AzTU-da FHN-in təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

3 min read

1 mart 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

“Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin, müvafiq nazirliklərin, aidiyyəti dövlət orqanlarının mülki müdafiə sahəsində məsul vəzifəli şəxsləri, rayon icra hakimiyyəti orqanlarının fövqəladə hallar komissiyalarının sədrləri, beynəlxalq təşkilatların nümayəndələri və FHN yanında İctimai şuranın üzvləri iştirak edib.

Əvvəlcə, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirin əvvəlində mülki müdafiə sahəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə videoçarx nümayiş olunub.

Toplantını giriş sözü ilə açan FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov mülki müdafiə işinin effektiv təşkilində Beynəlxalq Mülki Müdafiə Təşkilatının rolundan və bu təşkilatın Baş Assambleyası tərəfindən müxtəlif illərdə keçirilmiş sessiyalarında nazirliyin fəaliyyətindən danışıb. Baş idarənin rəisi vurğulayıb ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini bir daha əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Bildirilib ki, 1 mart – Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı ölkəmizdə mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi böyük əhəmiyyətə malikdir.

Çıxışında Baş idarə rəisi ölkədə mülki müdafiə tədbirləri, mülki müdafiə işinin təşkili və həyata keçirilməsi sahəsində nazirliyin vəzifələri, fəaliyyəti və bu sahədə görülən işlər haqqında geniş məlumat verib, mülki müdafiənin inkişaf istiqamətləri, bu sahədə innovativ texnologiyaların tətbiqinin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyat Mərkəzinin rəisi Davud Rüstəmov, Azərbaycan Respublikasının Kosmik Agentliyinin Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov, FHN-in Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin əməkdaşı Murad Qasımov, AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov və digərləri mövzu ətrafında çıxışlar ediblər.

Sonda 1 mart – Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə, eləcə də təmsil olunduqları təşkilatlarda mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə fərqlənən əməkdaşlar Fövqəladə Hallar Nazirliyi adından “Fəxri fərman”la təltif olunublar.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *