Ankarada “100 il: Türkiyə Cümhuriyyəti və Ümummilli Lider Heydər Əliyev” mövzusunda konfrans keçirilib
2 min readAzərbaycanın Türkiyədəki səfirliyi, Hacettepe Universiteti və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Hacettepe Universitetinin Mədəniyyət Mərkəzində “100 il: Türkiyə Cümhuriyyəti və Ümummilli Lider Heydər Əliyev” mövzusunda konfrans keçirilib.
Konfransda açılış nitqi ilə çıxış edən Hacettepe Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit Güran Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyatlarını ölkələrinin müstəqilliyinin və şərəfinin qorunmasına həsr etdiklərini bildirib. Azərbaycanın Qarabağı, Şuşanı işğaldan azad etməsinin xoşbəxtliyini hiss etdiklərini qeyd edən Güran bu həmrəyliyin və rəğbətin uzun illər davam etməsini arzulayıb.
AzTU-nun rektoru Prof. Dr. Vilayət Vəliyev Ankarada təşkil olunan konfransın əhəmiyyətindən danışıb. Rektor bildirib ki, böyük şəxsiyyətlər Mustafa Kamal Atatürk və Heydər Əliyev xalqların ən çətin, ehtiyac duyduğu zamanda onların yanında olub. Vilayət Vəliyev deyib ki, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Həm Ümummilli Liderin anadan olmasının 100 illiyi, həm Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi qardaş ölkələr üçün mühüm tarixlərdir.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, Mustafa Kamal Atatürk və Heydər Əliyev ən çətin dövrdə öz ölkələrinə sahib çıxıblar. Səfir deyib ki, Türkiyə-Azərbaycan qardaşlığı dünya üçün, türk dünyası üçün nümunədir. Rəşad Məmmədov Türkiyə ilə Azərbaycanın eyni ruh və fəlsəfəyə malik olduğunu və bu cür başqa iki ölkənin olmadığını qeyd edib.
Çıxışlardan sonra konfrans Hacettepe Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Prof. Dr. Yonca İldeşin moderatorluğu ilə panel iclasla davam edib. İclasda Bilkent Universitetinin Nanotexnologiya Tədqiqat Mərkəzinin müəllimi Prof. Dr. Əmrulla Mehmetov Ulu Öndərin Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsindəki xidmətlərini konkret faktlarla diqqətə çatdırıb. Hacettepe Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Özləm Pınar isə Azərbaycan və Türkiyə əlaqələri barədə geniş məruzə ilə çıxış edib.
Konfrans konsert proqramı ilə davam edib.