MƏFTUNƏ NUR (1982)
12 min readMəftunə Nur (Hüseynbəyli Məftunə Firəddin qızı) – 27 noyabr 1982-ci ildə Culfa şəhərində doğulmuşdur. 1989-cu ildən 1998-ci ilədək Culfa şəhər 1-N:li məktəbində orta təhsil almışdır. 1998-2002-ci illərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq fakultəsində kimya ixtisası üzrə, 2011-2015-ci il-lərdə isə həmin universitetin Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünas ixtisası üzrə təhsil almışdır. 2003-cü ildən 2012-ci ilədək kimya müəllimi vəzifəsində işləmişdir. 2012-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində məsləhətçi vəzifəsində işləyir. 4 kitab müəllifidir: “Danışan baxışlar” 2009-cu ildə, “Nə qədər ki, məhəbbət var…” 2010-cu ildə, uşaqlar üçün qələmə aldığı “Dünya nura boyandı” kitabı 2023-cü ildə və “Bütün dünya sən yaşayan küçədir” adlı kitabı 2024-cü ildə Naxçıvanda “Əcəmi” nəşriyyatında çapdan çıxıb.
Şeirləri müxtəlif qəzet və jurnallarda nəşr olunub.
2012-ci ildən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvüdür. Evlidir, 3 övladı var.
Dəyərli oxucularımız sizləri Məftunə Nur xanımın duyğu dünyasına səyahət etməyə dəvət edir və onun yaradıcılığından bir sıra şeirləri sizlərə təqdim edirik.
Ramilə Əliyeva,
ZiM.Az
NAXÇIVAN
Gəmiqaya izdir qədim zamandan,
Əshabül-Kəhf səsi gəlir Qurandan.
Çox nemətlər bəxş eyləyib Yaradan,
Torpağının şöhrətini tanıtdı.
Atabəylər dövlətini yaradan,
Şir ürəkli, o mərd, cəsur qəhrəman,
Şəmsəddin Eldəniz adında aslan
Sarsılmayan qüdrətini tanıtdı.
Təfəkkür ruhuydu, istedad qulu,
Əcəmi türbəsi zəka məhsulu.
Tarix yaddaşıdır, uludur, ulu!
Naxışında zəhmətini tanıtdı.
Xalqı ücün iti qələm olanda,
Cəhalət ən böyük sitəm olanda,
Yaralara çarə, məlhəm olanda
Böyük Cəlil niyyətini tanıtdı.
Sənət incisidir “Dumanlı Təbriz”,
“Qılınc və qələm”i hamıya əziz.
Salıb yaddaşlara silinməyən iz,
Ordubadi cürətini tanıtdı.
“Mənim tanrım gözəllikdir, sevgidir”,
Gözəllikdən belə deyib bəhs edir.
Sözlərində cox hikməti əks edib,
Hüseyn Cavid ülfətini tanıtdı.
Zaman ötür əsərləri sağ, oyaq,
Müzeylərin yaraşığı, çilçıraq.
Fırçasında çiçək açıb min budaq,
Bəhruz oğlun sənətini tanıtdı.
Dəhşət idi müharibə çağları,
Gərəkdi oktanlı yanacaqları,
Yusif oğlun kimi elm çıraqları,
Yurdumuzun sərvətini tanıtdı.
Dahi lider Heydər təkin el oğlu
Hər sabahı, hər səhəri nur dolu,
Aydınlatdı zülmətdəki o yolu,
Azərbaycan dövlətini tanıtdı.
Nəqşi-cahan! Sən cahana bəzəksən.
Dünya gülzar, sən şah gültək çiçəksən.
Andımızsan, bizə su, od, çörəksən,
Ulu torpaq, Nuh yurdusan Naxçıvan.
XİLASKAR
Qoymadın paralaya düşmənlərin yurdunu,
Gücləndirib yaratdın yenilməyən ordunu.
Söndürmədin qəlbində Azərbaycan odunu,
Xalqın ümidi oldu rəhbərin dəyanəti,
Ayırdı yalanlardan gerçəyi, həqiqəti.
Havanı toz bürüyüb, qəfil çaxanda şimşək,
Dolduranda gözlərə hiyləni, fəndi külək,
Yağanda leysan kimi məkr, xəyanət, kələk,
Sən qara buludlardan qorudun məmləkəti,
Hər xalqa vermir Tanrı sənintək şəxsiyyəti.
Zülmətə günəş oldun, fikir, ağıl böyütdün,
Xalqına zəfər verən cəsur oğul böyütdün.
Ali Baş Komandanım unutmadı öyüdün,
Yerinə yetirəndə etdiyin vəsiyyəti
Xoşbəxt saydı özünü, yaşadı fəxarəti.
Sən elə hopmusan ki, bu millətin bağrına,
“Xilaskar” deyən zaman sən gəlirsən ağlına.
Dünyanı heyran qoydu sonsuz sevgin xalqına.
Qurtardın fəlakətdən, bəlalardan milləti,
Şah deyən ölkələri mat etdi siyasətin.
Sən qürur mənbəyimiz, dürrümüz, gövhərimiz,
Ən böyük sərkərdəmiz, ən ulu öndərimiz.
Zülmətin bağrın yaran işıqlı səhərimiz.
Al Günəşə bənzədi yurduna məhəbbətin,
Ucaltdın zirvələrə elimin əzəmətin.
XARIBÜLBÜL
Düşmənin kirli əli ona dəyməsin deyə
Yosunlara büründü daşlar, sıldırım qaya.
Ərşə ucalan səsi çatmayanda dünyaya
Yığdı, yığdı qəlbinə nisgili, xarı bülbül.
İtirmişdi elə bil həyatda hər kəsini,
Ayrılıq ölüm kimi kəsirdi nəfəsini.
Axtarıb itirdiyi avazını, səsini,
Gəzirdi soraq-soraq nəğməni, tarı bülbül.
Dağlara dözən zaman Şuşadakı hər bir dağ,
Bağrın qan eyləyəndə xəzan olan bağça, bağ,
Çağıranda bizləri hicrana dönən o çağ
Gələcəklər dedinmi Bülbülə barı, bülbül?
Ah-naləni çəkəndə həbsində-qəfəsində,
Divanəyə döndünmü viran olan evində?
Donsan belə o qara niyyətdə, qanda, kində,
Bəyaz deyə içinə aldınmı qarı, bülbül!
İgid oğul qoyarmı yerdə qalsın bircə ah,
Əllərini eylədi o qəhrəmanlar silah.
Müjdə verdi güllərə: “Vüsal yetdi bu sabah!”,
Gülümsədi gözündə yaşlarla xarıbülbül.
AZƏRBAYCAN ƏSGƏRİ
Bütün dünya danışır polad dəyanətindən,
Gücündən, qüdrətindən, Vətən məhəbbətindən.
Düşmən əsir yarpaqtək döyüş rəşadətindən.
Sənin cəsarətinin yoxdur tayı, bənzəri,
Sənə alqışlar olsun, Azərbaycan əsgəri!
Milyon ürək səninlə bir amalla vuruşdu,
Biri əlində dua, bir nəğmələr qoşdu.
“Azərbaycan” deyəndə ürək çağladı, coşdu,
Aşdı, daşdı yurdumda şücaətin selləri,
Sənə alqışlar olsun, Azərbaycan əsgəri.
Silahlı Qüvvələrin Ali Baş Komandanı,
Zabiti, komandiri, qocası, növcavanı
Haqsızlığa son qoyub yazdı zəfər dastanı.
Kəsdiniz vətənimə böhtan atan dilləri,
Sənə alqışlar olsun, Azərbaycan əsgəri!
Düşmənlərin canına yaman düşüb əsməcə,
Yazdıqları mifləri silmisən hecə-hecə.
Bilmirəm vəsf eyləyim mən səni axı necə?
Görünsün qəlbindəki sədaqətin telləri,
Sənə alqışlar olsun, Azərbaycan əsgəri!
Sən ana vətəninə fəxarətli övladsan,
Sən elin iftixarı Mübarizsən, Poladsan.
Sən vətən sevgisiylə yanan alovsan, odsan.
Odlamısan yağını, qalıb cansız külləri,
Sənə alqışlar olsun, Azərbaycan əsgəri!
Vətən səsləyən zaman milyon dəfə dedin: “Can!”,
Dedin:– Yüz canım olsa, yüzü də sənə qurban.
Bayrağını hər şeydən uca tutan qəhrəman.
Can döşəyib yoluna qarşıladın zəfəri,
Sənə alqışlar olsun, Azərbaycan əsgəri!
“Azərbaycan” deyəndə hamı ayağa dursun!
Vətənimlə bağlıdır mənim ən böyük arzum.
Müqəddəs torpağımın bir zərrə adi tozun
Kimsədə qoymaz heç vaxt yurdumun ərənləri,
Sənə alqışlar olsun, Azərbaycan əsgəri!
ŞƏHİDİM, HALAL EYLƏ
Şəhidim, sən qurtardın Qarabağı qəfəsdən,
Söylədin: Vətən öndə hər arzudan, həvəsdən.
Daha əziz pay yoxdur verilən son nəfəsdən–
Bizlərə bəxş etdiyin cahanı halal eylə!
Sənin şücaətinlə əzildi yağı düşmən,
Sən milli qürurumuz, milli şərəfimizsən.
Ey əbədi qəhrəman! Sənlə öyünür Vətən–
O qəhrəman adını, sanını halal eylə!
Sən atanın həsrətin, ananın göz yaşını,
Körpətək əzizlənib, oxşanan başdaşını,
Səni sevən qadının həyatla savaşını,
Yaşanmamış gününü, anını halal eylə!
Alışan ümidlərə, fərəhlənən sözlərə,
Qanadlanan sevincə, parıldayan gözlərə,
Qələbəni yaşayıb, fəxr eyləyən bizlərə
Sənin qurban verdiyin canını halal eylə!
Ay-ulduzlu, üçrəngli bayrağına and içən,
“Vətən!” “Vətən!” deyərək şirin canından keçən,
Başımızı ucaldıb, yeni tarix yazan sən,
Tarixə qələm olan qanını halal eylə!
ŞƏHİD ANASI
Dolanır dodağına göz yaşının duzları,
Kəsir, nəfəsin kəsir intizarın buzları.
Oda verir ürəyi baxışının közləri,
Sığdıraraq gözünə dərdi, matəmi, yası,
Öz oğlundan danışır dərdli şəhid anası.
Xəyallar qurduranla xəyalların basdırıb,
Ümidini talayıb, arzularını yarıb.
Gündüzsüz gecələrin ahlar, nalələr sarıb,
Dağ çəkərək göynədir için-için yarası,
Öz oğlundan danışır dərdli şəhid anası.
Qor dolub yatağına bağrı yanıb, alışıb.
Qüssə, qürur, dərd, fəxr bir-biriylə yarışıb.
Oğlunun çiçək ətri bu torpağa qarışıb,
Bələnib bayrağına ürəyinin parası,
Öz oğlundan danışır dərdli şəhid anası.
Göylərə qalxar deyə çəkdiyi haray, nərə,
Qoymayıblar görməyə oğlunu son bir kərə.
Tökə bilmir, əslində, acısın kəlmələrə,
Baxanda yalnız oğlun əks edirmiş aynası,
Öz oğlundan danışır dərdli şəhid anası.
Qəlbindən saçlarının telinədək qırılıb,
“Yuxuma gəl” deyərək yalvarmaqdan yorulub.
Nə yaxşı ki, şəhidlik iftixarla yoğrulub,
“Vətənə sipərik biz” deyərmiş gül balası,
Öz oğlundan danışır dərdli şəhid anası.
Qaralar ömrə-günə, ağlar telə düşübdü.
Yorğan buza çevrilib, yastıq selə düşübdü.
Oğlu deyib: “Gedirəm, Vətən dara düşübdü,
Bu, təkcə torpaq deyil, haqq, ədalət davası”…
Öz oğlundan danışır dərdli şəhid anası.
Bir ömürlük xatirə dolub boş otağına,
Qəm durur, kədər yatır oğlunun yatağına.
Saçına dəyib deyə qurbanmış darağına,
“Şəhadətin mübarək!” söyləyirmiş laylası,
Öz oğlundan danışır böyük şəhid anası.
Oxşamağa doymadın kirpiyini, qaşını,
Şəhidlər ölməz ana, dik tut uca başını.
Ölməzi ağlamazlar, sil gözünün yaşını,
Ey özü də qəhrəman! Ey qəhrəman anası!
Öz oğlundan danışır böyük şəhid anası.
GÜLMƏZ
Xəyal nə günahdır, nə də qəbahət,
Zənn etmə ki, gizlətməkdir məharət.
Əgər gəlsə edam sonu bəraət,
Zaman küsər, bədən gülər, baş gülməz.
Xatirələr zəbt eyləsə beynini,
Tuta bilməz xəyalların əhdini.
Öz arzuna sarıyanda kəfəni
Hər kəs gülər, bircə qara daş gülməz.
Həyat bələdçidir, sənsə bir naşı,
Yolun sevən uduzmayıb savaşı.
Ürəyini yorsa ruhun təlaşı,
Sən gülərsən, yanaqdakı yaş gülməz.
Var olmayan borcun olsan borclusu,
Nə borcların bitər, nə qəm doğrusu.
Cəsur olar tərəddüdün sorğusu,
Dodaq deyər, kirpik gülər, qaş gülməz.
Qalx ayağa, bir ruhunu qucaqla,
Qəlb isinir bir ümidlik ocaqla.
Nə sual gəz, nə gedəni soraqla,
Ömür keçər, “bəlkə” gülər, “kaş” gülməz.
MÖCÜZƏNİN ÖZÜŞƏN
Qalıb yol ayrıcında möcüzə gəzən insan…
Ruhun hara baxırsa, sən də ora tərəf get!
Yol yoxdursa o yöndə, sən cığır aç o zaman,
Dünyada niyə varsan, öyrən, sonra onu et.
Gördün səslər çox gəlir, qulağına pambıq qoy,
Gözlərində böyütmə gördüyün rəsmləri.
İradən qoçaq olsun, həvəsə, ümidə doy,
Arzuların göyərməz, axmasa alnın təri.
Necə çörəyə dönər ayrı dursa su una?
Qələm, kağız əlində, öz xəttini oxu sən.
Cəsarəti qəlbinə, inancını duyğuna,
Düşüncəni ruhuna ilmə-ilmə toxu sən.
Qorxma. Qorxma yoluna döşənilən daşlardan,
Qarşına çay da çıxsa, bir körpü sal çayı keç.
Əl aç göylərə göndər özünü bu dünyadan,
Ulduzları tac eylə, buludları, ayı keç.
Quşlardan soruşurmu səbəbini arılar?
Əlbət, hamıdan yaxşı tanıyıram mən kiməm.
Yalandır nağıllarda sirri deyən qarılar,
Mən əzmdən, əməkdən başqa iksir bilmirəm.
Mən bilmirəm sehrli sözlər, günlər, rəqəmlər,
Niyyətimi bilirəm, bir də ki, zəhmətimi.
Bilirəm qayğı sevir bütün dərdlər, ələmlər,
Vermirəm ona görə onlara diqqətimi.
Xəyalının gücü var biləyində, qolunda,
Sehr sənsən, sirr sənsən, heç zaman sirr axtarma.
İnanan qəlb hər şeydir, addımla öz yolunda,
Qəlbinin gözlərin aç, qibləgah, pir axtarma.
Bürün başdan – ayağa ləyaqətin nuruna,
Görəcəksən zülmətin bağrını da sökülən.
Söyləyəcək, söz versən bircə kərə ruhuna,
Axtarma möcüzəni, möcüzənin özüsən!
SƏN MƏNDƏN İNCİYƏNDƏ
Soyuq baxışlarından üşüyürəm, donuram,
Yaralı kəklik olub, qəm dağına qonuram.
Fikirləri ələyir, çözələyir, yonuram,
Ürəyin necə dözür, yarama duz səpəndə?!
Dünyam mənasız olur sən məndən inciyəndə.
Həsrət xəncərin edir qəlbimi para-para,
Səbrimi yoxlamaqla könlümə vurma yara.
Ört qürur qapısını, gəl tellərimi dara,
Sənsiz nə sevinc olur, nə arzu, istək məndə,
Dünyam mənasız olur sən məndən inciyəndə.
Gözlərindən ruhuma nigaranlıq süzülür,
Lal sükut pərdələri aramıza düzülür.
Sarsılmaz ümidlərim tel-tel sınır, üzülür,
Qərib, tənha oluram əziz, doğma vətəndə,
Dünyam mənasız olur sən məndən inciyəndə.
Qoy bu inciklik olsun yaz vaxtı yağan yağış,
Vüsalın xoş bahardır, intizarın soyuq qış.
Vurma eşq aynasına qara xətt ilə naxış,
Bəsdir inad eylədin, heç insaf yoxmu səndə?!
Dünyam mənasız olur sən məndən inciyəndə.
Bu məftun dildarına sənsən həm dost, həm dayaq,
Qapansa da gözlərim, fikirlər qalır oyaq.
Rəvadırmı sevginin boynunu bükük qoyaq?!
Gəl ülfəti bürüyək bala, şəkərə, qəndə,
Dünyam mənasız olur sən məndən inciyəndə.
ANKARA
Yenə doğum günündür, yenə sənli və sənsiz,
Axır, axır həsrətim gözümdəki yağışla.
Deyirsən az qalıbdır, anam, bir azca da döz,
Qəlbim dəcəl uşaqtək söz dinləmir, bağışla!
Burda fəsil intizar, halım süst, hava sazaq,
Qar ələnir yollara, sən gələn yolu yuyur.
Bilmirəm ayrılıqdır, həsrətdir, yoxsa bıçaq,
Sancılıbdır qəlbimə, zalım qəlbimi oyur.
Ürəyimin parası, qaşları, gözü qara,
Canıma candan ötə əzizim də səndədir.
Demə, dənizim yoxdur, bundan belə Ankara–
Limanım da, dalğam da, dənizim də səndədir.
ZiM.Az