HEYDƏR ƏLİYEV İDEYALARI MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN ZƏNGİNLƏŞMƏSİNƏ MÜHÜM TÖHFƏDİR

15 min read

Hər bir xalqın həyatında onun milli-mənəvi dəyərləri mühüm bir əhəmiyyət kəsb edir. Çünki bu dəyərlər xalqın uzun əsrlər boyu fəaliyyəti nəticəsində təşəkkül tapıb formalaşmış və bügünkü günümüzə qədər gəlib çatmışdır. Onlarda xalqın həyat tərzi, dünyaya baxışı, düşüncəsi, məişəti, xarakterik xüsusiyyətləri və s. kimi keyfiyyətlər öz əksini tapır. Həmin keyfiyyətlər həm də mənsub olduğu xalqın mədəniyyətinin inkişafında, milli mənlik şüurunun formalaşmasında mühüm rol oynayır.
Bir sıra görkəmli şəxsiyyətlərimiz, mütəfəkkirlərimiz, ədiblərimiz də öz fəaliyyətlərini, fikir və düşüncələrini xalqımızın milli-mənəvi dəyərlərinə dərin hörmət və ehtiram ruhunda ifadə etmiş və bu yöndəki əməlləri ilə özləri də xalqın milli sərvətinə çevrilmişlər. Deyilənlərin bariz nümunəsi kimi Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətinə diqqət yetirilməsi əhəmiyyətli məsələlərdəndir.

Heydər Əliyev rəhbərlikdə təmsil oldunduğu bütün zamanlarda həmişə xalqımızın milli-mənəvi dəyərlərinə böyük önəm vermiş, onlara qarşı tükənməz sevgi duymuş, həmin dəyərləri sanki ucalan bir bayrağa çevirərək hər zaman başı üzərində qürurla dalğalandırmışdır. O öz fəaliyyəti boyu bu dəyərlərin qorunması, milli mədəniyyətin inkişaf etdirilməsi, adət-ənənələrimizin zənginləşdirilməsi istiqamətində böyük səylər göstərmişdir. “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət- ənənələrimizlə fəxr edirik” – düşüncəsini öz mənəvi və cismani dünyasının əsas prioriteti olaraq həyatının mənasına çevirmişdir. Bu dahi şəxsiyyət gənclərin milli-mənəvi dəyərlərə sevgi ruhunda tərbiyə olunmasının əhəmiyyətini xüsusi xüsusi qeyd edər, məruzə və çıxışlarında tez-tez vurğulayardı ki, öz tarixini, dilini, milli-mənəvi dəyərlərini bilməyən gənclər əsl vətənpərvər ola bilməz. “…Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Ümummilli liderimiz Heydər Əliyev xalqa öz tarixini, doğma ana dilini, ədəbiyyatını, mədəniyyət və incəsənətini, adət-ənənələrini sevməyi, cani-dildən qorumağı və onları daha da zənginləşdirməyi tövsiyə edirdi. Bu baxımdan daim aktiv fəaliyyət göstərir, atdığı əhəmiyyətli addımlarla bu müqəddəs işə öz töhfəsini verirdi. O xüsusi olaraq qeyd edirdi ki, “Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.”. Bu baxımdan ulu öndərimiz vüqarla səsləndirdiyi “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsi ilə böyük bir həqiqəti ortaya qoyur və bu deyimlə zəngin milli-mənəvi dəyərlərə mənsub bir xalq olduğumuzu qürurla, böyük bir iftixar hissi ilə eyhamlayırdı. Heydər Əliyevin düşüncə nöqteyi-nəzərindən sanki tərəfimizdən Allahdan bir cənnəti-məkan arzulanıb və həmin istəyin qarşılığında yeri-göyü xəlq edən bu ulu xalqa Azərbaycan adlı bir diyarı – bu gözəl coğrafi məkanı əta edib.

Bu xalqın məhəbbəti məni ərlər içində ər oğlu ər elədi,
Bir evin Heydəriydim, bu dünyaya gələndə,
Bu xalq məni qaldırıb bütün zamanlar üçün əsl Heydər elədi.
Azərbaycanım kimi diriyəm, əbədiyəm, möhtəşəməm, canlıyam,
Həmişə fəxr etmişəm – “Mən Azərbaycanlıyam!” (Z.Yaqub)

Bütün varlığı ilə, bütün ruhu ilə Azərbaycana bağlı bir insan kimi Heydər Əliyevin azərbaycançılıq ideyalarının təbliği istiqamətində fəaliyyəti sözün əsl mənasında təqdirəlayiqdir. Xalq şairi Zəlimxan Yaqubun təbirincə desək,

Öyünürdü, öyünür, öz xalqının adıyla,
Öyünürdü bu xalqın böyük istedadıyla.
Onun üçün dünyada ən böyük şərəf idi
Azərbaycanlı olmaq,
Həmişə mərd, mübariz, həmişə canlı olmaq. (Z.Yaqub)

Ulu öndər Azərbaycana bir könüldən min könülə bağlı idi; Azərbaycan onun ruhundaydı, fikri, düşüncəsi, hər bir addımı Odlar yurdunun xoşbəxt gələcəyinə nail olmaq naminə hədəflənmişdi. Böyük coşqu ilə ifadə edirdi ki, “Bizim hamımızın bir vətəni var – bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.
Dilə böyük önəm verən ulu öndər 1969-cu ildə hakimiyyətə gələndən az sonra indiki Bakı Dövlət Universitetinin yaradılmasının 50 illik yubiley tədbirində SSRİ hökümətinin iradəsinin ziddinə olaraq Azərbaycan dilində – doğma ana dilində çıxış edir. Bu mühüm bir tədbirdə nitqi ilə xalqa, o cümlədən SSRİ rəhbərliyinə öz mühüm ismarıclarını vermiş olur. Dil mənsub olduğu bir xalqın varlığıdır, xalqı azadlığa, müstəqilliyə daşıyan yolda mühüm təməl daşıdır. Bu nüansları aydın duyan ulu öndər ana dilimizin inkişafı, onun tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində mütərəqqi addımlar atır. 1978-ci ildə qəbul olunmuş yeni Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olunur. Yenidən hakimiyyətə gəldikdə isə bu istiqamətə sadiqlik nümayiş etdirərək Azərbaycan dilinə dair bir sıra mühüm sərəncamlar imzalamağa nail olmuşdur. Ulu öndər Azərbaycan dilinə böyük sevgisini həm də öz yüksək natiqlik bacarığı, gözəl nitqi ilə əyaniləşdirirdi.
Heydər Əliyev üçün dil xalqın milli sərvəti olmaqla onun varlığını şərtləndirən ən mühüm amillərdəndir. Azərbaycana rəhbərliyinin hər məqamında bu, ali məqsəd olaraq onu dərindən düşündürürdü. Dahi şəxsiyyət 2001-ci il oktyabrın 17-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdəki geniş nitqində demişdir: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük.”.
Dilimizə böyük sevgi ilə yanaşan Heydər Əliyev onun taleyi ilə bağlı həmişə nikbin olmuşdur. “Öz dilimizi Azərbaycanda hakim dil etməliyik!” – ulu öndərin dil strategiyası, onun dil nəzəriyyəsində prioritet istiqamət belə idi. Çünki o gözəl anlayırdı ki, milli-mənəvi dəyərlərə, bütövlükdə torpağa, vətənə, xalqa olan dərin sevgi də ana dilimizdən keçir. Dil elə bir boğçadır ki, onun ağzını açdıqda xalqın əsrlər boyu yaratdığı bütün mövcudat, bütün dəyərli varlıqlar orada özünə mötəbər bir yer alıb. Şair elə-belə demir ki,

Kim danışa bilirsə Azərbaycan dilində,
Demək, danışa bilər bütün dünya dilində,
bütün cahan dilində.
Bu dil sevgi dilidir, anamızın dilidir, atamızın dilidir. (Z.Yaqub)

Ulu öndərin şifahi xalq yaradıcılıq nümunələrinə, klassiklərimizə olan münasibəti də milli-mənəvi dəyərlərimizə olan mənəvi bağlılığın, böyük sevginin parlaq nümunəsidir. “Kitabi – Dədə Qorqud” dastanlarının 1300, Məhəmməd Füzulinin 500, Səməd Vurğunun 90 illik yubiley tədbirlərinin keçirilməsi xalqın milli-mənəvi dəyərlərinə olan münasibətinin yüksək mənada ifadəsi kimi səslənir. Xalqın bütövlüyünü, dövlət quruculuğunun təməl daşını təmin etmiş olan milli-mənəvi dəyərlər, o cümlədən bu sırada xüsusi imkanlara malik ədəbiyyat da müasir qüdrətli Azərbaycanın inkişaf prinsiplərini təşkil etmişdir. Bu prinsiplər eyni zamanda ümummili liderimiz Heydər Əliyevin idarəçilik sisteminin prioritetlərindəndir. Çünki bu müdrik insan gözəl bilirdi ki, ölkənin inkişafında ən mühüm rolu onun mənəviyyatı oynayır. Təbii ki, mənəviyyatın formalaşmasında da bədii ədəbiyyat nümunələrinin rolu əvəzsizdir. O həmçinin öz milli-mənəvi dəyərlərinə böyük sevgi duyan, onu əzizləyərək hər zaman uca tutan xalqın hansı dili istədiyini yüksək fəhmlə duyur və bu tərz onda böyük fəxarət hissi doğururdu.

Hər dəfə ucalırdı göyün yeddi qatına
Xalqın adını çəkib “Azərbaycan” deyəndə,
Saf poladdan tökülmüş heykələ bənzəyirdi
Azərbaycan eşqinə vətənə “can!” deyəndə. (Z.Yaqub)

Tariximizin bütün dönəmlərində xalqımız milli-mənəvi dəyərlərinə sadiqlik göstərmiş, həmin dəyərlər naminə canını belə fəda etməyə hazır olduğunu dəfələrlə isbatlamışdır. 1969-cu il iyulun ayının 14-dən etibarən Azərbaycan SSR-də siyasi hakimiyyətə qədəm qoyan kimi Heydər Əliyev hər cür siyasi və ideoloji qadağalara məhəl qoymayaraq xalqımızın milli oyanışı, milli-mənlik şüurunun baş qaldırılması naminə çarpışmış, bu yöndə bütün zəruri olan məsələri önə çəkmiş, xalqın mənəvi dirçəlişinə, bütün istiqamətlər üzrə mənəvi yüksəlişinə təkan vermişdir. Elə bu mənada ulu öndər fəlsəfi aspektdə fenomen bir şəxsiyyət kimi xalqın qəlbinə yol tapmış və bütün fəaliyyəti boyu bu xəttə sadiqlik nümunəsi göstərmişdir. Ulu öndər həyati əhəmiyyətli bir sıra mühüm addımlar atmışdır ki, bu da xalqımızın milli iftixar hissinin daha da gücləndirilməsi, qədim və zəngin tarixinin, qəhrəmanlıqlarla dolu şanlı keçmişinin öyrənilməsi, mənsubluğuna – soy-kökünə dönüşünün təmin edilməsi, zənginliyi və əsrarəngizliyi ilə könülləri fəth edən ədəbi-bədii irsinin, mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin dərindən mənimsədilərək inkişaf etdirilməsi yolunda təqdirəlayiqdir.
Ulu öndər gələcək nəsillərə ötürmək üçün milli-mənəvi dəyərlərimizi yaşatmağın vacibliyini təkrar-təkrar vurğulayar, həyati əhəmiyyətli məsələ kimi bunları hər zaman diqqətdə saxlamağın önəmli olduğunu dilə gətirər və “bunlarsız millət yoxdur” düşüncəsinin dərk edilməsini zərurət kimi irəli sürmüşdür. Bu nüanslara xüsusi diqqət yetirmiş, onları əzmlə, xüsusi bir şövqlə qoruyub saxlamış xalq isə həmişə azadlığına yol açmış, istiqlalına qovuşmuş, müstəqillik yolunda inamla addımlayaraq öz xoşbəxtliyinə nail olmuşdur. “…Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. düşüncəsi ilə Heydər Əliyev azərbaycançılıq məfkurəsini milli ideologiya kimi təqdim edir, milli-mənəvi dəyərləri yalnız milli baxımdan deyil, həm də siyasi baxımdan varlığımızın – dövlətçiliyimizin rəmzi mənada ifadəsi kimi dəyərləndirirdi. Mənsub olduğu bir xalqın milli-mənəvi irsinə sonsuz məhəbbət duyan ulu öndərimiz görkəmli ictimai-siyasi xadim kimi, müdrik bir insan tək gözəl anlayırdı ki, milli ideologiyanı özündə formalaşdıran bir xalqın inkişafı, onun yüksəlişi labüd bir prosesdir.
“Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- aforizminin məğzinə uyğun olaraq ümummili liderimiz bütün fəaliyyəti boyu milli-mənəvi, əxlaqi, mədəni və dini dəyərlərimizin, adət-ənənələrimizin qoruyucusu kimi əsl fədakarlıq nümunəsi göstərirdi. Hələ sovet dönəmində Azərbaycanın siyasi hakimiyyətində rəhbər vəzifədə təmsil olunarkən ölkəmizin bütün guşələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında sərəncam imzaladı ki, burada da məqsəd qədim və zəngin tariximizin nişanəsi, ulu əcdadlarımızın yadigarı kimi tarixi abidələrimizin, müxtəlif növ eksponatların mühafizə edilib gələcək nəsillərə çatdırılmasından ibarət idi. Eyni zamanda Azərbaycan şifahi xalq yaradıcılığı nümunələrinin, bu sırada folklorumuzun daha dərindən araşdırılması, qədimliyi ilə diqqət çəkən ozan sənətinin inkişafının təmin edilməsi, milli ruhu özündə yaşadan xalq mərasimlərimizin təbliği istiqamətində ciddi addımlar atıldı.
Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən siyasi rəhbərliyə qayıdan ulu öndər dövlətçiliklə yanaşı, mədəni quruculuq, milli-mənəvi və milli-tarixi yaddaşın bərpası prosesinə əzmlə başlamış oldu. Sovetlər zamanında yasaqlanan, xüsusi qadağalarla müşayiət olunan xalqın təfəkküründə özünə yurd-yuva salmış milli və dini yönümlü bayramlar, adət-ənənələr, el şənlikləri və mərasimləri xalqa geri qaytarıldı. Müstəqilliyimiz dövründə artıq xüsusi bir coşqu ilə hər il qeyd olunan əziz və müqəddəs bayramlarımızdan olmaqla milli xüsusiyyətləri özündə əks etdirən Novruzda Heydər Əliyev əhali ilə birgə el şənliklərinə qatılır və bu sevinc doğuran bayram mərasimlərindən xüsusi zövq alırdı. Ulu öndər ortaq dəyərlər kimi ümumtürk mədəniyyəti və mənəviyyatının mənimsənilməsi, təbliğ edilərək gələcək nəsillərə ötürülməsi istiqamətində müstəsna xidmətlərilə də diqqət çəkir. Buna nümunə olaraq Ulu öndərin 1995-ci ildə ortaq türk abidəsi sayılan qırğızların “Manas” eposunun 1000 illik yubiley tədbirində iştirakını və dərin məzmunlu çıxışını qeyd etməyimiz fikirlərimizin təsdiqi baxımından əhəmiyyətlidir. Bu həm də Heydər Əliyevin müdrikliyi özündə ehtiva edən dahi bir insan olduğunun, bütün türk dünyası üçün əvəzedilməz bir şəxsiyyət olduğunun böyük anlamda təsdiqidir.
“Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıbdır” – fikrinə uyğun olaraq Heydər Əliyev artıq həm bəşəri, həm də milli-mənəvi dəyərlərimizin ifadəsi kimi islamiyyətlə əlaqəli dini mərasim və ayinlərin də layiqli şəkildə təşkil edilməsi məqsədilə bütün zəruri imkanlarını səfərbər etmişdi. Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində 1994-cü ildə Heydər Əliyev tərəfindən müqəddəs Kəbənin ziyarət edilməsi, Mir Mövsüm Ağa ziyarətgahının ziyarəti zamanı din nümayəndələri ilə görüşüb onlarla xoş bir ünsiyyətin yaradılması, Bibiheybət məscid-kompleksinin yenidən qurulması ilə əlaqədar düzənlənən mərasimə qatılaraq bu işə xüsusi xeyir-dua verilməsi ulu öndərimizin islami dəyərlərə, dini-əxlaqi keyfiyyətlərə olan münasibətinin, Allaha və peyğəmbərə böyük sevgi duyan imanlı bir şəxsiyyət olmasının yüksək mənada göstəricisidir…

“Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik” – deməklə, ulu öndərimiz bu dəyərləri önə çəkmiş, onlara hər zaman diqqət yetirilməsinin vacibliyini dönə-dönə vurğulamışdı. Bu baxımdan qeyd edək ki, Heydər Əliyevin işıqlı ideyaları bu gün də inamla yaşamaqda və qərar tutduğu yolla irəliyə doğru uğurla addımlamaqdadır. Bugünkü qloballaşan dünyamızda milli-mənəvi dəyərlərimizin təhlükəli həddə olduğu bir zamanda bu ideyaların nurundan daha geniş və əhatəli bəhrələnməliyik. Milli-mənəvi dəyərlərin qorunması ilə bağlı Heydər Əliyevin 13 avqust 2001-ci il tarixli “Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir” bəyanatı problemin həlli yönündə göstərilən mövcud münasibətin cizgilərini aydın çəkir ki, bu da məsələyə həm də müdrik bir el ağsaqqalı kimi doğru-düzgün yanaşmasının ifadəsidir.

Həbib Adil oğlu Mirzəyev
Azərbaycan Texniki Universiteti,
Humanitar fənlər kafedrasının müdiri
Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir