyümüz, xəyallarımızda canlandırdığımız, vüsalına yetmək üçün çarpışdığımız müqəddəs bir diyar… Sənin başına nələr gəlibsə, şöhrətinə, adına, maddi – mənəvi sərvətlərinin tükənməzliyinə görə gəlib. “Qar uca dağların başına yağar” – deyiblər. Sənin də qismətinə gözəllik nəsib olub. “Tanrıdan cənnət istədik, səni verdi, / Görəsən hansı savab iş gördük ki, əməllərin qarşısında bu cür gözəl diyar verdi…”

Qəm yemə, qəddini əymə, gözəlliyinlə çoxlarının gözünü tökmüsən. Elə bu səbəbdən də bizim qara taleyimizə döndün,  yanıb qaralmış kəndlərimiz nəslimizin yaddaşına qara möhür kimi basıldı. O füsunkar təbiət ocağımız, musiqi beşiyimiz qəlbimizdə nisgilə çevrildi… Dünya arxeologiya elminə qədim yaşayış məskənlərindən biri, Xocalı-Gədəbəy mədəniyyətinin nümunəsi kimi daxil olmuş Xocalı bir gecənin içində alışıb yandı, külü belə sovruldu, ah-naləsi ərşə dirəndi… Bəli, elə həmin gün xalq olaraq qorxunc bir dünyanın girdabında əsl fəlakət yaşadıq…
Görən fəlakət görməyən millət olarmı? Əsla, mümkün deyil. Həqiqət budur ki, böyük xalqlar böyük qanlar verir, böyük xalqların  qarşısına böyük ölümlər çıxır. Xalqı bütövləşdirən, böyük amallar naminə bir araya gətirən də elə onun baş-başa qaldığı həmin o böyük, faciəvi hadisələrdir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Xocalı faciəsi də 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Nağıllarda eşitmədiyimiz, kitablarda oxumadığımız, kinolarda görmədiyimiz, ancaq bu gün qanlı kitabımıza, qorxulu yuxularımıza dönən Xocalı faciəsi dünyanın girdabında haqqın boğulan səsi, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüşdür.
1992-ci il fevralın 25-dən 26-a keçən həmin o dəhşət saçan gecə harayına çata bilmədik… O gecə dişindən dırnağına, dirsəyindən dizinə qədər namərd, rəzil və amansız düşmən türkün qanına susayıb bizim kökümüzü qazımaq, nəslimizi kəsmək üçün var qüvvəsini sərf edərək, ağıla sığmayan vəhşiliklərə əl atdı. Xocalı soyqırımının törədilməsindən 32 il keçir. Ancaq bu müddətin geridə qalmasına baxmayaraq, xalqımızın ən kiçik yaşlısından ən böyüyünə qədər hamının qəlbində bir Xocalı yarası var.  Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir.
Dinc, silahsız və əliyalın xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür. Əslində, Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəvi hadisəyə Dağlıq Qarabağ münaqişəsi başldığı zamandan etibarən xüsusi hazırlıq görmüşdülər. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətsələr də, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Xocalılar bu faciəni qəhrəmancasına qarşılamış, öz yurdunu, ailəsini, ev-eşiyini xüsusi igidliklə müdafiə edərək şəhid olmuşlar. Vəhşi ermənilər tərəfindən şəhər qana bələnmiş, yer üzündən silinmişdir. Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq, doğma yurd yerlərimizi birdəfəlik unutdurmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalının qəhrəman müdafiəçiləri təpədən dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, böyük fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdilər. Qeyri-bərabər döyüşə rəğmən, xocalılar, sözün əsl mənasında, özlərinin yüksək vətənpərvərlik keyfiyyətlərinə mənsub olduqlarını ortaya qoymuş oldular. Öz əməlləri ilə sübut etdilər ki, vətənin hər bir qarış torpağı əzizdir, müqəddəsdir.
Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Faciədən bir neçə gün sonra cəsarətli reportyorlarımızın od içində çəkdikləri kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri iliyinədək sarsıdır. Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü milli müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən möhkəm iradəli insanları belə sarsıdacaq, yandırıb-yaxacaqdır. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək. Əsrlər boyu türk dünyasına qənim kəsilən, azərbaycanlılara qarşı daim kin, nifrət və intiqam hissi bəsləyən erməni anaları öz balalarını həmin ruhda tərbiyə edirlər. Azərbaycan anası isə qəlbi saf, humanist, mərhəmətli olduğundan övladlarını insansevər böyüdür. Əslində, bu, bəşəri hisslərdir, böyük alicənablıqdır. Lakin analarımız heç vaxt unutmamalıdırlar ki, övladlarının kürəyinə tuşlanmış düşmən xəncəri var. Övladını o düşmən xəyanətindən ehtiyatlandırmaq üçün ona dostu düşməndən seçməyi öyrətməlidir.
Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Ulu öndərimiz bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizənin, milli azadlıq yolunun  şanlı, uğurlu yolu kimi dəyərləndirmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində aparılan işlər dövlətimizin aparıcı siyasətidir. Məhz gərgin fəaliyyət nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın bir sıra ölkələrində Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılmışdır. Bu isə ürəkləri daim Vətən eşqilə döyünən soydaşlarımzın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir. Xocalı soyqırımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Buna görə də biz bu gün bütün şəhidlərin ruhuna rəhmət oxuyaraq, eyni zamanda, başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, bir o qədər də nikbin olmalıyıq, irəliyə, gələcəyə inamla baxmalı, ümidlə yaşamalıyıq.
Otuz ilə qədər bir zaman var idi ki, həsrət vücudumuzu param-parça edirdi, qəlbimizi didib-dağıdırdı, ruhumuzu qaranlığa sürükləyirdi, hisslərimizə zülmət ələyirdi. Tez-tez səslənir ki, biz unutqan bir xalqıq, tarixi unutqanlığımız hər zaman başımıza böyük bəlalar açıb. Ancaq deyəsən, elə qarı düşmən də tarixdə aldığı dərslərdən nəticə çıxarmır, o da baş verənləri tez unudur. Belə olmasaydı əgər, o dərk edərdi və göz önünə alardı ki, “Türk özünə qayıdanda böyük olur!”; çox güclü olur; möhtəşəmlik və əzəmət rəmzi kimi qarşısında tab gətirmək qeyri-mümkün olur. Necə ki, 2020-ci il payızının qırx dörd anında düşmən bir daha bunun acısını yaşadı, ağrısını yaxından duydu…
Bəli, xalqımızın hissləri ilə, onun qüruru ilə çox oynadılar… Bunu qaniçən düşmənin “başbilənləri” də indi yana-yana, qovrula-qovrula dilə gətirirlər. Xocalı qatili olan Robert Koçaryan bu fikri xüsusi olaraq vurğuladı ki, and içmə mərasimi Şuşada gərək keçirilməməliydi. O həm də Şuşanın çox həssas bir mövzu olduğunu xüsusi olaraq bildirdi. Kimin üçün həssas mövzu olduğu deyilıməsə belə, yanaşmadan duyulan aydınlıq azərbaycanlılar üçün həssas olduğuna açıqcasına işarə edilir. Xocalıda əli dinc azərbaycanlıların qanına bulaşmış digər bir cani Serj Sarkisyan isə Nikol Paşinyana ciddi irad kimi bildirir ki, gərək o, “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini səsləndirməyəydi. Ermənistanın 1-ci prezidenti olmuş Ter-Petrosyanın etirafları isə daha maraqlı nüanslara söykəndi və hər şeyi açıqcasına ortaya qoymuş oldu. Aparıcının “Keçmişin ən vacib dərsi hansıdır ki, biz ondan yararlanmalıydıq?” sualı qarşısında keçmiş prezident erməni siyasətçilərini reallığa səsləyərək bildirdi ki, “Dənizdən-dənizə Ermənistan, Kürdən Araza respublika xəyyalarından əl çəkmək lazımdır.” Bütün bu yanaşmalardan hasil olan odur ki, Qarabağ Azərbaycan torpağıdır. Eks-prezidentlərin fikirlərinə məntiqi əsaslarla yanaşdıqda tam aydın olur ki, ermənilər işğal etdirkləri torpaqlarda heç zaman rahatlana bilməyib, hər zaman qorxu və hürkü içində yaşayıblar, istədiklərini orada sərgiləmək, könül xoşluğu ilə düzənləmək iqtidarında olmayıblar. Necə ki, Nikol Paşinyan Cıdır düzündə süni bir tərz bağışlayıcı “yallı” getdi, Anna Akopyan muğam dinləmək üçün Mehriban xanım Əliyevanı qonaq qismində Şuşaya dəvət etdi; artıq yetkin bir xalq olaraq “qaradan artıq rəngin olmadığını” başımızın üzərində bir bayrağa çevirib düşmən üzərinə yeridik. Bəli, “bıcaq artıq sümüyə dirənmişdi.” Bu nöqteyi-nəzərdən inadımızı itilədik, qəzəbimizi qılınca, dərdlərimizi süngüyə, nifrətimizi topa, tüfəngə, mərmiyə çevirərək irəli atıldıq. Başımıza gələn bəlalar bizi susdura bilmədi, xalqın ruhunu sındıra bilmədi, onun mübarizə əzmini qıra bilmədi, Qarabağa olan sonsuz sevgimizi söndürə bilmədi. Yaralı duyğularımız torpaq, yurd-yuva həsrəti ilə alışıb yanan ürəyimizə toxum kimi səpildi, etiraz kimi baş qaldırdı; bizləri qisasa və intiqama çağırdı. Qəlbimizdə özünə şərəflə yer alan hər bir tarixi yer adlarımız, hər bir yaşayış məntəqələrimiz içimizdəki qəzəb qılıncını itilədi, damarlarımızdakı qanı hərəkətə gətirdi. Bu minivalla da xalqın mübarizlik ruhu yaşadı.
“Su axan yerdən bir də axar” – deyiblər. İnanırdıq ki, haqq işimizin nurlu sabahı uzaqda deyil! Bu inamımızda da yanılmadıq; nəticədə, Kəlbəcər kimi ucalığımızı təmin etdik, Şuşa kimi qalamızı yenidən ucaltdıq, Laçın kimi səngərimizi qazandıq, Ağdam kimi xəzinəmizə qovuşduq. Bu gün Azərbaycan dünyasının əzəli, axırı, kökü, budağı, ərləri, ərənləri əl-ələ, səs-səsə, nəfəs-nəfəsə verdi; bir yumruq kimi birləşdi, “Dəmir Yumruq”a çevrilib əfi ilanın başına elə bir zərbə endirdi ki, çətin bir də ayıla, özünə gələ, çətin bir də ayağa qalxa. Elə xalqın bu nəfəs birliyinin nəticəsidir ki, bu nidalar inamla hər kəsin təfəkkürünə hakim kəsilib: biz düşməndən hayfımızı çıxdıq, Xocalının qisasını aldıq… Yandırılmış, ocaqları söndürülmüş, külü sovrulmuş yurd yerlərimizə yenidən qovuşduq, itirdiklərimizi geri qaytardıq… Biz bu böyük Vətən savaşında qələbəni qazandıq, şanlı bir zəfərə imza atdıq! Azərbaycan xalqı özünün qəhrəmanlıq imzasını yenə əvvəlki şərəflə tarixlərə bax beləcə yazmış oldu.
Xocalı təkcə bizim üçün dərd olmamalıdır. Yaramıza köz basan, sinəmizə duz basn, gecə yuxumuzu, gündüz qərarımızı əlimizdən alan, bizi haqq və həqiqət yolunda, torpaq və millət yolunda, ədalət yolunda əbədi döyüşə, əbədi mübarizəyə müdrikliyə səsləyən, hər səhifəsi qan ilə yazılmış dərslik kitabıdır. Xocalı bizim dərsliyimizdir. Ulu öndər qeyd etmişdir ki, “Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətləyinin nümunəsidir. İkinci tərtəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür.”
Otuz il idi ki, böyük həsrətlə gözlədiyimiz o “son nəğməmiz oxundu” artıq… Yenə Qarabağda muğamatımızın sədası ərşə qalxdı, o dağların gülünü, çiçəyini, çölünü, çəmənini ilıq nəfəsimizlə oxşamağa, xarıbülbülü bağrımıza basıb xoş səsimizlə, xoş avazımızla ovutmağa, qanla yoğrulmuş torpaqlarımızda sevinc göz yaşları ilə əlvan çiçəklər əkməyə başladıq. Artıq hər qarış torpağımızdan “Sülh və məhəbbət gülü” adlanan xarıbülbülün xoş ətri duyulur. Cənab Ərdoğanla xanımına hədiyyə kimi verilən “Xarıbülbül” kompozisiyası da qırx dörd günlük savaşla qazanılan zəfərdən bütün türk dünyasına saçılan xoş rayihənin rəmzi mənada ifadəsidir.
Ancaq heç vədə unutmayaq ki, həqiqətin bir üzü var, o da ondan ibarətdir ki, “Qarı düşmən dost olmaz!”. Bəli, türk qanına susamış düşmənlə üz-üzə qaldığımızı əbədi olaraq tarixi yaddaşımıza həkk etməliyik. Deyirlər ki, “Qozbeli qəbir düzəldər!” Ancaq danılmaz bir faktdır ki, ermənini heç qəbir də düzəldə bilməz…

Vətən, bir də başın üstə qara bayraq taxılmasın,
Dədəm Qorqud dayaq olsun, qara dağın yıxılmasın.
Şəhidləri verən xalqım, qoy ürəyin sıxılmasın,
Şəhidi olmayan torpaq qalar tapdaqlar altında!

Həbib Mirzəyev
Azərbaycan Texniki Universitetinin
“Humanitar fənlər” kafedrasının müdiri,
Filologiya üzrə fəlsəfə doktoru, dosent

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir