XOŞBƏXTLİYİ BİR XALQIN ÖZ DİLİNDƏN BAŞLAYIR…
15 min readAzərbaycan dili davamlı olaraq müxtəlif zamanlar üçün ən vacib və mühüm məsələ kimi dövrün ziyalılarını, ədiblərini, görkəmli şəxsiyyətlərini, ümumiyyətlə xalqın bütün vətənpərvər insanlarını dərindən düşündürmüş və bu minivalla atılan mühüm addımlar sayəsində onun bügünkü səviyyədə qərarlaşması mümkün olmuşdur. Təbii ki, dil xalqın həyatında ən mühüm amildir. Əgər vətənin cismani mövcudluğu torpağı, ərazisidirsə, onun intellektual mövcudluğu isə ana dilidir. Çünki biz dünyanı, dünya proseslərinə xas olan ən mühüm keyfiyyətləri dil vasitəsilə mənimsəyir, dil vasitəsi ilə də öyrənirik. Fridrix Humboldta görə, “Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir”. Ziyalılarımız dil uğrunda, onun qorunması və inkişafı naminə daim çarpışmış, mücadilə edərək hər bir millətin həyatında onun əhəmiyyətli rol oynadığını diqqətə gətirmişlər. Bu kimi mübarizənin dərin izlərinə biz Cəlil Məmmdquluzadə, Həsən bəy Zərdabi, Nəriman Nərimanov və s. kimi ədəbi şəxsiyyətlərin əsərlərində və yaxud onların yaradıcılığından bəhs edən tədqiqatlarda geniş şəkildə rast gəlirik.
Sovet dönəmində də bu proses – dil uğrunda mübarizə əsasən sətraltı mənalar kəsb etməklə davam etdirilmiş, xalqına, millətinə xüsusi sevgi duyaraq onun milli-mənəvi dəyərlərinə böyük ehtiram göstərib, onu əzizləyən şəxsiyyətlərin simasında böyük fədakarlıqla diqqətdə saxlanılmışdır. Səməd Vurğun, Süleyman Rüstəm, Mirzə İbrahimov və s. bu kimi görkəmli ədiblərimiz və dövlət xadimlərimiz mövcud istiqamətdə xüsusi fəallıq göstərmişlər.
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə.
Sənin də bağın var, gülün var çəkil,
Bağımda əkdiyim gülümə dəymə!
1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlmiş Heydər Əliyevin xidmətləri bu baxımdan əvəzsizdir. Ümummilli liderimiz Heydər Əliyev müasir müstəqil Respublikamızın qurucusu kimi Azərbaycan tarixində önəmli yer tutur. Uzaqgörən siyasətçi Heydər Əliyev hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə xalqımızın əvəl-axır müstəqilliyə qovuşacağını duymuş, milli-müstəqillik şüurunun formalaşdırılması istiqamətində fundamental işlər görmüş, tariximizin, dilimizin, milli-mənəvi dəyərlərimizin, milli mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın təbliği və inkişafı istiqamətində dəyərli addımlar atmışdır. Bir lider kimi xalqımızın milli-mənlik şüurunun oyanışında, milli-özünüdərk prosesinin yüksəlişində, milli-kimliyimizə qayıdışımızda xidmətləri geniş və əhatəli olmuşdur. Hələ sovetlər dönəmində – 1969-cu ildə Azərbaycanda birinci şəxs olaraq Ulu öndərin indiki Bakı Dövlət Universitetinin 50 illik yubiley tədbirində Moskvanın tələblərinin ziddinə olaraq Azərbaycan dilində çıxış etməsi böyük bir rezonans doğurmuşdu. Daha sonra 1978-ci ildə qəbul edilən yeni Konstitutsiyamızda Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi. Çünki Ulu öndər gözəl bilirdi ki, milli-azadlıq mübarizəsi də, xalqı müstəqilliyə və azadlığa doğru aparan yol da ana dilindən keçir. Fikirlərimizi poetik bir dillə ifadə etsək:
Xoşbəxtliyi bir xalqın öz dilindən başlayır
Azadlığın yolları müstəqillik deyilən
təməlindən başlayır
Bir millətin varlığı zirvələrə həmişə
qeyrətilə ucalan bayrağından başlayır
Doğulduğu vətəndə ayaq qoyub gəzdiyi
torpağından başlayır
Danış, çatdır hər kəsə bir xalq kimi mən kiməm,
Millət kimi, dövlət kimi mən kiməm.
Bilmiyənlər qoy bilsin hansı bayraq,
hansı torpaq mənimdir.
Hansı nəğmə, hansı alət, hansı keçmiş,
hansı adət mənimdir.
Xalqın milli-mənəvi dəyərlərinə, o cümlədən bu sırada önəmli yer tutan dilə münasibətdə həmişə sədaqətlik nümunəsi sərgiləyən Ulu Öndər sonrakı fəaliyyət illərində də Azərbayca dilinə münasibətdə xüsusi həssaslıq nümayiş etdirmiş, ana dilimizin əsl təəssübkeşi olaraq dil məsələrini dövlət siyasətinin tərkib hissəsi kimi qəbul etmiş, milli-özünüdərk prosesində, milli-mənlik şüurunun oyanışında onun əvəzsiz rol oynadığını xalqın diqqətinə çatdırmaq üçün ciddi addımlar atmışdır. Ədəbiyyat nümayəndələri, şair və yazıçılarla tez-tez baş tutan görüşləri, onlarla səmimi söhbətləri, ünsiyyət prosesində işlətdiyi xoş və zarafatcıl ifadələri, nitqi tamamlayan təsirli hərəkətləri – bədən dili, mimika və jestləri birbaşa insanı ovsunlayan, onu cilovlayaraq lazımi bir məkanda qərar tutmasını təmin edən amillərdəndir.
Ən mühüm tarixi nailiyyətimiz olan müstəqilliyimizə qovuşduqdan sonra Ulu Öndərin dil siyasəti uğurla davam etdirilmiş və mövcud istiqamətdə müxtəlif sərəncamlar imzalamışdır. Xüsusi vurğulamaq istərdik ki, Ulu Öndərin dil siyasəti zamanın bütün sınaqlarından uğurla çıxaraq öz doğruluğunu, həyatiliyini, zəruriliyini, hər keçən gün daha da perspektivliliyini nümayiş etdirməklə xalqın birliyinin, inkişaf və tərəqqisinin təməl daşına çevrilmişdir. Ulu Öndərin hər zaman vurğuladığı kimi, “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Həqiqətən, dil xalqın qarşılıqlı inkişaf və tərəqqisinin hərəkətverici qüvvəsi olmaqla mühüm təsir gücünə malikdir; dövlət quruculuğunda, onun formalaşmasında, daha da möhkəmlənib inkişaf etməsində, bir sözlə, mövcudluq və varlığının isbat edilməsində dil faktoru çox önəmlidir. Bu nöqteyi-nəzərdən “bir milləti məhv etmək üçün onun dilini əlindən almaq kifayətdir” ifadəsi əbəs yerə deyilmir.
Çağdaş dövrümüzdə Azərbaycan dilinin dövlət dili olaraq qorunması dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Ulu əcdadımızın yadigarı, nişanəsi və nəfəsi kimi ana dilimizə dərin hörmət və ehtiram duyulması, ona xüsusi bir qayğı ilə yanaşılması qürurvericidir. Bu dildə nə qədər ölməz sənət əsərləri yazılıb, neçə-neçə görkəmli ədiblərimiz, böyük şair və yazıçılarımız öz fikir və düşüncələrini bu dildə ifadə edib, bir-birindən fərqli bədii obrazlarını bu dildə yaradıb xalqın ədəbi yaddaşına həkk ediblər.
Müstəqilliyimizə yenidən qovuşduqüdan sonra dövlətin rəsmi atributlarından biri kimi Azərbaycan dili tam mənada dövlət qayğısı ilə əhatə olundu. Dilin mənimsənilməsi, dərindən öyrənilməsi, dövlət strukturlarında doğru-düzgün şəkildə işlənilməsi, mövcud istiqamətdə elmi-tədqiqat işlərinin intensivləşdirilməsi, cəmiyyətin müxtəlif sferalarında onun tətbiqi sahəsinin daha da genişləndirilməsinə xüsusi diqqət yetirilməyə başlandı. Heydər Əliyevin mövcud Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun layihəsinin hazırlanması ana dilimizə olan xüsusi diqqətdən bəhrələnirdi. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Ulu Öndərin 9 avqust 2001-ci il Fərmanı dilimizin inkişafında xüsusi bir mərhələ təşkil edir.
Dünya sivilizasiyasına dəyərli töhfələr bəxş edən Azərbaycan xalqı ümumbəşər mədəniyyətinin tərkib hissəsi kimi öz qədim və zəngin mədəniyyət nümunəlri ilə daim diqqət çəkmişdir. Təbii ki, dövran ötür, zaman dəyişir, dünyamız qloballaşır… Qloballaşan dünyada dilin qoruması, onun təmizlik və saflığının mühafizə edilməsi çox mürəkkəb və çətin bir prosesə çevirilir. Ancaq bütün bunlarla bərabər, ana dilinə münasibətimiz zəruri hesab edilən amillər sırasında özünə yer almalıdır; qeyd-şərtsiz olaraq Azərbaycan dilinin qorunmasına, zamanın tələblərinə uyğun şəkildə istifadəsinə əməl edilməlidir. Dövrün tələblərinə uyğun olaraq Azərbaycan dilinin istifadəsi və tətbiqi, onun inkişafının təmin edilməsi, prosesin mühüm əsaslar zəminində aparılması zərurətini meydana çıxarırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı da bu nöqteyi-nəzərdən zamanında atılmış addım olmaqla özlüyündə mühüm bir aktuallıq kəsb edir. “Dövlət Proqramı”nda Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması, elektron tezlik, terminoloji lüğətlərin hazırlanması, Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi, əlyazmaların elektron portalının yaradılması, Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyasının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi – linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi kimi məsələlər həlli vacib prioritet istiqamətlər kimi xüsusi göstərilmişdir. Bütün bunlar Azərbaycan dilinə dövlət səviyyəsində qayğının parlaq nümunəsidir”.
Hüquqi dövlət quruculuğu istiqamətində yorulmaz fəaliyyət göstərən Heydər Əliyevin müdriklik və uzaqgörənliyinin bariz nümunəsi kimi demokratik prinsipləri özündə ehtiva edən 6 avqust 1998-ci il Sərəncamı ilə Azərbaycan mətbuatında senzura nəzarətinin aradan qaldırılması birbaşa azad sözə, azad fikir və düşüncəyə, bütövlükdə milli mətbuatımıza önəmli bir yol açmış oldu. Bununla da publisistik yazıların dərc edilməsi üçün mətbuata geniş meydan verildi. Avqustun 6-sı isə müasir tariximizdə Azərbaycanda söz və mətbuat üzərindən senzuranın götürülməsi günü kimi qeyd edilir. Ancaq unutmayaq ki, publisistika sahəsində senzuranın götürülməsi heç də adi danışıq dilinin mətbuata yol açması anlamına gəlməməlidir. Təbii ki, məişət üslubunun, adi danışıq elementlərinin, o cümlədən loru bir dilin publisistikaya gətirilməsi qəbuledilməzdir. Hər bir üslubun öz tələbləri vardır ki, onlar da ciddi-cəhdlə qorunub mühafizə edilməlidir. Azərbaycan dilinin özünəməxsusluğunun gözlənilməsi, xüsusi qəbul edilmiş normalar çərçivəsində işlənmə meyarlarının diqqətdə saxlanılması, linqvistik qaydalara ciddi riayət edilməsi hər bir vətəndaşın müqəddəs borcudur. Dilin təmizliyini qorumaq, sözləri leksik məna tələbləri baxımından yerli-yerində düzgün və dəqiq ifadə etmək, morfoloji və sintaktik normaların tələblərinə əməl etmək dilin inkişafı üçün mühüm bir mərhələ təşkil edir. Məlum bir həqiqətdir ki, bugünkü cəmiyyətimiz informasiyanı ən çox publisistik üslubda yazılan materiallar əsasında əldə edir. Əvvəllər bədii üslubda yazılmış nümunələrə üz tutanların sayı əksəriyyət təşkil edirdisə, hazırkı dövrlə müqayisədə bu istiqaməti milli mətbuatımız tam mənada üstələyib. Cəmiyyətin davamlı inkişafı, elmi-texniki tərəqqi, kommunikativ texnologiyaların tətbiqi imkanlarının genişlənməsi, sürətli informasiya mübadiləsi və s. amillər insanları daha çox mətbuata yönəldib. Bu baxımdan informasiyanın doğru, düzgün, aydın, yığcam, anlaşıqlı bir dildə mətbu orqanlar vasitəsi ilə çatdırılması, nitqin əsas keyfiyyətləri kimi onun təmizlik və səlistliyinin qorunması zərurət kimi özünü büruzə verir. Məlumdur ki, müasir cəmiyyətimizdə mətbuatın rolu ilə bərabər, həm də onun yükü, məsuliyyət məsələsi xeyli artmışdır. Unutmayaq ki, dil cəmiyyətin güzgüsü, insanın özünü təqdim etməsidir; o, bütövlükdə xalqın varlığıdır.
Azərbaycan dilinin ifadə imkanları çox geniş və əhatəlidir. Mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və təsirli ifadə vasitələrinə malik olan ana dilimizin mənsub olduğu hüdudsuz imkanlardan yetərincə faydalanılmaması, mövcud imkanlarından doğru-düzgün şəkildə istifadə edilməməsi hallarına da kifayət qədər rast gəlinir. Televiziya və radio yayımlarında, internet şəbəkələrində, müxtəlif mətbu orqanlarında və reklam xarakterli məlumatlarda ədəbi dil normalarının kobud surətdə pozulması, fonetik, leksik və qrammatik qaydaların tələblərinə riayət edilməməsi, məişət üslubuna xas nümunələrə yer verilməsi, loru sözlərdən istifadə olunması, yerli-yersiz əcnəbi söz və ifadələrin işlədilməsi adi bir hala çevrilmişdir. Bu sahə üzrə hüquqi tənzimləmə və daimi nəzarət funksiyasını həyata keçirən bir strukturun olmaması bu kimi dil pozuntularına qarşı təsirli tədbirlərin aparılması işini xeyli məhdudlaşdırır.
Dillə bağlı qəbul edilən bütün sərəncam və qərarlar Azərbaycan dövlətinin dil siyasətinin tərkib hissəsi kimi mövcud istiqamətdə planlı, məqsədyönlü və mütəşəkkil həyata keçirilən əhəmiyyətli bir prosesdir. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilərək yüksək səviyyədə həyata keçirilən dil siyasəti daha sonralar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilmiş və böyük iftixar hissi ilə deyə bilərik ki, ölkə başçısı tərəfindən bu proses hazırda da uğurla davam etdirilir: “Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır”.
“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı dövlət dili kimi respublikamızda ana dilimizə münasibətdə məqsədyönlü siyasətin məntiqi davamı, görülmüş işlərin, atılmış addımların, həyati əhəmiyyətli tədbirlərin mühüm bir səhifəsi kimi xarakrerizə olunur. Azərbaycan dilinin daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət qloballaşan dünyamızda xalqımızın milli-mənlik şüurunun, onun milli-mənəvi dəyərlərinin və milli mənsubiyyətinin qorunub mühafizə edilməsinə, inkişaf edib daha da möhkəmləndirilməsinə dövlət səviyyəsində göstərilən ehtiram və qayğının yüksək mənada ifadəsidir. Bu addım özünəməxsus keyfiyyətləri ilə diqqət çəkən, mühüm ənənələri özündə əxz edib yaşadan, sabit qrammatik prinsiplərə, fikri müxtəlif çalarlarda ifadə etmək baxımından zəngin söz ehtiyatına malik Ana dilinin yad dillərin təsirlərindən hifz edilməsinə xidmət etmək yönümündə təqdirəlayiq bir dövlət fərmanıdır.
Qloballaşma zamanında dövlətimiz tərəfindən günümüzün zəruri ehtiyaclarından irəli gələn növbəti addım kimi Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsinin təmin edilməsi məqsədi ilə Nazirlər Kabineti qarşısında mühüm və konkret vəzifələr qoyulmuşdur. Hökumət və səlahiyyətli icra orqanları fərmanda əksini tapmış Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması da mövcud istiqamətdə görülən işlərə dair mühüm bir mərhələ təşkil edir. Bu həm də imkan verir ki, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı məsələr vaxtında və yüksək səviyyədə həyata keçirilsin.
Azərbaycan dilini sevmək və sevdirmək, onu hər zaman uca tutmaq hamı üçün bir vətəndaşlıq borcudur. Çünki,
Kim danışa bilirsə Azərbaycan dilində,
Demək, danışa bilər bütün dünya dilində,
bütün cahan dilində.
Bu dil sevgi dilidir, anamızın dilidir, atamızın dilidir,
Saçağı tel-tel olmuş bayraq dilidir bu dil.
Bu dildə müasir Azərbaycan dövlətinin qurucusu, dünyaca məhşur siyasətçi, ümummilli lider Heydər Əliyev qürurla, iftixarla, böyük fəxarət hissi ilə “Mən Azərbaycanlıyam” kəlməsini dünyanın hər bir guşəsində bəyan etdi. O,
Hər dəfə ucalırdı göyün yeddi qatına
Xalqın adını çəkib “Azərbaycan” deyəndə,
Saf poladdan tökülmüş heykələ bənzəyirdi
Azərbaycan eşqinə vətənə “can!” deyəndə.
Ulu öndər tərəfindən müəyyənləşdirilmiş xəttə sadiqlik nümunəsi göstərərək bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ana dilimizin keşiyində sədaqətlə dayanmış, tarixi əhəmiyyətli məlum sərəncam və fərmanlar imzalayaraq onun qorunması, istifadəsi və tətbiqi işinə xüsusi töhfələr bəxş etmiş, bu dildə Azərbaycan dilini və Azərbaycanı şərəflə, vüqar və ləyaqətlə dünyanın hər yerində təmsil edir.
.
Həbib Adil oğlu Mirzəyev,
Azərbaycan Texniki Universitetinin
Humanitar fənlər kafedrasının müdiri,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
“Ziya”
.