Azərbaycan Texniki Universitetinin və Milli Aviasiya Akademiyasının tələbələri ilkə imza atıb

4 min read

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Azərbaycan Texniki Universitetinin (AzTU) və Milli Aviasiya Akademiyasının (MAA) tələbələrinin birgə hazırladığı müdafiə təyinatlı pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu həyata keçirilib.

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, MAA-nın birinci prorektoru Ədalət Səmədov, Türk Aviasiya ve Kosmik Sənayesi Şirkətinin (TUSAŞ) MGP Academy başkanı Ahmet Pinarbaşı, TUSAŞ MGP Akademi müdiri Sərhat Gül, TUSAŞ MGP layihə koordinatoru Görkəm Şimsek, TUSAŞ-dan təlimçi-mühəndis Sabri Orçun, TUSAŞ PUA pilotları Okan Çindemir, Muhammed Furkan Bahat iştirak edib.

Qeyd edək ki, sözügedən PUA AzTU, TUSAŞ və MAA-nın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “AzTU-Turkish Aerospace, MGP 2023.1” yüksək ixtisaslı mühəndis hazırlığı təlim proqramı nəticəsində ərsəyə gəlib.

PUA-nın koordinat məlumatları GPS sistemi vasitəsilə yer stansiyasına göndərilir. Məsələn: Düşmən və dost təyinatı məqsədilə əsgərlərin geyindiyi formalar (beretlər) rənglərə görə fərqlənməlidir. Göy rəngli beret dost ünsürünü bildirir, burada düşmən digər rəngdə geyimə görə müəyyən edilir. Missiya 50 metr hündürlükdə 10 dəqiqə sabit uçuş zamanı həyata keçirilir. Prosesin ümumi davametmə müddəti 14 dəqiqədir.

Tapşırıq zamanı düşmən koordinatları proqram vasitəsilə avtomatik hesablanır, ümumi əsas məlumatlar analiz olunaraq Yer İdarəetmə Stansiyasına ötürülür. Uçuş Yer Stansiya İnterfeysində (GUI-də) göstərilən məlumatlara PUA-nın istiqamətinə nəzarət etməklə həyata keçirilir.

PUA-nın uçuşunun izlənilmə mərasimindən sonra layihənin bağlanış tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları AzTU-nun foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Ulu Öndərin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev, MAA-nın birinci prorektoru Ədalət Səmədov, TUSAŞ MGP Academy başkanı Ahmet Pinarbaşı, Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova və digərləri layihədə zəhməti olan hər kəsi təbrik ediblər.

Qeyd olunub ki, layihə iştirakçıları 8 ay ərzində TUSAŞ mütəxəssislərinin təlimlərində iştirak edərək Mühəndis Gelişdirmə Proqramını (MGP) uğurla başa vurublar.

Proqrama hər iki ali təhsil müəssisəsinin iqtisadiyyat üzrə ixtisaslar istisna olmaqla, digər bütün mühəndislik fakültələrində təhsil alan (aerokosmik mühəndislik, informasiya texnologiyaları, mexatronika, maşın mühəndisliyi, elektrik-elektronika, xəbərləşmə (radioelektronika), metallurgiya və s.) tələblər cəlb edilib. Layihədə ümumilikdə 43 nəfər (tələbə, doktorant, gənc müəllim) iştirak edib.

Qeyd edilən ixtisaslarda təhsil alan bütün təlbələr layihə əsaslı və açıq rəqabətli öyrənmə-öyrətmə modelinə söykənən bu təlim proqramına ingilis dili və qabiliyyət testləri ilə yanaşı, müsahibə mərhələsindən keçməklə qəbul edilib.

Ümumilikdə təlim proqramı 4 mərəhlədən ibarət olmaqla ideyadan ilk uçuşa qədər olan pilotsuz uçuş aparatının layihələndirilməsi və istehsalı məqsədilə təşkil edilib. (Nəzəri hissə 3 həftə, praktiki əsaslar 5 həftə, istehsal 4 həftə, test (uçuş) 4 həftə)

PUA-nın bütün detalları layihə çərçivəsində AzTU-da yaradılan xüsusi emalatxanada hazırlanıb.

Qeyd edək ki, proqramda iştirak edən 4 tələbə “Bayraktar Texnologiya Azərbaycan” şirkətindən iş təklifi alıb və hazırda Türkiyədə təlimlərdə iştirak edir.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *