AzTU və TAU tələbələrinin Bilik Günü tədbiri keçirilib
3 min readAzərbaycan Texniki Universiteti (AzTU) və Türkiyə-Azərbaycan Universiteti (TAU) tələbələrinin Bilik Günü tədbiri keçirilib.
AzTU-da təşkil olunan tədbirdə əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə güllər düzülüb.
Daha sonra torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tələbələri salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev onlara təhsillərində və fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, builki Bilik Gününü AzTU və TAU tələbələrinin birlikdə qeyd etməsi qürurverici hadisədir. Rektor Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Qeyd edib ki, Türkiyə-Azərbaycan Universitetinə 86 tələbə qəbul olunub və qəbulun nəticələrinin yüksək olması gözlənilən idi. Bu universitet həm iki qardaş ölkə arasında ali təhsil sahəsində əlaqələri daha da gücləndirəcək, həm də bölgədə müvafiq sahələr üzrə aparıcı universitetlərdən birinə çevriləcək.
Vilayət Vəliyev AzTU il Türkiyə universitetlərinin əlaqələrinin hər il daha da inkişaf etdirildiyini də diqqətə çatdırıb. Qeyd edək ki, bu il AzTU-nun bakalavriat səviyyəsinə 2459, magistratura səviyyəsinə isə 1720 tələbə qəbul olunub.
TAU-nun prorektoru Mehmet Şimşir də çıxışı zamanı tələbələrə uğurlar arzulayıb. Yeni yaradılan bu universitetdə tələbələr üçün geniş imkanlar yaradılacağını, əmək bazarının tələblərinə uyğun kadr hazırlanacağını bildirib.
Çıxışlardan sonra təltifetmə mərasimi olub.
TAU-nun kompüter mühəndisliyi ixtisasına ən yüksək balla (684.9) qəbul olunan Aytac Hüseynli, sənaye mühəndisliyi ixtisasına ən yüksək balla (657.5) qəbul olunan Uğur Quliyev və qida mühəndisliyi ixtisasına ən yüksək balla (632.8) qəbul olunan Zərifə Paraşova təltif olunub.
AzTU-ya ən yüksək balla qəbul olunan Tunar Məmmədli (Ankara Universiteti ilə ikili diplom proqramı, kompüter mühəndisliyi – 657.7), riyaziyyat fənni üzrə respublika fənn olimpiadalarının qalibi, AzTU-ya müsabiqədən kənar qəbul olunan Fuad Atayev, Alman mühəndislik fakültəsinə (proseslərin avtomatlaşdırılması mühəndisliyi – 633.3) ən yüksək balla qəbul olunan Nazir Məlikov, Metallurgiya və materialşünaslıq fakültəsinə (kimya mühəndisliyi – 626.6) ən yüksək balla qəbul olunan Tamerlan Mirzəyev, İqtisadiyyat və idarəetmə fakültəsinə (maliyyə – 621.9) ən yüksək balla qəbul olunan Həcər Səfərli də təltif olunanlar arasında olub.