AzTU Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib
2 min readMartın 4-də Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki yığıncağı keçirilib.
Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) sədrinin müavini Mirzə Cəfərzadə, prorektorlar, dekanlar, struktur rəhbərləri və 55 nəfər yığıncaq iştirakçısı iştirak edib.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.
İştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev yığıncağın işinə uğurlar arzulayıb. Bildirib ki, AzTU HİK universitetin təkcə sosial deyil, həmçinin akademik həyatında, elmi istiqamətlərində də əhəmiyyətli rol oynayır. Universitetdə aparılan reformalardan danışan Vilayət Vəliyev əldə olunan uğurlarda akademik və inzibati heyətin əməyini xüsusi olaraq vurğulayıb.
Daha sonra iclas gündəliyə uyğun davam etdirilib.
İlk olaraq sədr Elvin Bəxtiyarlı HİK-in fəaliyyəti haqqında hesabat verib. HİK-in təftiş komisiyasının hesabatı dinlənildikdən sonra yeni tərkibin seçilməsi məsələsinə baxılıb. Açıq səsvermə formatında keçirilən seçkidə HİK-in yeni tərkibi seçilib.
Gündəliyə uyğun olaraq HİK-in yeni sədrinin seçilməsi ilə bağlı yığıncaq iştirakçılarının təklifləri dinlənilib. Təkliflərə əsasən, HİK-in hazırkı sədri Elvin Bəxtiyarlının yenidən sədr seçilməsi ilə bağlı namizədliyi irəli sürülüb. Təklif iclasın sədri tərəfindən səsə qoyulub və yığıncaq iştirakçılarının yekdil səsi ilə Elvin Bəxtiyarlı növbəti müddətdə AzTU HİK-in sədri seçilib. Bundan başqa, Elvin Bəxtiyarlı ATİAHİ RK-nin qurultayına da nümayəndə seçilib.
Yığıncaqda AzTU HİK-in təftiş komisiyasının yeni tərkibi də təsdiq edilib.