SEVİNC ƏLİ (1990)
11 min readQədirova Sevinc Mir Cabbar qızı – 1990-cı il oktyabrın 20-də Şabran rayonunda anadan olmuşdur. Həmin rayonun Roman Yusifov adına 2 saylı orta məktəbində 11 illik orta təhsil almışdır. Şeirə, ədəbiyyata böyük marağı 3-cü sinifdə oxuyarkən kiçik həcmli şeirlər yazmaqla başlamışdır. O, məktəbdə təhsil aldığı illərdən artıq gözəl inşa, məqalə yazır, öz duyğu və düşüncələrini asanlıqla qələmə alıb ifadə edə bilirdi.
Sevinc xanım ailəlidir. İki gözəl övlad böyüdür. Mütəmadi şeirlər yazıb öz daxili dünyasını misralara köcürür. Şeirlərində Sevinc Əli təxəllüsündən istifadə edir.Sevinc xanım özünü həvəskar şairə hesab edir. Və yaradıcı fikirlərini ifadə edən şeirlərini toparlayıb şəxsi kitabını nəşr etmək arzusundadır.
Biz də bu gənc şairə xanıma yaradıcılıq uğurları arzu edir və onun duyğu dünyasından kövrək sətirləri oxucularımızın diqqətinə çatdırırıq.
Ziya.info.az
YOLLAR AYIRIBDI…
Yollar ayırıbdı həyatda bizi,
Uşaq idim, onda qorxum var idi.
Həyatı cəhənnəm bilirdim düzü,
Onda fikirlərim halbahal idi.
Həyat davam edir, ölümsə haqdır,
Rastlaşa bilərdik, bir gün hardasa.
Mənim duyğularım özüm sayaqdır,
Üşüyər, sızlayar unudularsa…
Saf ürək, sadəlövh, avam fikirlər,
Kaş elə qalardı olduqlarıtək.
Mən qorxu sanırdım eşqi,sevdanı,
O qorxu çıxmazdı canımdan gərək.
Həyacan, sıxıntı, ürəkdə təşviş,
Nə gözəl hiss imiş.., mən bilməmişəm.
Heyif, bu duyğular olubdu keçmiş,
Hər şeyi nə yaman ucuz görmüşəm.
Təkrar yaşanmır ki, keçən duyğular,
Xatirəyə dönüb keçmişdə qalır.
Sənə tumar çəkən kövrək qayğılar,
Bəzən də qəlbini min dərdə salır.
NIGARANLIĞIM
Gəlmə, istəmirəm mənlə üz-üzə,
Həvəslənib arzu etmirəm daha.
Narahat olurdum həmişə səndən,
İndi arxayınam, şükür Allaha.
Dəyişdi fikrimi, təsəvvürümü,
Bu gün səndən gələn sevinc xəbəri.
Bu günün olacaq mənə çox xeyri,
Nə qədər gizləsəm içdə kədəri.
Elə sevinmişəm, qəlbdən, ürəkdən,
İllərlə bir müjdə gözləmişəm mən.
Üzündən, gözündən, təbəssümündən,
Qüssə çəkiləcək, geri tamamən.
Sevincdən, kədərdən parlayıb, durub,
Gözlərim bu günün xətrinə dolub.
Beləcə, həmişə ürəyim mənim,
Gör, səndən nə qədər nigaran olub.
Daha qalmayacaq gözlər arxada,
Hərə çəkiləcək sakit qınına.
Məndə bu illərin nigaranlığı,
Səndə xoşbəxtliklə çatdı sonuna.
VƏRDİŞ ETMİŞƏM
Bu gecə gördüyüm yuxunun, gülüm,
Təsirin başımdan atan deyiləm.
Bütün gün mənimlə dolaşıb gəzdin,
Həyatda bu ana çatan deyiləm.
Mənim baş tutmayan, əlçatmaz arzum,
Necə var yuxuda kamına çatdı.
Bu ümidsiz yuxum, çarəsiz yuxum,
Düşüb ürəyimdə lal kimi yatdı.
Ərşə çəkilmir ki, yuxun gözümdən,
İstədiyin zaman qonaq gəlirsən.
Həyattək görürəm, hər yuxunu mən,
Elə bil, keçmişdən soraq verirsən.
Başqa bir dünyaya alıb götürür,
Başımdan yuxunun təsiri getmir.
Bu gecə yuxuma gəlişin deyil,
Könlümə verdiyin, əzabın bitmir.
Gəlmə, necə deyim, gəlməsən olmur..
Sənli yuxularda kama yetmişəm.
Sən demə mən səni həyatdan da çox,
Röyada görməyə vərdiş etmişəm.
BÖYÜK SEVGİ OLUR…
Böyük sevgi olur sevib qovuşmaq,
Qibtə edir sənə bütün sevənlər.
Ocaq qurulsa da sevgi üstündə,
Daim xoşbəxt olmur,sevib-sevilənlər.
İlk başdan duyğuyla yaşadıqların,
Sonda xoş arzular, xəyallar olur.
Sən qurub, yaradıb, bitirdiyin an,
Ruhun əldən düşür, canın, yorulur.
Köksünün altına güclə sığışar,
Sınmış, qırıq-qırıq olmuş bir ürək.
Qorumaq çətindi təmiz hisləri,
Sonadək saxlayıb heç itirməmək.
Qurban verə-verə yaşayırsan hey..,
Bu gün doğmalarçün, sabah yad üçün.
Ömür çıxmaz axı, sevgisiz başa,
Kimi aldadırsan, bir yaxşı düşün…
Nümunə olsan da üzdə hər kəsə,
Sevən bədbəxt olur sənin gözündə.
Bəzən eləsini xoşbəxt görürsən,
Qibtə eləyirsən buna özün də.
ELƏ İSTƏYİRƏM…
Elə istəyirəm, səninlə bir gün,
Aşkarda üz-üzə gəlim, sarılaq.
Tənha bir yer olsun, hər kəsdən uzaq,
Baxım gözlərinə, gülüm, sarılaq.
Yarımçıq qalandan bizim xatirə,
Qəlbimə qarışıq suallar dolub.
O keçən günlərdən, ötən illərdən,
Fikrimdə nə varsa, qaranlıq qalıb.
Elə arzularım var ki..,səninlə,
Əminəm, hamısı bir vaxta sığar.
Səbirlə, ümidlə mən gözləmişəm,
Qorxuram bu fürsət əlimdən çıxar.
Dalıb gözlərinin dərinliyinə,
Bir dəfə doyunca baxacam sənə.
Yaxşı həkk edəcəm səni beynimə,
Bəlkə də, ölüncə görmədim yenə.
Daha yorulmuşam, istəmirəm mən,
Hər gün yuxularda üz- üzə gələm.
Ömrün bircə günün yaşayaq sənlə,
Biraz yüngülləşsin bu həsrət şələm.
ALLAH…
Allah, nə istədim, hər şeyi verdin,
Özümdən narazı, səndən razıyam.
Gözütox, sadəlövh, şükürlü insan,
Mən də sən yaradan, yazan yazıyam.
Bir parça çörəklə, əzizlərimlə,
Özümü dünyanın xoşbəxti bildim.
Onların varlığın, sağlığın, görüb
Dünyanın malını gözümdən sildim.
Elə arxayınam həyatda sənə,
Heç kimə bu cürə ümid olmaram.
Ürəyimdən keçən istəyimlə mən ,
Çarəsiz, ümidsiz heç vaxt qalmaram.
Şükür varlığına, şükür İlahi,
Canımın yandığın necə bilirsən..?
Mənə qan udduran, ürək yaxana,
Cəzanın ağırın seçə bilirsən..!
Sən görüb tanıya bilirsən deyə,
Nəzərin ayrılmır sanıram məndən.
Elə hiss edirəm hər duamda mən,
“İlahi dəyəri” alıram səndən!
SEVGİ BİR SUAL…
Baxanda “səfehə” oxşayıramsa,
Düşündüm, yolunda durmayım daha.
Sən də utanırsan, mən də hardasa,
Ucuz görünürəm olsam da baha.
Zər nahaq düşməyib zərgər əlinə,
Bir toz qondurmazdı, o gül üstünə.
Bu mənim əlimdə olmadı belə..,
Qismətim yazıldı, düşdüm bəxtinə.
Əvvəl ehtimallar belə deyildi,
Gör, indi nə qədər qəlbi yanan var…
Sənin gözlərində narazı baxış,
Mənim gülüşümdə şirin yalan var.
Küsüb-barışmağın nədir ki xeyri?
Çəkişib-bərkişmək olmur köməyin.
Kimin ürəyində nə gizlisi var,
Hərə bir tərəfə çəkir ətəyin.
Nə böyük, nə kiçik… sözü keçən var,
Son söz ürəyindi… sevgi bir sual.
Daha bu eşq üçün ümid gözləyib,
Biz adlı arzudan qurarıq xəyal.
ÜMİD
Şübhələr yaranıb ürəyimdə ki..,
Yəqin mənə aid, məxsus deyilsən…
Ümidim tükənib, anlayıram ki..,
Axı mənə əsir, məhbus deyilsən…
Zülmətdən uzanan bir işıq kimi,
Bəs… mənim ümidlər əlacım idi…
Həqiqi məhəbbət ümidsiz belə,
Həyata təsəllim,rəvacım idi.
Mənim sənsiz ötdü, keçdi illərim,
Sürmədim, həyatda xoş bir ömür, gün.
Sənə olan sevgim artsa da, gülüm,
Doğan ümidlərim itdi günbəgün.
Daha sənsizliyin təməlin atıb,
Qırım boş, mənasız ümidin belin.
Yarada bilərəm, bacarsam… ancaq,
Ümidsiz sevginin büstün, heykəlin.
Könlümdə yaşayan xatirələrin,
İziylə gedəcəm ömür boyunca.
Mən sevgi yaşadım, həsrət yaşadım,
Sənin sevgin ilə sənsiz doyunca.
NƏ OXUMUŞAM..?
Bu gün gözlərində nə oxumuşam..,
Hamısı sinəmə, qəlbimə dolub.
Sonuncu baxışı unutmamışam,
Ən ağır zərbəni vuran o, olub.
İllər sonra sənin bu son baxışın,
Bəs idi,bir ömür bəsim olacaq.
Eşqindən aldığım bu dərin məna,
Ağlıma batmayan hissim olacaq.
Bu gözün, baxışın yadigar kimi ,
Səndən xatirəsin oğurlayacam.
Yaşadıb, gəzdirib, fikirlərimdə,
Açıb mənasını doğrulayacam.
Bu gün gözlərində nə oxumuşam..,
Gözlər ancaq qəlbin aynası deyil.
Fikir, düşüncələr, duyğular qədər,
Onlar hislərə də sayılır dəlil.
DAHA…
Fələk dayandırdı qəsdi-qərəzi
Daha axtarmıram çıraqla səni.
Əlimin içində, ovucumdasan
Vaxtınad tapmadı “taleyin” məni.
Möcüzə bildiyim, nələr- nələrə
Olmuşdu mənimçün səbrin təsəlli.
Qapım bağlı idi, yollarım bağlı
Ümid aparırdı işığa məni.
Sənə qovuşmağa can artdıqca mən,
Nə idi gen tutan bəs, səni məndən?
İndi qocalmışam, düşüb saça dən,
Həsrət yorub məni, soyudub səndən.
Dəridən-qabıqdan sıyrılıb, çıxıb,
Nələri yaşadım bu yerə qədər…
Əlimin içində ovucumdasan
Bircə buna görə hər şeyə dəyər!
SÖZÜMDƏN ÇIXMIŞAM…
Sözümdən çıxmışam qəsdən, bilərək.
Mən çıxıb getmişəm çox istəyərək.
Arxamca nə deyib, nə danışırsan?
Sən məcbur etmisən, gözlə bir görək…
Uzaqdan xəbərsiz, ətərsiz məndən,
Niyə inciyirsən, bilib-bilmədən?
Ümidsiz sevginin qucağında mən,
Illər itirmişəm geri dönməyən…
Sənin təsəvvürün, ya da baxışın,
Mənim hislərimlə eyni deyildir.
Ağılla, ürəyin yolu bir olar,
O da mənə məxsus… yeni deyildir.
Ötürüb, keçirib vaxtı, vədəni,
Qarşıma çıxmısan.., nə istəyirsən?
Mən dikib gözümü baxa bilmirəm,
Ürəyim yol vermir, nə gözləyirsən..?
Heç belə kəsməzdi ağılın məni,
Amma bir yol seçib, yaşamalıydım.
Söz verdim özümə, sənə deyil ki..,
Durmuşam sözümdə, özümə görə.
BAŞIM MƏHƏBBƏTDƏN
NƏLƏR ÇƏKMƏDİ…
Başım məhəbbətdən nələr çəkməd..,
Bu şirin kəlmənin acısıylayam.
Sevgidə görsəm də həyatın dadın,
Aldığım yaralar ağrısıylayam.
Mən çox yaşamışam həsrətin hayın,
Hələ də qovuşmaq duasındayam.
Sevgidə həsrətdir, bəlkə də, payım,
Mənsə mübarizə havasındayam.
Məhəbbət adlanan bu duyğularım,
Vaxtsız gətiribdir hər şey başıma.
Çətin yüksəlişin, qəfil enişin,
Ömrümdə izləri gəlmir xoşuma.
Elə əzabını çəkdim sevginin,
Süründüm boş ümid, xəyal dalınca.
Gözüm xoşbəxtliyi, saf məhəbbəti,
Gəzdi sevən gündən ömür boyunca.
Könül çəkən əzab həm əziyyətdən,
Ruhum da inciyib, mən də küsmüşəm.
Bir kiçik közərti bəs edir mənə,
Hələ məhəbbətdən əl üzməmişəm.
HƏR ŞEY ÖZÜMƏ BAĞIŞLAYIRAM
Mən öz xatirəmdə səni qorudum,
Real həyatıma otuzdurmadım.
O “sən” başqa idi, bu “sən” başqadır,
Bu “sən”i qəlbimə yatızdırmadım.
Böyük səhvimin də, səhvlərimin də,
Səbəbi sən oldun, şübhə etmirəm…
Layiq olmadığım,arzulamadığım,
Hər keçən günümü lənətləyirəm.
Nə yerlərə gəldik, çıxdıq səninlə,
İndi yolumuzu haçalamışıq.
Davayla, döyüşlə, söz-söhbət ilə
İkimiz də ürək parçalamışıq.
İndi yanlışları qarğışlayıram,
Sevgini hər zaman alqışlayıram!
Odun ürəyimə, külün gözümə,
Hər şeyi özümə bağışlayıram..!
GETDİM…
Getdim, illər sonra o yerlərə ki,
Xatirələr dolu kitab yazdırır.
Baxdım başdan-başa bütün ətrafa,
Bu nədir.., bu yerlər ağıl azdırır.
Gözümün önündən nələr keçirib
Qaldım dünən ilə bu gün sorağda.
Həsrətlə gəlmişdim, vüsal gəzirdim
Qəribsədim sənsiz,tək ortalığda.
Bir cığır salmışdın onu axtarıb
Ağladım o qədər… torpağa baxdım.
Gəzdirib gözümü o yan, bu yana,
Burda ayaq döyən izləri tapdım.
Xəbərin var bizi birlikdə görən
Buranın ən böyük sakini ölüb.
Ən kiçik ayağa-ələ dolaşan
Gəlib bizə çatıb, liyev böyüyüb!
Nə gedə bilirəm, nədə ki,qala,
Evim olmalıdı bu yaxınlarda
Uşaqlıq, cavanlıq saray(ı)ma gedim
Özümə gələrəm mən ancaq orda.
MƏNİ DÜŞÜNMƏ…
Məni düşünmə ki, əzaba dalma,
Yadına salma ki, pərişan olma.
Nələr görə -görə yaşadıq belə,
Unut olanları yolundan qalma.
Bəlkə məndə olub, ya səndə günah,
Fərq etməz yarada, qura bilmədik.
Daha fikir etmə, çəkmə qəmli ah,
Həsrət tellərini qıra bilmədik.
Qəzəbi içində boğ, üzə vurma,
Get toya-bayrama, kefindən qalma,
Üz-üzə gəldikdə çarəsiz durma,
Biz eşq dəryasında coşa bilmədik.
Bəxtdi, daşdan-daşa nə çox dəyəcək,
Nahaq yerə yasın tutub ağlama.
İlk eşqin əzabı ruhun didəcək,
Çalış ki, bu dərdi gizli saxlama.
Məni düşünmə ki, əzaba dalma
Qəlbinə nifrətdən sən, ləkə salma,
Dost kimi ölü bil, düşmənin sanma,
Biz eşq zirvəsini aşa bilmədik.
Ziya.info.az
.