İyun 1, 2025

MUSİQİ MÜSABİQƏSİ (Hekayə)

18 min read

Salidə ŞƏMMƏDQIZI (ŞƏRİFOVA)

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

MUSİQİ MÜSABİQƏSİ

 

Selcan kabinetdən çıxıb dəhlizdəki stullardan birində əyləşmiş anasının yanına qaçdı. Anasının boynuna sarılıb üzündən öpüb dedi:

– Müəlliməm mənim müsabiqədə iştirak etməyimi istəyir. Gərək ciddi hazırlaşam.

Əfsanə qızının sevincini görüb soruşdu:

– Nə müsabiqəsidir, qızım?

Selcan müəlliməsinin xahişini anasına çatdırıb dedi:

– Ana, müəlliməm səni başa salacaq. İndi kabinetdə səni gözləyir. Tapşırdı ki, yanına keçəsən.

Əfsanə oturduğu stuldan ayağa duraraq dedi:

– Gedək müəllimənin yanına. Görüm hara gedir mənim balam?

Əfsanə bayaq qızının çıxdığı musiqi kabinetinin qapısını astaca taqqıldadıb açdı. İcazə alıb içəri keçdi:

– Salam Təhminə xanım, olar?

Təhminə Əfsanəni görüb gözəl simasına daha da yaraşıq verən təbəssümlə dedi:

– Salam. Keçin.

Əfsanə qızı Selcanı irəli buraxıb, arxasınca otağa daxil olub, qapını örtdü. Təhminənin əli ilə göstərmiş olduğu stulda əyləşib soruşdu:

– Təhminə xanım, Selcan dərslərində necədir? Pianinoda ifası Sizi qane edirmi?

Təhminə gülümsəyib Selcana baxaraq dedi:

– Selcan, pianinoda ifa etməyinə yaxşı ifa edir. Hərdən tənbəllik etməyi də olur. Müəlliməsi kimi qətiyyətlə deyirəm ki, ifa etdiyindən yüksək səviyyədə də ifa edə bilər.

Əfsanə Təhminənin dediklərini dinləyib dedi:

– Təhminə xanım, Selcanı çox məcbur etmirəm. Daha doğrusu edə bilmirəm. Məktəbdəki dərsləri də çətindir. İstəmirəm ki, məcbur edəm, əvəzində musiqidən uzaqlaşa. Düşünürəm, hələ körpədir, böyüyər, ağlı kəsəndə daha məsuliyyətli olar. Musiqinin ciddiliyini tam anlayar.

Təhminə Əfsanəylə razı olduğunu bildirərək dedi:

– Mən sizinlə tamamilə razıyam. Uşağı məcbur etmək pedaqoji təcrübə baxımından düzgün deyil. Selcan bacarıqlı qızdır. Mən onu respublikamızda təşkil olunan beynəlxalq müsabiqədə iştirak etməsini istərdim. Selcan məşqlərə vaxtı çox ayırmalıdır. Çox istərdim Selcan kimi şagirdlər o cür müsabiqələrdə iştirak etsinlər.

Əfsanə Təhminəni dinləyib dedi:

– Məsləhət bilirsinizsə, bu bizim üçün şərəfdir. Bəs əlavə məşqlərə nə vaxt gələk?

Təhminə bir az fikirə gedib dedi:

– Mən vaxtlarımı deyim, sizə hansı gün münasibdirsə, buyurun seçin.

Təhminə masanın üzərindəki yaddaş kitabçasını götürüb vərəqlədi. Axtardığı səhifəni tapıb orada qeyd etmiş olduğu yazıları nəzərdən keçirib Əfsanəyə müraciət etdi:

– Selcan bazar ertəsi və cümə axşamı öz dərsləri üçün gəlir. Çərşənbə günü saat üçün yarısı, şənbə günü isə saat bir də gəlin. Sizə bu vaxtlar əlverişlidirmi?

Əfsanə çiyinlərini çəkib sakitcə onları dinləyən Selcana baxaraq dedi:

– Çalışarıq gələk. Münasib vaxtdır. Əsas odur ki, Selcanın dərsləri ilə üst – üstə düşmür.

Təhminə Əfsanəyə, sonra da Selcana baxıb dedi:

– Deməli, heç bir problem yoxdur. Razılaşdığımız vaxtlarda gələrsiniz.

Sonra onları maraqla dinləyən Selcana üzünü tutub dedi:

– Selcan, qızım, sən də dediklərimi yaddan çıxarma. Gələn dərsə tapşırdığım musiqi kitablarını gətir. Evdə çox məşq et.

Əfsanə yavaşca dedi:

– İndi vaxtınızı çox almayaq. Salamat qalın, Təhminə xanım.

Əfsanə və Selcan Təhminə müəlliməylə sağollaşıb dəhlizə çıxdılar. Əfsanə Selcanın gödəkçəsini geydirərək dedi:

– Gedək evə. Ciddi məşq etməlisən.

Əfsanə qızıyla küçə ilə addımlayırdı. Fikrə dalmışdı. Selcan anadan olmamışdı ki, atası avtomobil qəzasında dünyasını dəyişmişdi. Ərinin ölümündən sonra kirayəşin qaldığı evin kirayə pulunu verə bilmədiyindən məcburən atası evinə gəlmişdir. Əfsanə məktəbdə işlədiyi müəllimlik üçün cüzi əmək haqqı alırdı. Bu əmək haqqı onlara belə çatmırdı. Selcanın ata tərəfindən olan qohumları isə heç elə bil onları tanımırdılar. Oğullarının yeganə yadigarına kömək etmirdilər. Əfsanə onlardan heç nə istəmirdi. Heç olmasa, Selcanın ad günü bir dəftər, bir qələmlə onu anıb, könlünü alaydılar. Bağçada müəllimə işləyən anasının, xaricdə yaşayan qardaşının yardımı hesabına Əfsanə heç kəsin qarşısında əksilmirdi. İndi qızının əlavə hazırlaşması üçün Təhminə müəlliməyə müəyyən bir məbləğ ödəməliydi. Bu pul onun büdcəsinə böyük təsir edəcəkdi. Selcana isti gödəkçə və çəkmə alınmalıydı. Hələ özünün çəkməsi su keçirirdi. O da təzələnməliydi. Paltosu nimdaş olsa da, bu il qışı həmin palto ilə çıxarmaq olardı. Yox, yox… Nə olursa olsun, Selcanın həmin müsabiqədə iştirak etməsi üçün şərait yaratmalıydı. Qızı üçün gödəkçəni və çəkməni qardaşından xahiş edər, o, alıb göndərər. Özü isə bu qışı bir təhər yola verər. Selcanın onu səsləməsi fikirlərindən ayırdı. Qızının dediklərini eşitmədiyi üçün Selcandan soruşdu:

– Hə qızım, nə deyirsən? Selcan anasına baxıb dedi:

– Ana, riyaziyyat dəftərim dolub. Mənə riyaziyyat dəftəri alarsan?

Əfsanə başı ilə “hə” deyib mağazaya tərəf addımladı.

*****

Artıq payız idi. Selcanın səbirsizliklə gözlədiyi müsabiqə başlamışdı. Müsabiqədə iştirak edən Selcan həyəcanla anasına baxırdı. Əfsanə qızının saçına bağladığı ağ lentləri düzəldib, başını sığallayıb deyirdi:

– Həyəcanlanma. Özünü itirmə. Təhminə müəllimə necə ifa etdirirdisə, eləcə də ifa et. Zalı, tamaşaçıları, münsiflər heyətini bir anlığa yaddan çıxart. Oldumu qızım?

Selcan həyəcanını gizlətməyə çalışsa da, bacarmırdı. Bu vaxt müsabiqənin təşkilatçılarından olan bir qadın onlara yaxınlaşıb dedi:

– On – on beş yaş aralarında olan iştirakçılar mənə yaxınlaşsınlar.

Selcan dönüb anasına baxdı. Əfsanə qızının həyəcan keçirdiyini görüb gülümsədi. Qızının yanaqlarından öpüb dedi:

– Get, qızım, get. Özünü itirmə. Sənə inanırıq.

Selcan təşkilatçının ətrafına toplaşmış uşaqlara yaxınlaşdı. Təşkilatçı qadın müsabiqə iştirakçılarını süzüb dedi:

– Sizləri müsabiqədə görməyimə çox şadam. İndi kimin adını çəksəm, mənə yaxınlaşsın.

Sonra siyahını oxumağa başladı. Mirzəyeva Selcan adını çağıranda Selcan irəli çıxdı. Selcanla bərabər qara, dolu bir qız da irəli çıxdı. Təşkilatçı qadın hər iki qızı diqqətlə nəzərdən keçirib dedi:

– Mən, Mirzəyeva Selcanın adını çəkdim.

Selcan özü yaşında olan qıza baxıb təşkilatçıya dedi:

– Mən Mirzəyeva Selcanam.

Qara    qız Selcanın sözünü bitirməyinə imkan verməyib dedi:

– Mən də Mirzəyeva Selcanam.

Təşkilatçı qadın məsələni anlayıb güldü. Sonra hər iki iştirakçıya – adaşlara – Selcanlara baxıb dedi:

– Deməli, iki Selcanımız var. Bu oldu lap əla.

Sonra üzünü qızlara tutub soruşdu:

– Sizləri fərqləndirmək üçün atanızın adını deyin. Ümid edirəm ki, onlar da eyni olmaz.

Qara qız qürürla dilləndi.

– Mən Bəhramın qızıyam. Bəhram Sərdaroğlunun.

Təşkilatçı qadın qızın atasının adını eşidib udqundu. Üzünə yaltaqcasına gülüş verib dedi:

– Lap əla. Bəhram müəllimin qızı Selcan sənsənmiş? Nə qəşəng qızsan. Özün kimi də fortepianoda qəşəng ifa edirsən?

Selcana isə heç nə deməyib sözünə davam etdi.

– İndi yaş qruplarına görə ifa edəcəksiniz.

Sonra yenə Selcan Bəhram qızına dönüb dedi:

– Müsabiqəni Selcan Bəhramqızı açacaq. İndi isə arxamca gəlin.

Selcan təşkilatçının dediklərini dinləyib hələ də uzaqdan onları izləyən anasına dönüb baxdı. Anasının ona baxdığını görüb gülümsədi, sonra cəld addımlarla müsabiqə iştirakçıları ilə bərabər təşkilatçının arxasınca yollandı.

*****

Mədəniyyət nazirinin çıxışından sonra müsabiqənin başlanmasına start verildi. Ən kiçik yaş qrupu on yaş olduğundan müsabiqəyə on yaşlıların ifası ilə başlandı. Müsabiqəni Selcan Bəhram qızı Mirzəyeva açdı. Musiqi parçasını ürəksiz ifa etməsi ilə tamaşaçıları, münsiflər heyətini yormuşdu. Hamı bu topuş, qara qızın monotonlu ifasını tez bitirməsini istəyirdilər. Selcan Bəhram qızı musiqi parçasını ifa edib qurtarandan sonra zala bir sükut çökmüşdü…

On yaş qrupunda ən sonda Selcan öz musiqi parçasını ifa etmək üçün səhnəyə çıxdı. Həyəcanından əli – ayağı əsirdi. Fortepianoya gedən yol onun üçün ucu-bucağı görünməyən bir yola çevrilmişdi. Selcana elə gəlirdi ki, ora çata bilməyəcək, indicə yıxılacaq. Fortepianonun yanına nə vaxt çatdığını belə təxmin edə bilmədi. Tamaşaçılara, münsiflər heyətinə hörmət əlaməti olaraq baş əydi. Sonra musiqi parçasını ifa etmək üçün fortepianonun arxasına keçib əyləşdi. Başını döndərib zala nəzər saldı. Orda – burda işıldayan işıqlardan başqa heç nə görə bilmədi. Özünü toparlayıb əlini fortepianonun dillərinə vurdu. Musiqi parçasını ifa etdikcə özünü başqa bir aləmdə hiss etdi. İfa edilən həzin musiqi sədaları altında sükuta qərq olmuş zal sanki nəfəs almırdı. Tamaşaçılar Selcanın ifa etdiyi musiqi parçasının təsiri altında diqqətlə onu dinləyirdilər. Selcanın ifa etdiyi musiqi parçası payız yağışını xatırladırdı… Selcan musiqi parçasını nə vaxt ifa edib bitirdiyinin fərqində olmadı. Pianinonun dillərinə barmaqları ilə son notu vurub ifa etdiyi musiqi parçasını bitirib ayağa durdu. Zalda alqış sədaları bir – birinə qarışdı. Selcan özünü itirmişdi. O, özünü real aləmdə yox, yuxuda hesab edirdi. Sanki bir röya görürdü. Baş əyə-əyə səhnədən uzaqlaşıb pərdə arxasına endi. Anasının səhnə arxasında onu gözlədiyini görüb özünü onun üstünə atdı. Anası Selcanın üz – gözündən öpüb oxşayaraq deyirdi:

– Sağ ol mənim balam.

Selcan hələ də həyəcan içərisində dili topuq çala-çala anasından soruşurdu:

– Ana, anacan, necə ifa etdim? Səhvlərim oldumu?

Əfsanə qızının başını sığallayıb deyirdi:

– Əla. Ondan o yanası ola bilməzdi.

*****

Münsiflər heyətinin üzvləri çıxılmaz seçim qarşısında qalmışdılar. Bu müsabiqədən hər yaş üzrə bir nəfər laureat seçilib xaricdə keçiriləcək müsabiqədə iştirak etmək üçün beynəlxalq müsabiqəyə göndərilməli idi. İndi on yaş qrupundakı seçim qarşısında qalmaları onları mənən əzirdi. Bəstəkar Arif Məlikli həmkarı Yaşar Savalanlıya baxıb dedi:

– Necə edək? On yaş qrupundan olan sonuncu piano ifaçısı məni valeh etdi. İndi necə edək? Necə o qıza səs verməyək? O, qız əsil istedaddır. Bizim xaricdə üzümüzü ağarda biləcək ifaçılarımızdan biridir.

Bayaqdan münsiflər heyətində sakitcə oturan, dodaqlarını al qırmızı boyamış sarışın saçlı qadın dilləndi:

– Niyə mübahisə edirsiniz? Sonuncu ifa edən Selcan Mirzəyeva kimin qızıdır? Amma müsabiqəni öz ifası ilə açan Selcan isə Bəhram müəllimin qızıdır. Sərdar müəllimin nəvəsidir. Aydındır? Kimi kimlə müqayisə edirsiniz? Ay nə bilim istedad belə getdi, istedad belə gəldi… O qızın pulu var ki, gələcəkdə təhsilini davam etdirsin? Amma Bəhram müəllimin imkanı var. Sabah Bəhram müəllimin üzünə necə baxacağıq? Selcan Bəhram qızı hələ öyrənəcək. Atası ona yaxşı müəllimlər tutacaq. Konservatoriyada oxudacaq. Bəs o biri Selcan nə edəcək? Hə bu gün çala bilir. Bəs sabah? Sabah valideynlərinin imkanı olacaq ki, ona müəllim tuta bilsinlər? Selcanın valideynlərinin gücü çatacaq ki, qızlarını konservatoriyaya qəbul etdirsinlər?

Yaşar Savalanlı sarışın qadınla razı olmadığını bildirmək üçün dedi:

– Nazan xanım, sizinlə razı deyiləm. İstedadlılara yol açmalıyıq. Şərait yaratmalıyıq.

Sarışın qadın Yaşar Savalanlının sözünü yarımçıq kəsib hiddətlə qışqırdı:

– Nə? Nə istedad? İstedad puldur. Pulun var, istedadın da var. Ən çətin musiqi əsərlərini o qıza kim öyrədəcək? Valideynlərimi? Xəzinə tapacaqlar? Amma Bəhram müəllim dövlətimizin hörmətli məsul şəxslərindən biridir. Bəhram müəllim qızı üçün bütün şəraiti yaradacaq ki, gözəl musiqiçi olsun. Sənin o biri Selcan kimi istedadlıların isə… Küçələrdən ac-gic yığacağıq? Get işinlə məşğul ol. Günah səndə deyil, səni bu münsiflər heyətinə üzv seçəndədir.

Yaşar Savalanlı qadına cavab vermək istəyirdi ki, yanında oturan ağ saçlı kişi dedi:

– Heç nə demə. Yuxarıların adamıdır.

Yaşar Savalanlı günah iş tutmuş adamlar kimi susdu. Münsiflər heyətinin üzvlərini bir – bir nəzərdən keçirib düşündü:

– Gör uşaqlarımızın taleləri kimlərin əlindədir? Ay yazıq millət, nə günə qalmısan? Gör millətinin balaları nə günə qalıb? Gələcəkləri ilə kimlər oynayır…

*****

Mətbəxdə səhər yeməyi hazırlayan Əfsanə Selcanın qışqırdığını eşidib özünü yataq otağına saldı. Selcan hələ yuxudan oyanmamışdı, yuxuda öz-özüylə danışırdı. Qızının narahat yatdığını görən Əfsanə onu oxşayıb oyatmağa çalışdı:

– Selcan, canım, gözümün nuru, oyan bala.

Selcan qan-tər içində gözlərini açıb anasına baxdı. Sonra dikəlib yatağında oturdu. Anasının hələ də ona baxdığını görən Selcan həyəcanla soruşdu:

– Nə olub, ana?

Əfsanə gülümsəyib qızının başını sığallayaraq dedi:

– Yuxuda qışqırırdın. Yuxuda nə görürdün?

Selcan qurumuş dodaqlarını dili ilə yalayaraq cavab verdi:

– Müsabiqəni görürdüm.

Əfsanə qızını bağrına basıb dedi:

– Müsabiqənin xofu hələ canından çıxmayıb. Bu gün müsabiqəyə tam yekun vurulur. Qaliblər açıqlanacaq. Bütün münsiflər heyətinin üzvü səni tərifləyirdi.

Selcan anasına baxıb kədərlə dedi:

– Yuxuda görürdüm ki, adaşım Selcan mənim sifətimi əlimdən alıb, öz sifətini mənə verir. Bədən mənim bədənim, amma üzüm onun üzü. Elə bil hər şeyimi əlimdən almaq istəyirdi. Sonra bədənimi aldı. Mənim bədənimin yerinə onun bədəni oldu. Məndə qalan bir öz fikirlərim, düşüncələrim idi. Onu da əlimdən almaq istəyirdi ki, müqavimət göstərirdim. O məqamda da sən məni oyatdın.

Əfsanə Selcanı bağrına basıb dedi:

– Dur. Gecikərik. Səhər yeməyimizi yeyək, bir başa müsabiqəyə. Görək bizi nə gözləyir.

Selcan fikirli – fikirli anasını dinləyib dedi:

– Mən bilirəm. Bizim yaş qrupunun içərisindən qalib Selcan Bəhram qızı olacaq. O, qız yuxumda mənim hər şeyimi əlimdən almaq istəyirdi. Hər şeyimi.

Əfsanə qızını rahatlaşdırmaq üçün dedi:

– Qızım, yuxudur. Bütün yuxular çin olur? Ürəyinə salma. Dur, əl – üzünü yu, hazırlaş gedək.

Əfsanə özü isə ayağa durub mətbəxə keçdi. Qızı üçün səhər yeməyi hazırlamağa başladı. Selcan yatağından durub hamam otağına yollandı…

*****

Aparıcı müsabiqənin laureatlarının adlarını elan etməyə başladı. Selcan özünün adını eşitməyəndə heç də təəccüblənmədi. Selcan buna hazır idi. Müsabiqədə ürəksiz, monotonlu ifası ilə tamaşaçıların rəğbətini qazana bilməyən Selcan Bəhram qızı Mirzəyeva isə müsabiqənin laureatı olmuşdur. Selcan kədərlə anasına baxdı. Əfsanə qızının başını sığallayıb dedi:

– Gedək, gözəlim.

Əfsanə vestbüldə qızının gödəkçəsini geyindirib dedi:

– Ürəyinə salma. Əsas iştirak etməyin idi. Tamaşaçılar səni bəyənmişdilər. Səni alqışlamışdılar. Nə tez yadından çıxıb?

Selcan əlində tutduğu papağı başına qoyub anasından təəccüblə soruşdu:

– Ana, mən ki, musiqi parçasını gözəl ifa etdim. Mən ki, Vətənimi çox sevirəm. Millətimə ləyaqətli qız olmağa çalışıram. Mən ki, məktəbdə əlaçıyam. Onların mənə qarşı bu haqsızlığı nə deməkdir? Münsiflər heyətinin bu əməllərini nə adlandırmaq olar?

Əfsanə qızının başını sığallayıb dedi:

– Selcan, münsiflər heyətinin üzvlərini ədalətsiz çıxardıqları nəticə o demək deyil ki, bu tamaşaçıların fikirləridir, sənin ifanı bəyənən insanların sənin haqqında olan rəyləridir. Ona görə ürəyinə salmağa dəyməz.

Selcan anasına cavab verməyib başını aşağı salıb susdu.

*****

Bəhram kişi səfirlə danışıb cib telefonunu söndürüb ona qulaq asan qızına üzünü tutub dedi:

– Selcan, müəllimlərə niyə qulaq asmırsan? Yazıqlar evə gəlib səni hazırlayırlar, sənə nə olub? Qudurmusan bala?

Sərvinaz ərinin Selcanın üstünə qışqırmasına dözməyib dilləndi:

– Bəhram, uşağın üstünə niyə qışqırırsan? O cür müsabiqədə laureat oldu. Daha nə istəyirsən?

Bəhram narazı-narazı arvadını süzüb dedi:

– Kütlükdə sənə oxşayıb. Pianoçular müsabiqəsinin laureatı o olmadı, mənim pulum, adım oldu. O, qızı gördün? Qızınla yaşıddı. İfasını eşitdin? Elələri qalır kənarda, amma bunun kimilərinin qarnına sancı dolub, hazırlaşıb öyrənmək belə istəmirlər. Ən məşhur müəllimlər evinə, ayağına gəlir. Evdən bayıra da çıxmır. Əziyyət çəkmir. Öyrənməyə qarın ağrısı çəkir?

Sərvinaz narazı – narazı ərinə baxdı. Sonra keçib qapının yanında yerləşdirilmiş qırmızı dəri üzlü divanda əyləşdi. Özünü divana yaxıb ərindən soruşdu:

– Bəs səfirlə danışdın? Qızın işini danışacaq?

Bəhram əlindəki cib telefonunu masanın üzərinə tullayıb qapıda duran xadiməyə dedi:

– Ay qız, qəhvə hazırla. Südlə. Mehmana de maşını hazırlasın, bir azdan çıxacam.

Sonra divana yayxanmış arvadına ikrahla baxıb dedi:

– Sən də fərə kimi harda gəldi, yatırsan.

Sərvinaz ərinin sözlərindən inciyərək deyindi:

– Bəs nə edim? Oturmayım?

Bəhram arvadıyla söz güləşdirməyin mənasızolduğunu anlayıb dedi:

– Selcanı məcbur et, pianoda məşq etsin. Ağlınız buralara getməsin. Oralarda ciddidi. Səfir bəzi mötəbər adamları görüb. Özü də xahiş etdi ki, Selcan ciddi məşq etsin. Bizlərə arxayın olub, məşqləri dayandırmasın. Məşq etsin ki, müsabiqəçilər içərisində birinciliyi Selcana versinlər.

Sərvinaz narazı-narazı deyindi:

– Başa düşmürəm, paylarını, pullarını alırlarsa, yenə nə məşq etməyi?

Bəhram otağa girən xadimənin gətirdiyi qəhvəyə belə baxmadan ayağa durub hiddətlə qışqırdı:

– Sənin ömrü boyu bir şey başa düşdüyün olmadı.

Sonra qəzəblə otaqdan çıxdı. Xadimə əlindəki məcməyidəki qəhvəyə baxıb Bəhramın arxasınca yavaşca dedi:

– Bəhram müəllim, bəs qəhvəniz?

Ərinin getdiyini görən Sərvinaz xadiməyə dedi:

– Problem yoxdu. Bir az şirinini artıq et. Mən içərəm.

Xadimə baş üstə deyib otaqdan çıxdı. Sərvinaz oturduğu divandan əziyyətlə ayağa durub qızı Selcanı görmək üçün onun otağına getdi…

*****

Sərvinaz ərinin telefon dəstəyində qışqırdığını eşidib əsəbi halda dedi:

– Mənim nə günahım var? Yeri sən danışmışdın?

Bəhram arvadının sözlərinə hiddətlənib səsini daha da qaldırdı:

– Mən nə bilim, qızın balaca bir musiqi parçasını ifa edə bilməyəcək. Bəhram Sərdaroğlunun qızı həvəsləndirici prizlə, tamaşaçı simpatiyası nominasiyası ilə mükafatlandırılacaq. Ayıb olsun sizə. Mən dost-tanışın üzünə necə Baxacam? Onların üzünə necə çıxacam? Deyəcəklər ki, qızına bir yer ala bilmədi.

Sərvinaz ərini dinləyib dedi:

– Düz deyirsən, a kişi. Vallah, mən də rəfiqələrimin yanında dili gödək olacağam.

Sonra nə fikirləşdisə tez dedi:

– A kişi, tanış-biliş çox qanır ki, Selcan nə qazanıb? Təm-təraqlı gəlişini təşkil etdir. Qəzet – jurnallarda məlumalar getsin, Selcan haqqında məqalələr çap etdir.

Bəhram arvadının məsləhəti qarşısında donub qalmışdı. Bu fikir onun ağlına gəlməmişdi. Tez arvadına dedi:

– Narahat olma. Onlar mənim əlimdə heç nədir. Xaricdə əlim müəyyən dairələrə çatmasa da, buralarda əlim uzundur. Narahat olma. Dediyin kimi, hər şeyi yüksək səviyyədə həll edəcəyəm…

*****

Hamı aeroporta yığılıb Selcan Bəhramqızının gəlişini gözləyirdi. Münsiflər heyətinin üzvləri də Selcanı qarşılayanlar arasında idilər. Münsiflər heyətinin tərkibində olan, dodaqlarını yenə al qırmızı boyamış, sarı saçlı Nazan xanım Yaşar Savalanlıya baxıb özündən razı şəkildə dedi:

– Mən sizə nə demişdim… Yadınızdan çıxıb? Deməmişdim ki, Selcan Bəhramqızı qalib gələcək. Bəhram müəllimin qızından başqa nə gözləmək olardı? Sən də deyirdin, ay istedad belə, nə bilim nə elə… Gördün, Bəhram Sərdaroğlunun qızı qalib gəldi. Görürsən, Bəhram müəllimin qızının gəlişini millət gör necə ruh yüksəkliyi ilə qarşılayır. Selcan Bəhramqızı haqqında mötəbər qəzet və jurnallarda, televi- ziya verilişlərində necə materiallar verildi? Sənin o istedadlın bunları edə biləcəkdimi? Cəmiyyət, millət Selcan Bəhramqızını istedadlı bir pianoçu kimi qəbul etdi.

Yaşar Savalanlı Nazan xanıma baxıb cavab verə bilmədiyi üçün xəcalət çəkib susdu…

 

ZiM.Az

 

.