Laçında alternativ enerjinin iqtisadi səmərəliliyi mövzusunda təlimlər keçirilmişdir
3 min read
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Sərəncamından irəli gələn, həmçinin ölkə rəhbəri tərəfindən bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi barədə qeyd etdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə “Bərəkət” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurda ev təsərrüfatlarında alternativ enerjinin iqtisadi səmərəliliyi” adlı layihədə maarifləndirmə işlərini davam etdirir.
Layihənin icrasında əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası yəni Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları kontekstində konkret desək Laçın və Şuşa rayonlarında yaşayış məntəqələrində yaşayış evlərinin və ictimati-inzibati binaların üstündə damüstü günəş panellərinin quraşdırılmasının iqtisadi səmərliliyinin hesablanması üzrə arayış və maarifləndirmə tədbirlər çərçivəsində təbliğat aparmaqdır.
Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə maarifləndirmə tədbirləri çərçivəsində 24 və 25 iyun tarixlərində Laçın şəhərində və Laçın rayonu Zabux kəndində “Ev təsərrüfatlarının alternativ enerjinin iqtisadi səmərəliliyi” adlı təlimlər keçirilmişdir. Təlimlərə müvafiq ərazilərdə yaşayan əhali cəlb edilmişdir.
Keçirilən təlimlərdə Birliyin sədri-layihə rəhbəri iqtisad elmləri doktoru professor Niyazi Həsənov, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Qalib Abasov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin İdarəedilməsi Şöbəsinin müdiri Cəbrayıl Əliyev, eləcə də, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı Xüsusi Nümayəndəliyindən və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən nümayəndələr iştirak etmişdir.
Təlim iştirakçıları alternativ enerji mənbələrinin ev təsərrüfatlarında tətbiqinin həm ekoloji, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. İki gün ərzində keçirilən sessiyalar və müzakirələr nəticəsində iştirakçılar bu sahədə bilik və bacarıqlarını artırıb, yaşıl enerji texnologiyalarının geniş tətbiqinə dair praktiki tövsiyələrlə tanış olublar.
Ümumlikdə 40-dan çox insanın cəlb edildiyi təlimlərdə əhalinin maarifləndirilməsi işləri “Helind” MMC-nin direktoru Orxan Quluzadə tərəfindən həyata keçirilmişdir.
ZiM.Az