SƏBİNƏ ƏLİNCƏLİ  (1976)

11 min read

Əlincəli Səbinə Nadir qızı – 5 av­qust 1976-cı ildə  Naxçıvan şəhərində ana­dan olub. 1993-cü ildə orta mək­təbi, 1996-cı ildə Heyran xanım adına Tibb Məktəbini, 2002-ci ildə Naxçı­van Dövlət Universitetinin Ta­rix-filo­logiya fakültəsinin Azər­bay­can dili və ədəbiy­yatı ixtisasının bakalavr pillə­si­ni, 2005-ci ildə Naxçıvan Döv­lət Uni­versitetinin Magistratura şöbəsinin Azərbaycan  ədəbiy­yatı ixti­sa­sını bitirib.

1996-2000-ci illərdə Naxçıvan Sağlamlıq Mərkəzində və Respublika xəstaxanasında tibb bacısı kimi fəaliyyət göstərib. 2001-2004-cü illərdə Naxçıvan Teleradio Verilişləri Komitə­sin­­də redaktor, böyük redaktor, baş redaktor vəzifələrində çalı­şıb. 2005-ci-ildə  AMEA-nın Naxçıvan Bölməsində kişik elmi iş­çi vəzifəsində çalışıb. 2015-ci ildə Naxçıvan Dövlət Uni­versi­te­tinin “Qeyrət” nəşriyyatında korrektor vəzifəsində  çalışıb. 2016-cı ildən Bəhruz Kəngərli Muzeyinin direktorudur.

2005-2014-cü illərdə Rusiya Federasiyasının Sankt-Peter­burq şəhərində  yaşayıb.

1993-cü ildən şeirləri yerli və mərkəzi mətbuatla yanaşı İran və Türkiyə mətbuatında dərc olunub. Elmi və publisistik mə­qa­lə­ləri “Xalq qazeti”, “İki sahil”, “525-ci qəzet”, “Ədəbiy­yat”, “Şərq qapısı”, “Ədalət” qəzetlərində,  həmçinin Naxçıvan Döv­lət Universitetinin  “Elmi əsərlər”  jurnalında və s. dərc olunub.

2003-cü ildə “Mələklər qoruyur məni” adlı kitabı nəşr olu­nub. Ailəsində qız övladı böyüyür.

 ZiM.Az

 

 

UCALARDAN UCA İNSAN

Heydər Əliyev mənim xatirəmdə

 Əminəm ki, bizim nəsilə mənsub insanların bir çoxunun Hey­dər Əliyev haqqında deməyə sözü var. Kitablardan oxuduqları yox, məhz xatirələri. Mən də o insanlardan biriyəm. İndiki nəsil Heydər Əliyevi kitablardan, videoyazılardan tanıyır. Mən onunla şəxsən ünsiyyətdə olmuşam. Qulağa necə də xoş gəlir, qürurverici səslənir. Yox, yox, icazə verin qürurlanım-mən onu şəxsən tanıyırdım!

Ulu öndərlə iki dəfə görüşməyin xoşbəxtliyini yaşamışam. Bəli, mübaliğəsiz, məhz xoşbəxtlik yaşamışam.

On birinci sinfi bitirməyimə sayılı günlər qalmışdı. 1993-cü il idi. 17 yaşım hələ tamam olmamışdı. Məktəbimizin direktoru Ələkbər Quliyev şeir yazdığımı bilirdi. Bir gün məni yanına çağırdı:

-Qarşıdan Heydər Əliyevin 70 illik yubileyi gəlir. Yaxşı bir şeir yaza bilərsənmi?

Dəliqanlı vaxtlarım idi:

-Mən sifarişlə şeir yazmıram, Ələkbər müəllim.

Tutuldu. Doğrusu, mən də tutuldum. Məktəbin ən fəal şagirdlərin­dən biri olmağımla yanaşı ən nadinclərdən idim. Yaxşı tədbir hazırla­mağım var idi. Yaxşı təşkilatçı idim. Amma nə edəsən ki, məktəbdə pəncərə şüşəsinin qırılması da mənim “əsərim” idi.

Dikbaşlığımın fərqinə varıb vəziyyəti düzəltmək üçün gülə-gülə tez dilləndim:

-Ələkbər müəllim, mən Heydər Əliyevə şeir həsr etmişəm.

Gözləri güldü:

-Hazırlaş, yaxın günlərdə Ali Məclisə gedəcəyik.

Sevincimin həddi-hüdudu yox idi. Sonralar mən bu unudulmaz görüş üçün Ələkbər müəllimə həmişə rəhmət oxuyacaqdım. Evə gə­lər-gəlməz səliqəli xətt ilə tələsmədən dəftərimdən şeiri ağ vərəqə kö­çür­düm. Heydər Əliyevə hədiyyə etməyi düşünürdüm. Məktəbi bitir­mə­diyimə görə pasport almamışdım. Rəsmi ad və soyadım hələ ki Səbinə Əliyeva idi. Şeirin altında imzamı qoyduqdan sonra mötəri­zədə təxəllüsümü – Əlincəli yazdım.

Günlərimi sayırdım. Nəhayət ki, həmin gün gəldi. 8 may 1993-cü il. Şuşanın işğalından düz 1 il ötürdü. Qonşumuz Qadir həkimgilin həyətindən Yaqut xalanın icazəsini aldıqdan sonra bir dəstə bə­növ­şəyi zanbaq topladım.

Məni ilk sırada əyləşdirdilər. Çiçəkləri bərk-bərk qucaqlayıb otur­muşdum. Ulu öndər içəri daxil oldu. Onu şəxsən görmüş, onunla ün­siyyətdə olmuş insanlar birmənalı olaraq bir faktı təsdiqləyərlər: on­dan gələn enerjini. Gözəgörünməz enerjini. Onun yanında sözlə izah edə bilmədiyim enerjinin dalğasını hiss edirdim. Çox fərqqli idi. İlk cərgədə əyləşdiyim üçün, iclas zalı kiçik olduğundan onunla yaxın məsafədə idim. Gözlərinin rəngi, iti baxışı adamı ovsunlayırdı. Diq­qətlə mənə, qucağımdakı güllərə baxırdı. Aradan 30 il ötüb. Bu illər­də Bakıda, Sankt-Peterburqda, Naxçıvanda yaşamışam. Hələ də onun qədər xarizmatik insana rast gəlməmişəm.

Çıxışlar başladı. Qeydlər aparırdı. Arada başını qaldırıb zala ba­xır­dı. Bir nəfər qalxdı. Kim olduğunu xatırlamıram. Şeir qiraət etdi. Belə bir misrası var idi: “Şərqin qoca şiri Naxçıvandadır”. Şeir bit­dik­dən sonra Heydər Əliyev üzünü zala tutub gülə-gülə “Şir hələ qo­calmayıb haaa!”- dedi. Sonunu elə intonasiya ilə uzatdı ki. O vurğuda hər şey var idi: inam, əminlik, güc. Mən onda həyatımın ilk dərsini aldım. Yumor hissinin zəka sahiblərinin ən iti silahlarından biri ol­du­ğunu anladım. Heydər Əliyevin sərrast, insanın içindən keçən çox güclü zarafatlarının gələcəkdə bütün xalqım kimi, mən də hələ çox şahidi olacaqdım. Olduqca zabitəli görünüşünü zarafatları ilə yum­şal­daraq bir anda səmimi ortam yaradan canlı əfsanə idi Heydər Əliyev. Mən ona heyran idim.

Növbə mənə çatdı. Qalxıb şeirimi oxudum. Kürsüdən aralanıb çiçəkləri Heydər Əliyevə təqdim etdim, 70 yaşı münasibətilə təbrik etdim və şeirimi yazdığım vərəqi uzatdım. Alnımdan öpdü, qucaq­la­dı. Gözlərimin bərabərinə əyildi. O baxışlarda olan qətiyyəti hələ də unuda bilmirəm: “Mən sənə söz verirəm, Naxçıvan heç bir zaman Şu­şa gününə düşməyəcək! Biz Şuşanı azad edəcəyik!”

Şeirimi diqqətlə dinləmişdi.

Xalq sənə inanır, inamı doğrult,

Yurdumun düşməni qoy olsun süqut.

Gücünü qələbə etdirsin sübut,

Xalqımın qeyrətli övladı Heydər!

 

Çıxart sən xalqını azad, ağ günə.

Düşməsin Naxçıvan Şuşa gününə.

Dağlar çəkilməsin xalqın köksünə,

Xalqımın qeyrətli övladı Heydər!

“Düşməsin Naxçıvan Şuşa gününə” misrası Şuşanın işğalı ilə barışmayan yeniyetmə qızın fəryadı idi. O, bu fəryadın ağrısını bütün hüceyrələrinə qədər hiss etmişdi. Həzm edə bilmirdim torpaqları­mı­zın işğalını. İnandığım bir həqiqət var idi – hamı onun ərtafında sıx birləşməli, çəkici bir yerə vurmalı idi. Heydər Əliyev mənim üçün  xalqın önündə gedən, onu düz yola yönəldən başçı idi. Bu dünyada ağıllı, dərrakəli insan çoxdur. Amma hər ağıllı insan lider deyil. Heydər Əliyev lider idi. Mən bunu o vaxt gözəl dərk edirdim. Mənim gözümdə Heydər Əliyev zəkanın və gücün birləşməsi idi. Bu üzdən onu hər zaman sevdim. O görüşdə onun yanında özümü o qədər gü­vəndə hiss etdim ki, içimdəki qorxu, vahimə bir anda çəkildi. Hələ çox gənc, ürkək, müharibənin dəhşətlərindən gözü qorxsa da, içində qan-qan deyən, ölümə getməyə belə hazır olan cəsarətli bir azərbay­canlı qızının səksəkəsinin üstündən bir xətt çəkdi o görüşdə Heydər Əliyev. O rahatlıq hissini verdiyi üçün, bizi- millətimizi, vətənimizi qoruyacağına inandığım üçün mən onu saf məhəbbətlə sevdim.

…İnamlı alqış səsi zalı bürüdü. ..Sonrası xoşbəxtlik… Məktəbdə məh­şurlaşmışdım.

İkinci dəfə onunla görüşmək 1999-cu ildə qismət oldu. Naxçıvan Dövlət Universitetində, II kursda oxuyurdum. Oktyabr ayı idi. Uni­ver­si­tetin rektoru və müəllimim İsa Həbibbəyli Azərbaycan Respub­li­kasının prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respubli­ka­sının 75 illik yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gə­lə­cəyini və bu tədbirlər çərçivəsində universitetin yeni tədris korpu­sunun təntənəli açılışında iştirak edəcəyini söylədi. İsa müəllim Hey­dər Əliyevi şeirlə salamlamaq üçün bir neçə tələbə ilə birgə mənim də şeir qiraət etməyimi istəyirdi. Keçirdiyim hisləri təsəvvür etmək o qədər də çətin deyil, yəqin ki. Xatirələr yeni­dən canlandı. Mən elə həmin an Vaqif Məmmədovun 1997-ci ildə qələmə aldığı “Ucalardan uca insan” şeirini söyləyəcəyimə qərar verdim:

Sən ucasan, zəka səndə, güc səndə,

Şimşək səndə, alov səndə, qar səndə,

Xətainin cəsarəti var səndə.

Sən qeybdən göndərilən səsmisən?

Sən tökülən qan izini kəsmisən.

 

İllər boyu əsarətdə yatan el,

Sevincini, şadlığını atan el,

Dar ayaqda ətəyindən tutan el

Tanrısını tanıyırdı, duyurdu

Sən qoymadın parçalana bu yurdu.

Əyilib üzümdən öpəndə: “Cənab prezident, biz Sizinlə 1993-cü il­də, Sizin 70 illik yubileyinizdə görüşmüşdük. Mən Sizə şeirimi hə­diy­yə etmişdim”, dedim. Gülümsəyərək: “Tanıdım səni. Sən həmin qız­san”,- dedi. Sonra orda iştirak edənlərdən sən onun qulağına nə dedin, o nə dedi sualları ilə maraq edənlər də az olmamışdı.

Elə hadisələr var ki, onların təəssüratı insanı ömrü boyu müşayiət edir. Mən xatirələrimi şişirtmədən, bəzək vermədən, sadə və yığcam danışmaq istədim. Məqsədim gözəl bir yazı hazırlamaq deyil də, yaddaşımın bir küncündə illərdir yaşayan, hər dəfə danışdıqca mənə gözəl hisləri təkrar yaşadan xatirələrimi yazıya köçürmək idi. Ulu öndərin 100 illiyinə mə­nim də bir töhfəm olsun istədim. Xatirələri hər kəs sevər, bili­rəm. Hər dəfə danışdıqca gözlərimin içi güldüyü ki­mi bu yazı qələmə alındıqda da gözlərimin içi gülürdü. Atam, babam, ulu öndərim, ruhun şad olsun!

Ruhuna böyük ehtiramla:

SƏBİNƏ ƏLİNCƏLİ

 

 

 

BİZİM ELƏ TA QƏDİMDƏN

NƏQŞİ-CAHAN DEYƏRLƏR

 

Yer üzünün cənətidir, nə istəsən var burda,

Bizim elə ta qədimdən Nəqşi-Cahan deyərlər.

Mən aşiqəm bu torpağa, bu diyara, bu yurda,

Bizim elə ta qədimdən Nəqşi-Cahan deyərlər.

Cərgələnib boyhaboya çəmənliklər, dağ-dərə,

Başı qarlı uca dağlar bənzəyir aləm yerə,

Hücumlara diyarımız məruz qalıb min kərə,

Bizim elə ta qədimdən Nəqşi-Cahan deyərlər

Bu yerlərə min bir cürə naxış vurub Yaradan,

Uzunobaya, Batabata çoxları qalıb heyran,

Bu aləmdə, təbiətdə əsla yoxdur heç nöqsan,

Bizim elə ta qədimdən Nəqşi-Cahan deyərlər.

Bulaqları şəfalıdır, şəfa ara suyunda,

İnsanları  vəfalıdır, vəfa ara huyunda,

Havası da səfalıdır, səfa vardır qoynunda,

Bizim elə ta qədimdən Nəqşi-Cahan deyərlər.

Düşmən tutmaz özünə nə doğmanı, nə yadı,

Geri qalmaz heç bir yerdən şöhrəti, şanı, adı,

Məftun edər hər kəsi meyvələrinin dadı,

Bizim elə ta qədimdən Nəqşi-Cahan deyərlər.

Azərbaycan bir qartaldır, bura onun qanadı,

Azərbaycan anamızdır, bizlər onun övladı,

Dahiləri yetirməkdə öndə çəkilir adı,

Bizim elə ta qədimdən Nəqşi-Cahan deyərlər.

 

 

DÜNYA ÜZÜYOLA GƏLİN DEYİLMİŞ…

 

İlahi, qəm yükün nə ağır imiş..

Saxlaya bilmirəm, çiynimdən düşür.

Dünya üzüyola gəlin deyilmiş,

Sərtliyi üzündən ömrə dən düşür

Aldadan, aldanan, yalan yeridi,

Şərin xeyri satın alan yeridi,

Dünya bir yuxudur desəm, yeridi,

Puçdur, dünya malı gözümdən düşür.

Axıt göz yaşını yaramın üstə,

Göynəsin, kül olsun sevdam  ahəstə.

Ruhum bir zərrədir, hey dönmək istər,

Yolum bu dünyaya təzədən düşür.

Bağrımda  həsrətin  qıvrılıb yatıb,

İçmdə cücərən  ümid boy atıb

Xamırıma nurundan bir çimdik qatıb

Qüdrətindən fitrətimə dən düşür.

Sevdandır ruhuma işıq salan  şam

Ya Rəbb,  həsrətindən könlüm pərişan,

Ölümü seçməyə qoysalar, inan,

Yada,  düşünmədən,  tək Vətən düşür.

 

 

PARÇASIYAM KAİNATIN

 

Yenə də əyləşib ruhum

Kədər, qüssə, qəm taxtında

Hava da qəmlidir bu gün

Mənim mükəddər vaxtımda.

 

Həzin külək əsir bu gün

Buludlar qeybə çəkilib.

Qəm ürəyi kəsir bu gün

Havada  kədər əkilib.

 

Nəfəs alıram, getdikcə

Qəm-kədər içimə dolur.

Təbiət sanki bu gecə

Qəlbimin nəbzini tutur.

 

Saçlarıma gah toxunur

Dəli küləyin ətəyi

Ürəyimlə birgə vurur

Havanın məhzun ürəyi.

 

Yaş ötdükcə anlayıram

Parçasıyam kainatın.

Görən ruhum harasında

Hansı layın? Hansı qatın?

 

ZiM.Az

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *