AzTU-nun rektoru startapları ilə məşhurlaşan AzTU tələbələrini qəbul edib
2 min readAzərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev son günlər hazırladıqları startapları ilə məşhurlaşan AzTU-nun “InTech” komandasının üzvləri Nəqliyyat və logistika fakültəsinin IV kurs tələbəsi Mirsahib Ağazadə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin III kurs tələbəsi Ömər Ələsgərov və Energetika və avtomatika fakültəsinin I kurs tələbəsi Sübhan Ələsgərlə görüşüb.
Rektor Azərbaycanda ilk dəfə doğma ana dilimizdə proqramlaşdırılan 3D printer hazırladıqlarına görə tələbələrə təşəkkür edib. Bildirib ki, bu layihədə AzTU-nun mentorlarının tələbələrlə birgə fəaliyyət göstərməsi təqdirəlayiqdir. Bu həm də universitetdə tələbə-müəllim münasibətlərinin inkişaf etdiyini göstərir. Rektor tələbələrin yeni layihələrinin həyata keçirilməsi üçün universitetdə bütün şəraitin yaradılacağını da qeyd edib.
Tələbələr də öz növbəsində onların hazırladıqları layihələrə diqqət göstərdiyi üçün rektor Vilayət Vəliyevə təşəkkür ediblər. Qeyd olunub ki, Azərbaycan dilində proqramlaşdırılan 3D printer təhsil müəssisələri və şəxsi istifadə üçün nəzərdə tutulub. Artıq bununla bağlı bir neçə sifarişin qəbul olunduğu da diqqətə çatdırılıb.
Qeyd edək ki, AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə keçirilən görüşün sonunda tələbələrə təşəkkürnamə və mükafat təqdim olunub.
.