AzTU-da Bilik Günü qeyd olunub

2 min read

AzTU-da Bilik Günü və yeni tədris ilinin başlanmasına həsr olunan tədbir keçirilib.

Tədbirdə rektor Vilayət Vəliyev, müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Aerokosmik Agentliyinin direktoru Natiq Cavadov, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Qəzənfər Ağayev, universitetin müəllim-tələbə heyəti və valideynlər iştirak edib.

Bilik Günü münasibətilə təbriklərini çatdıran rektor Vilayət Vəliyev tələbələri yenidən universitetdə görməkdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, bu il AzTU-nun bakalavriat səviyyəsinə 2300-ə, magistratura səviyyəsinə isə 1700-ə yaxın tələbə qəbul olunub. Vilayət Vəliyev deyib ki, universitetdə hər il müxtəlif reformalar aparılır ki, bu da tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Yeni tədris ilindən AzTU daha bir ikili diplom proqramının icrasına başlayır. Belə ki, Qazi Universiteti ilə birgə yerinə yetirilən ikili diplom proqramında elektrik və elektronika mühəndisliyi ixtisası üzrə kadrlar hazırlanacaq. Rektor bildirib ki, AzTU-nun Avropanın bir sıra universitetləri ilə ikili diplom proqramları istiqamətində əməkdaşlığa başlaması da nəzərdə tutulur.

Daha sonra çıxış edən müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov da tələbələri və akademik heyəti təbrik edib. Bildirib ki, AzTU regionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitetdir. Müdafiə sənayesi üzrə kadrlar AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsində hazırlanır və bütün tələbələr Müdafiə Sənayesi Nazirliyi tərəfindən işlə təmin olunur.

AzTU-ya yüksək balla qəbul olunan tələbələr adından çıxış edən Nərmin Süleymanova bildirib ki, bu universitetdə təhsil almaq onun arzusu olub. Qeyd edək ki, Nərmin Süleymanova Ankara Universiteti ilə birgə kompüter mühəndisliyi ixtisası üzrə yerinə yetirilən ikili diplom proqramına qəbul olunub.

Tədbirin sonunda AzTU-ya yüksək balla qəbul olunan tələbələrə hədiyyələr təqdim olunub.

“Ziya”

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *