AzTU-da İstanbul Texniki Universitetinin 250 illik yubileyi qeyd olunub
2 min readTürkiyənin İstanbul Texniki Universitetinin (İTÜ) 250 illiyi münasibətilə Azərbaycan Texniki Universitetində (AzTU) konfrans keçirilib.
Konfransda elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, müxtəlif universitetlərin rektorları, AzTU-nun müəllim-tələbə heyəti iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxış edib. Bildirib ki, 2023-cü il Azərbaycanda ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, ordumuzun gücü nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Nazir müavini qeyd edib ki, bu qələbənin təməlində də Ulu Öndərin ideyaları, onun siyasi xətti dayanır. Bu il eyni zamanda Türkiyə Cümhuriyyətinin də 100 illiyi qeyd olunur. Həmçinin Türkiyənin ən qocaman ali təhsil müəssisələrindən olan İTÜ-nün 250 illiyi də 2023-cü ilə təsadüf edib. Bu əlamətdar tarixlərin AzTU-da təntənəli şəkildə qeyd olunması qardaş ölkələr arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsini bir daha sübut edir.
Tədbirdə 2023-cü ildə İTÜ, AzTU və BDU-nun birgə təşkil etdikləri Məzun Günü ilə bağlı video nümayiş etdirilib.
Daha sonra AzTU-nun rektoru professor Vilayət Vəliyev və İTÜ-nün rektoru professor İsmayıl Koyuncu çıxış edərək qeyd olunan əlamətdar tarixlərlə bağlı təbriklərini çatdırıblar.
Tədbir İTÜ-nün “250-ci il Türk Musiqisi Xoru”nun ifası ilə davam edib.
“Ziya”
.