AzTU-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 104 illiyi qeyd olunub

2 min read

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) 104-cü il dönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Beynəlxalq Qızıl Xaç Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz üzrə nümayəndəliyinin rəhbəri Davron Muxamadiyev, Türk Qızıl Ay Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi və universitetin müəllim-tələbə heyəti iştirak ediblər.  

Əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

AzTU-nun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirakçıları salamlayan rektor Vilayət Vəliyev universitetlə AzQAC-ın uzunmüddətli əməkdaşlığından, cəmiyyətin humanitar sahədə gördüyü işlərin önəmindən danışıb. 

Daha sonra AzQAC-ın  prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov cəmiyyətin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, ulu öndər Heydər Əliyev və onun Azərbaycan Qızıl Aypara Cəmiyyətindəki rolundan bəhs edib. O, daha sonra AzQAC-ın humanitar fəaliyyətlərindən söz açıb, xüsusilə sağlamlıq sahəsində həyata keçirilən tədbirlər və bunların önəmini qeyd edib.

Görüş çərçivəsində AzTU-nun rektoru Vilayət Vəliyevə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 100 illiyi (1920-2020)” yubiley medalı təqdim olunub.

Tədbir AzTU-nun akt zalında ilk yardım vərdişlərinin aşılanması üzrə təlimlə davam etdirilib.

Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.

Rəsmi hissədən sonra tədbir incəsənət xadimlərinin ifaları ilə başa çatıb.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *