NƏ DEYƏK ZAMANIN GƏRDİŞİNƏ BİZ…

7 min read
Bu gün, dekabr ayının 5-i böyük qardaşım, Hacı ADİL ocağının ilk övladı, əzizimiz NAZİM MİRZƏYEVİN (Nazir qağam) dünyaya göz açdığı gün olaraq yaddaşımızda dərin iz qoyub. Yaşasaydı bu gün onun 64 yaşı tamam olacaqdı…
Bəli, yaşasaydı… Ancaq nə deyəsən bu gəlimli-gedimli, belə bir vəfasız dünyaya.
Müdriklərimiz heç də hədər demirlərmiş ki, “Ötən günə gün çatmaz, calasan günü günə.”
Həqiqətən də elədir… Elə bu məqamdaca uşaqlıq çağlarımız anılır; anıldıqca da xoş xatirələr çözələnir…
Ötən günlərin o əziz və unudulmaz anları ruhumu sardıqca, yaddaşımda özünə yer almış kövrək duyğular, xoş və duyğusal xatirələr baş qaldırır…
59-un dekabrında Nazir qağam, 61-in dekabrında isə mən dünyaya gəldim. Hər ikimizin dünyaya gəlişi soyuq bir qış gününə təsadüf etdi.
Bir böyüdük, bir boy atdıq, uşaqlıq çağlarımızı çox maraqlı keçirdik, həmin o illəri yaxşı başa vurduq; yadda qalan xoş xatirələrimiz çox oldu. O zamanlar üçün xatirələrim, uzun bir zaman keçməsinə rəğmən, məni indi də izim-izim izləməkdədir. Yaşca kiçik olduğumdan Nazir qağamın mənə diqqəti və qayğısı böyük idi; təsərrüfat işlərindən məni uzaq tutmağa çalışırdı, bir növ mənə heç qıymazdı. İkimizə tapşırılan ağır işləri o öz üzərinə götürərdi. Kiçik yaşlarımızda ara-sıra dalaşdığımız, küsülü qaldığımız anlar da olub; ancaq tez də ötüşüb. Çoxlu dostları olub; dost qazanmağı bacaran insan idi. Xoş və məzəli söhbətləri, ürək açan zarafatları ilə əhatəsində həmişə xoş bir ovqat yaradardı. Zarafatları səmimi və təbii idi… Bu halda söz üçün heç gəzib-dolanmaz; sanki söz özü onu tapmış kimi görünərdi. Məclis adamı idi; düşdüyü yerdə insanlar onun əhatəsinə toplaşar, duzlu lətifələrini dinləməkdən çox xoşhal olardılar. Bir növ məclislərin bəzəyi idi… Özü də çox qonaqpərvər idi; ətrafında həmişə qohumların, dost-tanışların toplaşmasını xoşlardı. O, gerçəkdən çox saf, mehriban, təvazökar, qohum-qardaşa qarşı hədsiz sevdalı idi. Xeyirxahlığı, insani cizgiləri, insanlara təmənnasız münasibəti, ümumiyyətlə bütün müsbət keyfiyyətləri ilə Nazir qağam onu tanıyanlar arasında dərin hörmət qazanmışdı. O, insanlara ürəyiyananlığı ilə xüsusi diqqət çəkirdi. Ehtiyacı olanlara qayğı göstərməyi özü üçün mənəvi borc sayırdı. Dostlarından, iş yoldaşlarından haqqında həmişə xoş sözlər eşitmişəm və bu da məni çox qürurlandırıb. Hər zaman onunla qürur duymuşam; iftixar hissi keçirmişəm ki, belə bir qağam var mənim. O mənimlə qürur duyduğunu tez-tez dilə gətirsə də, mən isə ona qarşı olan iftixar hissimi açıq şəkildə sözlə ifadə edə bilməmişəm. Aramızdakı yaş fərqi az olsa da belə, çox məqamlarda fikirlərimi açıqlamaqda çətinlik çəkmişəm. Uzun müddət Vergilər Nazirliyində, sonradan isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində məsul vəzifələrdə çalışdı və işinin öhdəsindən layiqincə gəlməyi bacardı. Azərbaycanda Vergilər Nazirliyi yaradılanda Yardımlının ilk peşakar kadrlarından biri kimi öz sahəsində sürətlə vəzifə pillələrini qalxmağa başladı. Bəli, o, Yardımlıda, Masallıda, Lənkəranda, Şamaxıda, Sumqayıtda və son iş yeri olaraq Bakıda Dövlət Vergi Xidmətində ləyaqətlə çalışdı. İşə münasibəti, dərin məsuliyyəti ilə həmişə fərqlənənlərdən oldu. Elə bu keyfiyyətlərinə görə də böyük hörmət sahibi oldu. Uzun sürən xəstəliyi dövründə də işlədiyi qurumun rəhbərliyi başda olmaqla iş yoldaşlarının ona bəslədiyi xüsusi münasibət, göstərdikləri qayğı da qazandığı nüfuzun ifadəsi idi.
Vergi orqanlarında yuxarı vəzifəyə irəli çəkiləndə də uğuruna hamı sevinirdi, çünki həmin sistemdə rayonumuzu ləyaqətlə təmsil edirdi. Bu çətin işdə Nazir qağamın hər zaman öz ləyaqətini qoruyan tək-tək məmurlardan olduğu haqqında eşidib çox sevinərdim. O özünü tamahsız və vicdanı təmiz bir vəzifə sahibi kimi tanıtdırmışdı.
Desək ki, Respublikamızda vergi sistemi ilk yaranandan bəri həmin qurumda uğurla çalışıb, bu ifadənin özü elə çox mətləblərdən xəbər vermiş olur. O sistemlə bağlı bilgilərə malik olan şəxslər, həmin sahədə işləməyin məsuliyyətini və işin ağırlığını bilməmiş deyillər.
Artıq on beş gündür ki, aramızdan vaxtsız köç etmiş, Haqqın dərgahına qovuşmuş Nazir qağamın vəfatı gerçəkdən bizləri kədərə bürüdü. O, iki ildən artıq bir müddət içrə amansız xəstəliklə mücadilə etməli oldu. Xəstəlik nə qədər ağır, nə qədər üzücü, nə qədər məşəqqətli olsa da belə, onun qürurunu sındıra bilmədi. Fədakarcasına dözdü, tab gətirdi… “Ağrıların varmı?” deyə hər bir sorğu qarşısında son nəfəsinə qədər “yox” dedi. Son saatlarda “nə istəyirsən?” sualı qarşılığında isə “YAŞAMAQ” deyə cavab verdi. Ağır vəziyyətdə olmasına rəğmən, son günündə belə ziyarət üçün gələn hər bir kəsə diqqət ayırdı, hətta zarafatlarından belə qalmadı.
O, əsl Yardımlı sevdalısı idi… Ən böyük arzusu da elə o idi ki, təqaüdə çıxdıqdan sonra Yardımlıya qayıtsın, təqaüd illərini ata yurdunda öz evində keçirsin. Ancaq amansız xəstəlik Nazir qağamın arzularını yarımçıq qoydu… Həyatdan doymayan, işdən doymayan, yaşamaqdan xüsusi zövq alan əziz və doğma bir insanımızın ömür səhifəsi əbədi qapanmış oldu… Elə belə deyilməyib ki, “Ömür – müvəqqəti oyun/ Ölüm – əbədi ayrılıq…”
Bəli, Nazir qağam Yardımlıya qayıtdı… Ancaq əbədi yuxuya getmək üçün, ata ocağında canı qədər sevdiyi torpağa qovuşmaq üçün qayıtdı…
Qardaş itkisi candan can ayrılası qədər çox ağır olurmuş… Həqiqətən düşünməyə dəyər… Elə də böyük dəyəri olmayan bir əşyanı itirdikdə, hey axtarar… axtarardıq… Dilimizdən isə “itki çox pis olur” ifadəsi düşmürdü ki, düşmürdü… Əgər ki, söhbət bizim üçün əziz və doğma olan, çox dəyərlimiz, ünsiyyətinə və nəfəsinə ehtiyac duyduğumuz bir insanı itirməkdən gedirsə, bu artıq həyatımıza zərbəsiz, yaşam düzənimizə, münasibətlərdə düzümümüzə heç vədə təsirsiz ötüşə bilməz.
Bəli, bu ağrı-acını dadmalı olduq… bu qəmi, bu kədəri daşımalı olduq… bu böyük dərd yükünü özümüzlə çəkməli olduq…
Allah səni qəni-qəni rəhmət eləsin, Nazir qağam! Məkanın cənnət, ruhun şad olsun! Nur içində yat, əziz qağam mənim! Sən mənən yenə də bizimləsən…
Səni hörmət və ehtiramla anan bütün qohum-qardaşın, dost-tanışın qəlbində ruhən həmişə yaşayacaqsan!
Başımız sağ olsun! Axır qəmimiz, son kədərimiz olsun!
HƏBİB MİRZƏYEV,
AzTU-nun Humanitar fənlər kafedrasının müdiri,
filologiya üzrə fəlsəfə doktoru,
dosent
“Ziya”
.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *